Əsas Səhifə > Şou-biznes > MƏLƏKXANIM ƏYYUBOVANIN “QOHUMBAZLIĞI”

MƏLƏKXANIM ƏYYUBOVANIN “QOHUMBAZLIĞI”


20-01-2012, 12:25
MƏLƏKXANIM ƏYYUBOVANIN “QOHUMBAZLIĞI”

MÜĞƏNNİ SƏHNƏYƏ QOHUMLARI İLƏ ÇIXACAQ

Xalq artisti Mələkxanım Əyyubova yaxın qohumları ilə bərabər konsert proqramı ilə səhnəyə çıxacaq. Bunu "Azadinform"a açıqlamasında sənətkar özü bildirib. Müğənninin sözlərinə görə, musiqi axşamında sevilən gənc ifaçılar Ramal İsrafilov və Mirkamil Kamilov da olacaq:

"Bu ilin payız aylarına doğru Heydər Əliyev Sarayında gözəl bir konsert proqramı ilə çıxış etmək istəyirəm. Bu konserti bacım, qardaşım uşaqları ilə bərabər, bir ailə kimi təşkil etmək fikrindəyəm. Onlar həm də mənim tələbələrim hesab edilir. Bu, elə bil ki, bir hesabat konserti olacaq".

Yaradıcı yeniliklərindən danışan xalq artisti bu il həyata keçirəcəyi planlarından da bəhs edib. Bu il Mələkxanım Əyyubova bir neçə xarici səfərdə və geniş beynəlxalq layihədə iştirak etməklə yanaşı, musiqisevərlərə yeni albomlar da təqdim edəcək:

"Keçən il xalq artisti Firəngiz Əlizadənin "Adın Dənizdir" operası ilə Amerikaya səfər etdik, bu il həmin layihənin davamı olaraq müxtəlif ölkələrə gedəcəyik. 2013-cü ilədək Amerika ilə birgə bu layihənin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Bu il bir neçə muğamımızı lentə aldırıb disk formasında çıxartdıracağam. Bunlarla bərabər, Heydər Əliyev Sarayında Ələkbər Tağıyevlə bağlı böyük layihənin təqdimat mərasimi olacaq.

Tanınmış bəstəkarın "Ananın səsi" mahnısı Rauf Abdullayevin rəhbərlik etdiyi simfonik orkestr ilə aranjman olunub, yazılıb və klip çəkilib, indi böyük bir layihə formasında təqdim ediləcək. Bu layihə bir o mahnı üzərində hazırlanıb. Bu, dünyəvi bir mahnıdır, sülhə çağırışdır. Böyük məbləğdə vəsait ayrılan bu layihədə türklər də iştirak edirlər. Sonra elə bu layihə ilə bağlı xarici səfərlərimiz olacaq. Bizim sənətimiz elədir ki, planlaşdırılmamış başqa səfərlər, başqa işlər də meydana çıxır".


Geri qayıt