Əsas Səhifə > Partiya > "ƏBÜLFƏZ ELÇİBƏYƏ GÜZƏŞTƏ GETMƏYƏN İSA QƏMBƏR"...
"ƏBÜLFƏZ ELÇİBƏYƏ GÜZƏŞTƏ GETMƏYƏN İSA QƏMBƏR"...26-09-2013, 12:01 |
Cəmil Həsənlinin namziədliyi 2013-cü ilin prezident seçkilərinin bütün günahlarının onun üzərinə atılması üçün irəli sürülüb. Bu barədə Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O hesab edir ki, Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi bir siyasi gedişdir: "Mən heç vaxt inanmaram ki, İsa Qəmbər öz prezidentlik arzusunu Cəmil Həsənliyə bağışlasın, ona güzəşt etsin. Bunlar sadəcə ümid edirdilər ki, Rusiya bunları hakimiyyətə gətirəcək və beləliklə, hər hansı bir vəzifə sahibi olacaqlar. Sonda isə Rusiyanın əlində adi bir təzyiq aparatına döndüklərini görəndən sonra Cəmil Həsənlini qabağa verib bütün məsuliyyəti onun üzərinə yönəltmək istədilər". N.Orduxanlı qeyd edib ki, Rəsul Quliyev də onların Cəmil Həsənliyə güzəşt etmədiklərini bilir: "O yaxşı bilir ki, Əbülfəz Elçibəyə güzəştə getməyən İsa Qəmbər ömründə heç kimə güzəştə getməz. Elçibəyin İsa Qəmbərin üzərində bir mənəvi haqqı var idi, amma 1998-ci ilin prezident seçkilərində o, Elçibəyə güzəşt etmədi. Yəni İsa Qəmbərin prezidentlik arzusu o qədər böyükdür ki, o heç doğma adamlarına güzəştə getməzdi". BAXCP sədr müavininin sözlərinə görə, Rəsul Quliyev də bütün bunların seçkinin məsuliyyətini yönəltmək üçün qurulmuş oyunlar olduğunu bilir və ona görə də danışıqlarında onları ələ salır: "Bilirsiniz ki, Cəmil Həsənli üçün imzatoplama kampaniyasına nə Rəsul Quliyev, nə Mirmahmud Mirəlioğlu, nə Lalə Şövkət dəstək verdi. Hətta onlar özləri belə Cəmil Həsənlinin namizədliyi üçün imza atmadılar. Bütün bunlar onların sadəcə seçkinin sonunu gözlədiklərini və bu məsələylə də Cəmil Həsənlinin üzərindən nöqtə qoymaq istədiklərini göstərir. Yəni, bu şəxslər yaxşı bilirlər ki, onların namizədi bu seçkilərdə 1 faiz də səs toplaya bilməyəcək". Geri qayıt |