Əsas Səhifə > Sosial, Manşet > HACI İBRAHİM NEHRƏMLİDƏN FONDA ŞİKAYƏT OLUNDU

HACI İBRAHİM NEHRƏMLİDƏN FONDA ŞİKAYƏT OLUNDU


25-09-2013, 12:18
HACI İBRAHİM NEHRƏMLİDƏN FONDA ŞİKAYƏT OLUNDU
İŞ ADAMI: «İNANIRAM Kİ, MEHRİBAN XANIM BU HAQSIZLIĞI DURDURACAQ»

DİA.AZ: - Qazax rayonundan olan iş adamı Elşad Məmmədovun yarım milyon manata yaxın vəsaitinin «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli tərəfindən fırıldaq yolu ilə ələ keçirilməsi barədə mətbuatda yetərincə yazılıb. DİA.AZ-a bu barədə danışan sahibkarın özü bildirir ki, bir neçə gün əvvəl problemi ilə bağlı Heydər Əliyev Fondunda qəbulda olub.

Sahibkarın sözlərinə görə, qəbul zamanı onun şikayəti dinlənilib və 10 gün ərzində ona cavabın veriləcəyi söylənilib.

Onun sözlərinə görə, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin bacanağı Emil tağıyevdən iki dənə mənzil alıb: “İki mənzilə 355 min manat pul ödədim. Bir müddət sonra isə bu mənzillər başqasına verildi. Bunu satan sə Hacı İbrahimin adamları oldu. Bir sözlə o bacanağının verdiyi sənədi qanunsuz hesab etdi”.

Əlində aldığı mənzillərin sənədi, ödədiyi pulların qəbzi olduğunu bildirən sahibkar onu da qeyd etdi ki, məsələ ilə bağlı məhkəmə də olub: “Ancaq məhkəmə Hacı İbrahimin xeyrinə qərar çıxardı”.

Hər yerdən əli üzülən Elşad Məmmədov son ümid yeri kimi Heydər Əliyev Fonduna üz tutduğunu söylədi: «Mən inanıram ki, Mehriban xanım mənə və ailəmə qarşı bu ədalətsizliyi, haqsızlığı durduracaq. Mənim öhdəmdə 3 körpə uşaq var və eyni zamanda məcburi köçkün düşən qohum ailə də mənim himayəmdədir. Yəni əslində məndən oğurlanan pullar həmin körpələrin, qaçqın ailəsinin də haqqının yeyilməsidir.

Ola bilsin ki, bu gün ada tikən Hacı İbrahim Nehrəmli hansısa imtiyazlara malikdir və buna görə ona kimsə söz deyə bilmir. Amma bu halda belə, mən inanıram ki, Mehriban xanım başıma açılan oyunlara göz yummayacaq, problemin həllində dəstəyini əsirgəməyəcək».

Geri qayıt