Əsas Səhifə > Partiya > YAP "AZADLIQ" RADİOSUNDAN MSK-YA ŞİKAYƏT ETDİ
YAP "AZADLIQ" RADİOSUNDAN MSK-YA ŞİKAYƏT ETDİ25-09-2013, 12:01 |
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov "Azadlıq" radiosunun qanuna zidd olaraq, Azərbaycanda seçkiqabağı təşviqat aparması ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məktub ünvanladı. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib. Məktubda bildirilir ki, xarici dövlət tərəfindən maliyyələşdirilməklə Azərbaycanda fəaliyyət göstərən "Azadlıq" radiosu Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanda seçkiqabağı təşviqat aparır. Hətta radio internet səhifəsində xüsusi "Seçki-2013" bölməsi yaradaraq burada "namizədi tanı" keçidləri təşkil edir, yaydığı məlumatlarda və verilişlərdə qanunvericiliyin tələblərini və peşə kodeksini ciddi şəkildə pozaraq konkret namizədin xeyrinə təşviqatla məşğul olur. Qeyd edək ki, Seçki Məcəlləsinin 74-cü maddəsinin 4-cü bəndinə əsasən seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması, bu Məcəllənin 90-cı maddəsinin 2-ci bəndində göstərilən subyektlərə, yəni xarici dövlətlərə və xarici hüquqi şəxslərə qadağan edilir. "Azadlıq" radiosunun internet səhifəsində göstərilir ki, bu radio ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır və təbliğat aparmamaq öhdəliyi var. Eyni zamanda orada bildirilir ki, "Azadlıq" radiosu konkret siyasi və ya qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya aparmır (http://www.azadliq.org/info/about_us/327.html). Geri qayıt |