Əsas Səhifə > Partiya > ELXAN ŞÜKÜRLÜ HƏYƏCAN TƏBİLİ ÇALIR

ELXAN ŞÜKÜRLÜ HƏYƏCAN TƏBİLİ ÇALIR


14-09-2011, 14:45
ELXAN ŞÜKÜRLÜ HƏYƏCAN TƏBİLİ ÇALIR

PARTİYA SƏDRİNİN MÜAVİNİ HƏBS OLUNCAĞINDAN EHTİYATLANIR

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün həbsinə hazırlıq görülür. Bu barədə E. Şükürlü özü məlumat verib. Şükürlünün sözlərinə görə, iki gündür müxtəlif kanallarla onun və yaxın qohumlarının yaşadıqları ünvanlar, eləcə də əlaqələri araşdırılır, keçmiş fəaliyyətləri təftiş olunur.

E. Şükürlünün bildirdiyinə görə, buna səbəb Rəsul Quliyevin kitabının Azərbaycanda nəşrində və yayılmasında onun nə kimi rolunun olduğunu öyrənməkdir: “Əslində, burada hədəf mən yox, mənimlə hər hansı formada qohumluğu, dostluğu və ya ünsiyyəti olan şəxslərdir. Hətta hansısa uzaq qohumumun toy kassetlərini də araşdırırlar ki, görək, Rəsul Quliyevi müdafiə edən Elxanla bunların nə əlaqəsi var? Hakimiyyət içərisində Rəsul Quliyev adından xoflanan bəziləri Naxçıvan əsilli bu şəxsləri Rəsul Quliyevə bağlayıb vurmaq, ləkələmək istəyirlər. Bildiyimə görə, mənim fəaliyyətimin nəzarətə götürülməsinin kökündə də bu amil durur”.

E. Şükürlünün sözlərinə görə, onun fəaliyyətinin nəzarətə götürülməsində vaxtilə əleyhinə yazdığı dövlət qurumlarından biri daha çox fəallıq göstərir: “İki gün ərzində qonşular vasitəsi ilə yaşadığım həyətdə kimin mənzilində qaldığım, həmçinin evini mənə kirayə vermiş şəxsin koordinatları öyrənilib. Eyni vaxtda, mətbuatda bu quruma yaxınlığı ilə tanınan jurnalistlər vasitəsiylə Rəsul müəllimin kitabını haradan əldə etməyin mümkünlüyü, satışı və ya paylamanı kimin həyata keçirdiyini öyrənməyə səy göstərirlər”.

E. Şükürlü təmsil olunduğu Ədalət Partiyasının tələm-tələsik Rəsul Quliyevin əleyhinə bəyanatla çıxış etməsini də bu prosesin tərkib hissəsi sayır: “Görünür, hakimiyyətdən partiya rəhbərliyinə təzyiqlər olub, onlar da vəziyyətdən çıxış yolunu Rəsul Quliyevin və Əli Kərimlinin əleyhinə bəyanat səsləndirməkdə və “İslahat” blokunda fəaliyyət göstərəcəklərini bir daha elan etməkdə görüblər. Yəni, hakimiyyətə izahat veriblər ki, Elxan Şükürlünün mövqeyini bölüşmürük, o, bizlik deyil”.

E. Şükürlü həbs olunmasa, “Ədalət”in bu il keçirilməli olan qurultayında partiya rəhbərliyinin dəyişdirilməsi tələbini qoyacağını və özünün namizədliyini irəli sürəcəyini də bildirib.


Geri qayıt