Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİKAYIL CABBAROVU İCRA BAŞÇISI DA SAYA SALMIR

MİKAYIL CABBAROVU İCRA BAŞÇISI DA SAYA SALMIR


2-10-2013, 11:41
MİKAYIL CABBAROVU İCRA BAŞÇISI DA SAYA SALMIR
Neftçala rayonunda icra başçısı İsmayıl Vəliyev üçün qanunlar tamamilə bir kənara atılıb. Əvəzində isə onun yerini şəxsi maraqlır tutub. Elə bu səbəbdəndir ki, təhsil nazirinin biabırçı maddə ilə işdən çıxardığı şəxsi icra başçısı əhəmiyyət vermədən yerinə qaytarıb.

TİA.AZ-a daxil olan məlumata görə, Neftçala rayon 1 saylı orta məktəbinin direktoru Alim Abdullayev hələ 2001-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən çıxarılıb. Nazirliyin 239 saylı əmri ilə işdən azad edilən keçmiş direktor isə bu yaxınlarda yenidən vəzifəsinə qaytarılıb. Və işin ən eybəcər tərəfi odur ki, icra başçısı İsmayıl Vəliyev Alim Abdullayevin əmək kitabçasına belə baxmayıb.

Əgər baxsaydı orada aşağıdakı sözlərin yazıldığına şahid olacaqdı: «Vəzifə səlahiyyətlərini aşdığına, işdə saxtakarlıq və səhlənkarlığa yol verdiyinə görə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud surətdə pozduğuna görə, Azərbayxcan Respublikası Əmək Məcəlləsinin 70-ci bəndinin Ç bəndinə əsasən 16.03.2001-ci il tarixdən tutduğu vəzifəsindən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin».

Qeyd edək ki, Alim Abdullayev əmək kitabçasına yazılmış sözlərdən canını qurtarmaq üçün 3 dəfə Apellyasiya Məhkəməsinə müraciət edib. Amma hər dəfəsində məhkəmə Təhsil Nazirliyinin qərarını qüvvədə saxlayıb. Bunun ardından üzünə günəş doğan sözügedən şəxs nəhayət, istəyinə çatıb. Amma əmək kitabçasında yazıldığı kimi, saxta yollarla. İddialara görə, Alim Abdullayev 9 aydır gözlərindən və ürəyindən müalicə alır. Dərs davamiyyəti isə ən aşağı həddədir. Çünki xəstəliyi ilə əlaqədar işdən çox otura bilmir. Amma onun işə qayıtmasının səbəbkarı kimi də humanitar məsələlər üzrə icra başçısının müavini Gültəkin Sadıqova göstərilir. Hərçənd xanım Sadıqovanın özbaşına belə bir addım ata biləcəyi inandırıcı deyil.

İndi maraqlıdır ki, icra başçısı işində yol verdiyi nöqsanı, səhlənkarlığı, öhdəlikləri yerinə yetirmədiyini və digərlərini nəzərə almaya bilərdi. Bəs, saxtakarlıq etmiş birinə məktəbi yenidən necə etibar edib? Görünür, İsmayıl Vəliyevi kiminsə saxtakar olması yox, onun pulu maraqlandırır. Əks təqdirdə, Alim Abdullayevi heç kim yenidən vəzifə başına qaytarmazdı.

Onu da xatırladaq ki, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılmış şəxslərin yenidən vəzifə başına qaytarılması mümkün deyil. Qanunla bu qadağan olunmuş bir haldır. Görünür, İsmayıl Vəliyev üçün qadağa anlayışı yoxdur, təki onun istədiyi olsun.

Geri qayıt