Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİRABADDA TƏHSİLİN EVİNİ BELƏ YIXIRLAR
SABİRABADDA TƏHSİLİN EVİNİ BELƏ YIXIRLAR7-10-2013, 09:15 |
Respublikanın orta təhsil müəssisələrində dərs ilinin yenicə başlamasına baxmayaraq, bəzi rayonlarda fəaliyyət göstərən təhsil şöbələrinin özbaşnalıqları bitib-tükənmək bilmir ki, bilmir. Hazırda, təhsil sahəsi çoxsaylı problemlərlə üz-üzədir. Paytaxtdan əlavə, əyalətlərdəki vəziyyət daha acınacaqlıdır. Sabirabad Rayon Təhsil Şöbəsindəki vəziyyəti isə xüsusi olaraq qeyd etmək lazımdır. Təbii ki, bu özbaşınalıqlara yol verən qurumların siyahısında tək bir dəfə də olsa, Sabirabad Rayon Təhsil Şöbəsinin adına rast gəlməsəydik, çox təəccüblənərdik. Sabirabad rayon təhsil sistemində təhsilin vəziyyəti, tədrisin keyfiyyəti və tələbələrin dərsə davamiyyəti yox dərəcəsindədir. Adıçəkilən rayonda bu və digər qanunsuzluqlar hələ də hökm sürməkdədir. Bütün bu neqativ halların hamısı aidiyyəti şəxslərin və qurumların təhsilə olan nəzarətsizliyinin göstəricisidir. Belə halların yaşanması onu göstərir ki, ya Sabirabad rayon təhsili nəzarətsiz qalıb, ya da Elman Bünyatov kimlərəsə arxalanaraq bu addımları atır. Redaksiyamıza rayon sakinləri tərəfindən ünvanlanan telefon zəngləri və şikayətlər əsasında qəzetimizin ötən saylarında da biz dəfələrlə bu şöbənin müdiri Elman Bünyatovun yarıtmaz əməllərindən, fəaliyyətindən, onun törətdiyi ciddi qanun pozuntularından məqalələr dərc etmişik. Lakin edilən özbaşınalıqlar daha da artmaqdadır. Rayondan daxil olan məlumatlarda bildirilir ki, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri tam cəzasızlıq şəraitində yeni-yeni qanun pozuntularına imza atır. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, yeni dərs ilinin iki həftədir başlamasına baxmayaraq, artıq şagirdlərin dərsə davamiyyəti yox dərəcəsindədir. Adının çəkilməsini istəməyən bir valideyn isə dərslərin keçirilmədiyindən şikayətləndi. Bu kimi hallar Sabirabad təhsilində sanki adi hala çevrilib. Sanki elə belə də olmalıdır. Qeyd edək ki, Elman Bünyatov Sabirabad Rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra rayon məktəblərində tədrisin səviyyəsi həddindən artıq aşağı düşüb. Ümumi götürsək, heç Sabirabad rayonundan ali məktəbə qəbul olan da yoxdur. Bu da onu sübut edir ki, Elman Bünyatov kimi şəxlərin təhsil sistemində işləməsi və belə qanunsuzluqları, özbaşınalıqları həyata keçirməsi təhsilimizi birmənalı olaraq uçuruma aparır. Lakin buna baxmayaraq, heç kim Elman Bünyatova "gözün üstə qaşın var” demir. Adıçəkilən şəxs təhsilin səviyyəsini yaxşılaşdırmaqdansa, tamam başqa işlərlə məşğuldur. Ümid edirik ki, müvafiq qurumlar Sabirabad təhsilindəki mövcud vəziyyəti araşdıracaq və lazımi tədbirlər görüləcək. SƏİDƏ Geri qayıt |