Əsas Səhifə > Cəmiyyət, Manşet > SALYANDA FERMERLƏRƏ YEZİD ZÜLMÜ VERİRLƏR

SALYANDA FERMERLƏRƏ YEZİD ZÜLMÜ VERİRLƏR


2-10-2013, 16:44
SALYANDA FERMERLƏRƏ YEZİD ZÜLMÜ VERİRLƏR
NARAZI CAMAATI DİNLƏYƏN YOXDUR

DİA.AZ: - Artıq bir neçə müddətdir ki, redaksiyamıza Salyan Suvarma Sistemləri İdarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlara dair etiraz dolu müraciətlər daxil olmaqdadır. Aldığımız məlumatlarda yerli fermerlər idarənin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan şikayətlənirlər. Çoxsaylı müraciətlərdə vurğulanır ki, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Xüsusilə suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür.

Digər tərəfdən isə redaksiyamıza müraciət edən salyanlılar belə bir vəziyyətin məhz ölkədə baş verən ümumxalq əhəmiyyətli hadisələr ərəfəsində, növbəti prezident seçkilərinə hazırlıq işlərinin qızğın çağında qəsdən yaradılmasından da ciddi narahat olduqlarını vurğulayırlar. Əslində bu narahatlıq heç də ilk baxışda görünə biləcəyi qədər əsassız deyildir. Belə ki, Tahir Yusifovun fəaliyyəinə nəzər salsaq görə bilərik ki, rayon əhalisinin, xüsusilə də Salyan rayonunda kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olan fermerlərin boş yerdə yaradılan müxtəlif problemlərlə üz-üzə qoyulması heç də məqsədsiz olmaya bilər.

Qeyd edək ki, idarə rəhbərliyinin yarıtmaz fəaliyyəti, maddi və texniki resursların məqsədyönlü xərclənməməsinə dair məlumatlar redaksiyamıza yerli mənbələr tərəfindən təqdim edilmişdir. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bu isə əlbəttə ki, əhalinin maddi durumuna birbaşa mənfi təsirini göstərməyə bilməz. Beləliklə də bölgə sakinlərinin dövlət srukturlarından narazılıqları özünəməxsus formada stimullaşdırılmış olur.

DİA.AZ bildirir ki, bundan əvvəl T.Yusifov kollektorların istismarı idarəsinə rəhbərlik edirdi. Yerli fermerlər iddia edirlər ki, həmin vəzifədə işlədiyi müddətdə də Tahir müəllimin fəaliyyəti çoxsaylı problemlərlə müşayiət olunurdu. Lakin buna baxmayaraq nüfuzlu himayədarlarının dəstəyi sayəsində T.Yusifov bütün nöqsanlarına rəğmən karyera yüksəlişində növbəti mərhələyə qalxa bilmişdir. Yuxarı instansiyalarda yol verilmiş bu yanlış addım isə öz neqativ əksini Salyanın kənd təsərrüfatında artıq müşahidə olunan zəifləmələrdə tapır.

DİA.AZ-a müraciət edən narazı fermerlər həmçinin iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da burada geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Bu problem artıq ölkəyə qədəm qoymuş payız və qış aylarının gedişində özünü daha kəskin formalarda təqdim etməyə başlayıb.

Bütün bunlarla yanaşı, Salyan sakinləri onları gözləyə biləcək bütün problemlərə rəğmən ən çox yenə də məsələnin məhz siyasi çalarlar almasından narahatdlrlar. Redaksiyamıza daxil olan müraciətlərdə də vətəndaşlar ilk növbədə müvafiq instansiyalar tərəfindən Tahir Yusifovun törətməyə cəhd göstərdiyi provakasiyaların qarşısının alınması tələbini irəli sürürlər.

Geri qayıt