Əsas Səhifə > Partiya > İLQAR MƏMMƏDOV MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR
İLQAR MƏMMƏDOV MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR8-10-2013, 15:54 |
İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublu və İlqar Məmmədovun bu günlərdə məhkəməsinə başlanılacaq. Vəkillərin dediyinə görə, müvəkkillərinin aylardır həbsdə saxlanılmasına baxmayaraq, heç bir dəlil ortaya qoyulmayıb. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun vəkili Əsabəli Mustafayev gələn həftə müvəkkilinin məhkəməsinin olacağını dedi: “ İstintaq başa çatıb. İş materialları ilə də tanış olduq. Bundan sonra istintaq qrupunun rəhbərinə vəsatət verdik. Vəsatətimiz cinayət işinə xitam verilməsi ilə bağlı idi. Təbii ki, həmişəki kimi vəsatətimiz təmin olunmadı. Tofiq Yaqublu 9 aydır ki, qanunsuz olaraq təcridxanada saxlanılır. Bu müddət ərzində cəmi 2-3 dəfə istintaq hərəkəti aparılıb. Demək olar ki, heç bir sübut tapa bilməyiblər. Digər məhbusların da işi yekunlaşandan sonra protokolu yekunlaşdırıb məhkəməyə göndərəcəklər. Yəqin ki, gələn həftə məhkəmə başlayacaq.” Vəkil Əsabəli Mustafayev Tofiq Yaqublu və eləcə də təcridxanada olan digər məhbusların 9 oktyabr seçkilərində iştirak edə biləcəklərini dedi. REAL hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev müvəkkilinin iş materiallarının ilə tanışlığının başa çatdığını dedi: “İş materialları ilə tanış olunması prosesi demək olar ki, başa çatır. Bundan sonra istintaq qrupunun rəhbərinə İlqar Məmmədova açılan cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verəcəyik. Məhkəmənin nə vaxt olacağını isə dəqiq bilmirəm.” Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. T.Yaqublu və İ.Məmmədov artıq 9 aydır ki, həbsdədirlər. Geri qayıt |