Əsas Səhifə > Partiya > MİLLİ ŞURA 5 OKTYABRA TƏDARÜK GÖRÜR

MİLLİ ŞURA 5 OKTYABRA TƏDARÜK GÖRÜR


2-10-2013, 12:28
MİLLİ ŞURA 5 OKTYABRA TƏDARÜK GÖRÜR
Milli Şura seçkilər dövründə 3 kütləvi mitinq keçirdi. Birinci mitinq 20-ci sahədə, digər 2 mitinq isə Yasamal rayonu ərazisindəki stadionda baş tutdu. Milli Şura seçkilərə qədər olan dövrün sonuncu mitinqini oktyabrın 5-nə təyin edib. Milli Şura üzvləri sonuncu mitinqin daha kütləvi, daha effektli olacağı qənaətindədilər.

Milli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev hesab edir ki, oktyabrın 5-də keçiriləcək mitinq əvvəlki mitinqlərdən müsbət mənada fərqlənəcək və bu mitinq seçki kampaniyasının yekunu olacaq: “Bundan əvvəlki mitinqlər də kütləvilik baxımından müsbət idi və bizim proqnozlarımızı doğrultdu. Oktyabrın 5-nə təyin etdiyimiz mitinqə qədər rayonlarda Cəmil Həsənlinin açıq və qapalı məkanlarda seçicilərlə görüşü olacaq. 5 oktyabr isə təşviqat kampaniyasının final mitinqi olacaq və bu mitinqdə Cəmil Həsənli öz vədlərini, platformasını daha geniş formada xalqa çatdıracaq və xalqa son çağırışını edəcək. Artıq sonuncu mitinqlə bağlı texniki işlər başa çatdırılıb, partiyalarda mitinqə hazırlıq iclasları keçirilib. Budəfəki mitinqdə də gənclər öndə olacaq, milli bayraqlar üstünlük təşkil edəcək və daha coşqulu yekun olacaq. Biz həm televiziya, həm də radio vasitəsilə öz seçicilərimizə müraciət edirik və insanları haqqa dəstək olmağa çağırırıq. Ümid edirik ki, vətəndaşlar bu mitinqdə də əvvəlki mitinqlərdə olduğu kimi həvəslə iştirak edəcəklər”.

Geri qayıt