Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ BAŞ MEMAR İCRA BAŞÇISINI NİYƏ HƏDƏLƏYİB?

KEÇMİŞ BAŞ MEMAR İCRA BAŞÇISINI NİYƏ HƏDƏLƏYİB?


2-10-2013, 10:37
KEÇMİŞ BAŞ MEMAR İCRA BAŞÇISINI NİYƏ HƏDƏLƏYİB?
İSMAYIL VƏLİYEVİN VƏZİYYƏTİ AĞIRLAŞA BİLƏR: İŞ MƏHKƏMƏDƏDİR

DİA.AZ: - Məlum olduğu kimi, avqust ayının əvvəlləri sahibkarların şikayəti əsasında vəzifəli şəxs barəsində cinayət işi başlanıldı. Məlumatlarda deyilirdi ki, Neftçala şəhərinin baş memarı Rüstəm Tahirov Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 178.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinir. Baş memarın barəsində başlanmış cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, R. Tahirov barəsində cinayət işi bir neçə sahibkarın şikayəti əsasında başlanıb. Belə ki, R. Tahirov rayonda sahibkarlıqla məşğul olan şəxslərə məxsus ticarət obyektlərinin sökülməsinə göstəriş verib. Obyektlərinin sökülməməsi müqabilində onlardan pul tələb edildiyi üçün həmin sahibkarlar şəhərin baş memarından prokurorluğa şikayət ediblər. Sahibkarın şikayəti araşdırılıb və fakta hüquqi qiymət verilib.

R. Tahirov barəsində cinayət işi başlanmaqla yanaşı, o tutduğu vəzifədən də uzaqlaşdırılıb. Lakin R. Tahirov barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, bu ilin yanvarında Neftçala şəhərində bir qrup sahibkarla şəhərin baş memarı Rüstəm Tahirov arasında qarşıdurma yaranması barədə mətbuatda məlumat verilib. Və nəticədə qəzəblənən sahibkarlar baş memarın qiyməti 100 min manat dəyərində olan maşınını belə yandırmışdılar. Amma həmin ərəfədə Neftçaladan bu məlumat təkzib olundu, hətta icra başçısı İsmayıl Vəliyev də Rüstəm Tahirova sahib çıxaraq, hadisənin baş vermədiyini iddia etdi.

Lakin ortaya konkret faktlar da qoyuldu ki, bu da İsmayıl Vəliyev üçün yetərli olmadı. Bunun nədənləri isə aydın idi. DİA.AZ-a verilən məlumatlardan da bəlli olur ki, əslində İsmayıl Vəliyevin Rüstəm Təhirovla özəl münasibətləri var və Tahirov icra başçısının «kassiri» kimi tanınıb. Yəni bu gün hətta açılan cinayət işinin də əsas günahkarı elə icra başçısının özüdür və ona görə də İsmayıl Vəliyev Rüstəm Tahirovu qorumaq zorundadır. Ən azından ona görə ki, baş memar icra başçısının göstərişlərini həyata keçirib.

Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, vəziyyətin daha da qəlizləşdiyini görən baş memar onu həbsdən qurtarmasına baxmayaraq, barəsində açılmış cinayət işinin daha ağır nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq icra başçısının əleyhinə ifadə verməyə hazırlaşır. Məlumatı verən mənbəyə görə, bununla bağlı keçmiş baş memar hətta İsmayıl Vəliyevə ismarıcını da yollayıb.

Geri qayıt