Əsas Səhifə > Gündəm, Manşet > ARİF QARAŞOVUN BAZARINA ƏL QOYULDU
ARİF QARAŞOVUN BAZARINA ƏL QOYULDU19-01-2012, 12:42 |
HƏBSDƏN QURTULAN KEÇMİŞ XİDMƏT RƏİSİ İTİRƏ-İTİRƏ GEDİR DİA.AZ: - Bildirək ki, Bakının Yasamal rayonu ərazisində yerləşən "Şüşəli bazar" 2005-ci ildən fəaliyyətini dayandırıb. Məlumata görə, bazarın ərazisi 2010-cu ildən hasara alınıb. Amma orada heç bir iş aparılmır. Bəs bazarın taleyi necə olacaq? Yasamal rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin Rafiq adlı əməkdaşı "Şüşəli bazar"ın fəaliyyətini çoxdan dayandırdığını təsdiqləyib: "Ərazi hasara alınıb. Bazar dövlət mülkiyyəti deyil. O, özəlləşdirilib. Yəqin ki, bazarın hasara alınmasına səbəb onun söküləcəyidir. Düşünürəm ki, bazar söküləcək və onun yerində başqa obyekt tikiləcək. Amma orada konkret hansı obyektin inşa olunacağını bilmirəm". Onu da bildirək ki, paytaxt ərazisində "Şüşəli bazar" adı ilə tanınan bazar ətrafında xeyli vaxtdır söz-söhbət dolaşır. Hüseyn Cavid prospektində yerləşən bu köhnə tikilinin yerinin bir müddət öncə imkanlı bir şəxs tərəfindən alınaraq ərazidə çoxmərtəbəli bina tikiləcəyi deyilirdi. Ətrafda yaşayan sakinlərin narazılığına səbəb olan bu məsələnin reallaşması yubandı və sonda deyilənlərin reallığı əks etdirmədiyi məlum oldu. Son vaxtlar yenə də sözügedən bazarın söküləcəyi ilə bağlı məsələ gündəmə gəlib. Yayılan məlumatlara əsasən, sovet dönəmindən qalan bir çox tikintilər kimi, bu binanın da ömrünə az qalır. Deyilənə görə, 50-ci illərdə inşa edilən bu obyekt yaxın zamanlarda söküləcək. Bu barədə yayılan xəbərlər isə ətrafda yaşayanlar arasında söz-söhbətin yaranmasına səbəb olub. Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həqiqətən də tezliklə "Şüşəli bazar" adı ilə tanınan köhnə bina tamamilə söküləcək. Ancaq onun yerində nə çoxmərtəbəli bina, nə də digər bir ticarət obyekti inşa olunacaq. Nəzərdə tutulub ki, sözügedən bazarın yerində əhalinin istirahətini təmin etmək üçün kiçik bir bağ salınsın. Amma bununla bağlı redaksiyamıza tamam fərqli bir məlumat daxil olub. Elə Yasamal rayon icra hakimiyyətindəki məlumatlı qaynaqların qeyri-rəsmi olaraq “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdiklərindən belə aydın olur ki, bazarın yerində heç də bağ salınmayacaq və artıq bazarın taleyinə aydınlıq gətirilib: “Bazarın yerində Ticarət Mərkəzi inşa olunacaq. Özünüz düşünün, özəlləşdirilən bir ərazidə necə ola bilər ki, bağ salınsın. Hər halda bazarı satın alan şəxs dəli deyil ki, pulunu bir parkın salınması üçün havaya sərf etsin”. Mənbəmiz bildirdi ki, bazar zamanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşov tərəfindən özəlləşdirilsə də, sonradan onun əlindən alınıb: “Bazarla bağlı qərarsızlıq da buradan qaynaqlanır. Artıq Arif Qaraşov bazarı yeni sahiblərinə təhvil verib”. Onu da xatırladaq ki, bir müddət əvvəl, daha dəqiqi hakimiyyətin start düyməsini basdığı anitkorrupsiya tədbirlərinin ilk günlərində belə bir məlumat da yayılmışdı ki, keçmiş Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırmalara başlanılıb. Hətta bir ara sözügedən quruma rəhbərlik etmiş Arif Qaraşovun həbsi xəbəri də yayıldı ki, sonradan bu məlumatlar özünü doğrultmadı. Amma Arif Qaraşovun durumunun o qədər də münasib olmaması elə həmin ərəfədəcə də təsdiqləndi. Keçmiş məmurun təzyiqlərlə üz-üzə qaldığı haqda məlumatlar yayan dövrü mətbuatda bildirilirdi ki, vəziyyət o qədər gərgindir ki, Qaraşov hətta səhhətində problemlərdən dolayı Rusiya paytaxtında uzun müddət qalmalı olub. Hal-hazırda isə Arif Qaraşovun daha çox Şamaxıdakı villasında vaxt keçirdiyi bildirilir. Amma ona qarşı hücumlar səngiməyib. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər qaynaqların bildirdiklərindən belə məlum olur ki, sabiq xidmət rəisinə məxsus obyektlərin bəziləri artıq ondan alınıb: «Konkret olaraq Yasamal rayonu ərazisində yerləşən «Ekspress Kafe» və onun yaxınlığındakı «Baza Pitseriya» Arif Qaraşovun əlindən alınıb. Sabiq xidmət rəisinin digər obyektlərinə də əl qoyula bilər». Məlumatlı mənbə bildirir ki, əslində bu yolla Qaraşov canını qurtarmış olur: «Məlumdur ki, görəv başında olarkən Arif Qaraşov kifayət qədər gəlir əldə edə bilmişdi və hal-hazırda onun varidatının 5 milyon ABŞ dollarına yaxın olduğu bildirilir. Təbii ki, belə bir sərvətin hakimiyyətin nəzarətindən kənarda qalması imkansızdır. Ona görə də Qaraşov əlində olanı vermək zorundadır». Məlumatlarda o da qeyd olunur ki, əslində bir müddət əvvəl sabiq xidmət rəisi həbs olunmalı idi: «O, həbsdən yaxasını əlində olan sərvətdən vaz keçməklə qurtardı. Və bu günlərdə ona aid olan daha 3 obyekt məmurlardan birinin ixtiyarına veriləcək». Son məlumatlardan isə aydın olur ki, Arif Qaraşovun həmin 3 obyektindən biri elə “Şüşəli vazar”dır və o da bu günlərdə əlindən alınıb. Bazarın yeni sahibinin kimliyi barədə isə təəssüflər olsun ki, heç bi məlumat ala bilmədik. Bizi izləyin... Geri qayıt |