Əsas Səhifə > Sosial, Manşet > İKİ NAZİRİN ORTAQ SOYUDUCU BİZNESİ

İKİ NAZİRİN ORTAQ SOYUDUCU BİZNESİ


18-01-2012, 13:36
İKİ NAZİRİN ORTAQ SOYUDUCU BİZNESİ

RƏQİBLƏRİ İSMƏT ABBASOVU SIRADAN ÇIXARMAQ NİYYƏTİNDƏDİRLƏR

DİA.AZ: - Hələ 2008-ci ilin prezident seçkiləridə kənd təsərrüfatı naziri İsmət Abbasovun görəvindən alınacağı söylənilirdi. Xatırladaq ki, onunla bərabər həmin dönəmlərdə iqtsadi inkişaf naziri Heydər Babayev də hədəfdə idi. Hətta bəzi prezidentliyə namizədlər açıq-aşkar bu iki nazirin üzərinə yeriyirdilər ki, onların da hakimiyyətyönlü olmaları artıq hər kəsdə belə bir qənaət yaratmışdı ki, Heydər Babayevlə İsmət Abbasov vəzifələrindən alınacaq.

Amma gözləntilər özünü tamamilə doğrultmadı. Heydər Babayev yola salınsa da, İsmət Abbasov günü bu gün də vəzifə başındadır. Doğrudur, həmin ərəfədə qəzetlərdə belə bir məlumat yayıldı ki, İsmət Abbasovun vəzifədə saxlanılması şərtli olub və hətta bunun müqabilində nazir «obşıy katyol»a külli miqdarda «kompensasiya» da ödəyib.

İndi isə yenidən İsmət Abbasovla bağlı məlumatlar ötürülür. Artıq hakimiyyət dəhlizlərində də belə bir rəy yaradılır ki, KTN şefi «Avroviziya-2012» mahnı yarışmasına qədər vəzifə başında qalmayacaq. Bu məsələyə keçməzdən öncə bu günlərdə açıqlanan və İsmət Abbasovun da iştirakçısı olduğu bir korrupsiya faktını diqqətinizə çatdırırıq. Beləliklə…

Verilən məlumatlarda bildirilir ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xaricdən gətirdiyi və meyvə-tərəvəzlərin, heyvandarlıq və quşçuluq məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducların alıcısı yoxdur. Belə ki, sahibkarlar həmin soyuduculara maraq göstərmədiyindən səhmdar cəmiyyətin sədri ilə onunla ortaq fəaliyyətdə olan kənd təsərrüfatı naziri İsmət Abbasov pis durumda qalıb. Məlumatı redaksiyamıza aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan oxucularımızdan biri bildirib.

Onun iddiasına görə, həmin soyuducular istehsal olunduğu ölkədən yetərincə ucuz qiymətə alınır və burada yerli sahibkarlara baha qiymətə satılmaq istənilir: "Sahibkarlar da bu durumdan xəbərdar olduqları üçün həmin soyuducuları almağa maraq göstərmirlər. Axı biz nəyə görə göz-görəti aldanmağa razılaşmalıyıq?"

Onu da bildirək ki, bir neçə gün əvvəl yerli telekanalların birində bu soyuducu ilə bağlı şou da göstərildi. Guya ki, rayon sahibkarlarından biri birbaşa olaraq nazirlikdə 10 min manat ödəyərək güzəştli kreditlə həmin soyuducuya sahib olur. Belə aydın olurdu ki, soyuducu sahibkarlara GÜZƏŞTLƏ 100 min manata satılır. Halbuki həmin soyuducuların məsələn, qonşu Gürcüstanda 70 min ABŞ dollarına gürcü sahibkarlara təklif edilməsi faktı mövcuddur.

Həmsöhbətimiz qeyd edib ki, əksər sahibkarların belə soyuducular gətirməyə imkanları çatır: "Hətta buna cəhd edənlər də olub. Amma nazir İsməğt Abbasovla səhmdar cəmiyyət sədri Əli Bayramov bu işə əl qoyublar, onlardan kənarda kimlərinsə belə soyuducuları ölkəyə gətirilməsinə izn verilmir".

Sahibkar həmçinin bildirib ki, artıq gətirilən soyuducuların sahibkarlar tərəfindən alınmadığını və faktiki olaraq boykot edildiyini görən "Aqrolizinq" "şef"i onları başda dövlət televiziyası olmaqla, ölkə telekanallarında reklam etdirir: "Amma yenə də fermerlər, sahibkarlar bu saxlama kameralarına heç bir maraq göstərmirlər. Hətta başqa inzibati yollara da əl atılır ki, sahibkarlar onları alsın, nəticə vermir. Sadəcə, bəzi cəsarətsiz, təzyiqdən çəkinən fermerlər məcburiyyət qarşısında qalıb o soyuduculardan alırlar, amma bu, kütləvi olmadığından Əli Bayramovla İsmət Abbasovu qane etmir".

Xatırladaq ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətği rüşvət və korrupsiya faktlarına görə davamlı olaraq ölkə mətbuatının tənqid hədəfidir. Qurumda bu cür halların geniş yayılması hələ iki il əvvəl Prezident Administrasiyasının (PA) Dövlət Nəzarət Şöbəsi Azərbaycanda aqrar sektorda baş alıb gedən korrupsiya barədə sensasion faktlarla dolu hesabatında da rəsmən təsdiq edilib.

Amma açıq səhmdar cəmiyyəyətdən bu cür faktların davamlı şəkildə gəlməsi, həmin faktlarda səhmdar cəmiyyət sədri Əli Bayramovla qurumun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İsmət Abbasovun adlarının qoşa hallanması onların nə haqqında danışılan rəsmi hesabatdan, nə də KİV-in ardıcıl tənqidlərindən nəticə çıxarmadıqlarını sübut edir.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, soyuducu biznesinə girişən İsmət Abbasov hətta bu məqsədlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da şərik gedib. Mənbənin söylədikləri: «KTN şefi Heydərovun nəzarət zonası hesab olunan gömrüklə bağlı işlərinin çox olması səbəbindən məcburdur ki, onu da özünə ortaq etsin. Təbii ki, öütün bunlar qeyri-leqal əməliyyatların ört-öasdır edilməsi səbəbindən baş verir. Əks halda KTN-nin Kəmaləddin Heydərovun qılıncının altından keçməsinə ehtiyac yoxdur. Ən azından ona görə ki, KTN-yə aid məhsulların idxalı zamanı dövlətin müvafiq güzəştləri yetərincədir».

Mənbəmizə görə, amma buna baxmayaraq İsmət Abbasovun Kəmaləddin Heydərovla sövdələşməsi bəzi hakimiyyətiçi qruplaşmaların qəzəbinə səbəb olub: «Təbii ki, bu işdə maraqlı oln yetərincə şəxslər var və onlar İsmət Abbasovun yerinə kadr hazırladıqlarından bu işdən də yararlanmağı düşünürlər. Çünki nazirlərin ortaqlığı heç də aşkar surətdə baş vermir və iki nazir əl-ələ verərək, əslində büdcəni və yerli sahibkarları talamaqla məşğuldurlar».

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, artıq soyducu qalmaqalı yetərincə şişib və bu işin korrupsiyaya qarşı mübarizə idarəsinin də diqqətlərini cəlb edəcəyi an uzaqda deyil: «Bütün kampramat xarakterli materiallar gərəkən ünvanlara çatdırılıb. Əgər İsmət Abbasovun gedişi planlaşdırılırsa, bunun üçün yetərincə əsas var».

Mövzu ilə bağlı yazıda adları hallandırılan tərəfləri də dinləməyə hazırıq.


Geri qayıt