Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇILARININ QİYAMI GÖZLƏNİLİR
İCRA BAŞÇILARININ QİYAMI GÖZLƏNİLİR20-01-2012, 12:12 |
BİR NEÇƏ RAYONDA MƏMMƏDƏMİN RƏSULZADƏYƏ ANIM TÖRƏNLƏRİ TƏŞKİL EDİLƏCƏK DİA.AZ: - Hakim Yeni Azərbaycan Partiyasının və iqtidar cinahının 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Məmmədəmin Rəsuzladəyə hansı münasibətdə olduğu hər kəsə məlumdur. YAP iqtidarı ilk hakimiyyət günlərindən Rəsulzadə şəxsiyyətinə qarşı mübarizə aparmış, onun adının silinməsi, unudulması yolunda 70 illik sovet rejimindən az iş görməmişdir. Bunun da nəticəsidir ki, bu gün gənclərimizin böyük əksəriyyəti Rəsulzadə kimliyindən xəbərsizdirlər. Bunun qarşılığında isə YAP öz ideyalarını və ideallarını alt şüura yeritməklə məşğuldur. Amma deyəsən, hakim cinaha aid hər kəs bu şəkildə düşünmür. Bunu redaksiyamıza iqtidara aid çevrələrdən sızan məlumatlar da təsdiqləyir. Belə ki, mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürdüyü məlumatlarda deyilənə görə, hakimiyyət içində hazırki idaretməyə, daha doğrusu, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı olan qüvvələr var və onlar özlərini 31 yanvar tarixində nümayiş etdirəcəklər. Təbii ki, həmin bu tarix təsadüfən seçilməyib. Bu tarix Məmmədəmin Rəsulzadənin doğum günüdür və bu il AXC-nin banilərindən olan tarixi liderimizin 128 yaşı tamam olur. Mötəbər mənbələrin bildirdiklərindən belə aydın olur ki, 31 yanvar tarixində Rəsulzadənin 128 yaşı bir neçə rayonda yerli rəhbərlik tərəfindən ən yüksək səviyyədə təşkil olunacaq: «Həmin rayonların icra başçıları antiMehdiyev qrupuna bağlıdırlar və onlara qrup liderlərindən bununla bağlı təlimatlar verilib». Mənbəmiz bildirir ki, konkret olaraq Sabirabad rayonunda böyük bir törən hazırlanır. Onu da xatırladaq ki, digər rayonlardan və ölkə paytaxtından fərqli olaraq Sabirabadda icra hakimiyyətinin binası qarşısında da Rəsulzadənin heykəli ucalmaqdadır. Məlumatlardan aydın olur ki, Sabrabad rayonu ilə yanaşı, anoloji tədbirlər Kəmaləddin Heydərovun nəzarətində olan rayonlarda da təşkil olunacaq: «Buna icra başçılarının antiMehdiyev siyasətinə üsyanı da demək olar. Çünki çox ciddi hazırlıq gedir. Və hətta bununla bağlı «yuxarılar» da məlumatlandırılıb. Hakimiyyətiçi qruplaşmaların davası artıq ideoloji müstəviyə qədəm qoyub». Onu da bildirək ki, Müsavat Partiyasının lideri və ilk başqanı Məmmədəmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır. İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məmmədəmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928), "Azəri türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan "Qurtuluş" curnallarının və "İstiqlal" qəzetinin yaradıcısı olmuşdur. 1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə "Azərbaycan" dərgisi nəşr edilib. M.Ə.Rəsulzadənin jurnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap edilmişdir. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttar xan hərəkatında yaxından iştirak edib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb. 1911-13-cü illərdə İstanbulda Türk ocağında çalışıb. 1913-cü ildən Bakıda fəaliyyətə başlayıb. 1918-ci il mayın 28-də Azərbaycan istiqlalı elan olunduqdan sonra Azərbaycan Milli Şurasının sədri seçilmişdir. 1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub. Sonra keçmiş dostu Stalin onu ölümdən qurtarıb. 1922-ci ildən M.Ə.Rəsulzadənin mühacirət həyatı başlayıb. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşamış, Azərbaycan istiqlalı uğrundakı mübarizəsini davam etdirmişdir. 1955-ci ilin mart ayında Məmmədəmin Rəsulzadə Ankara şəhərində həyata göz yummuş, Əsri məzarlıqda dəfn edilmişdir. Geri qayıt |