Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DÖVLƏTİN "QARASU" QAYĞISI...
DÖVLƏTİN "QARASU" QAYĞISI...10-10-2013, 09:35 |
ƏMƏLİYYAT ŞİRKƏTİ BÜDCƏYƏ 1 MANAT DA ÖDƏMƏYİB Şirvan şəhərində fəaliyyət göstərən «Qarasu» Əməliyyat Şirkətində mövcud olan problemlər barədə keçən saylarımızda silsilə yazılar dərc etmişdik. Faktlar əsasında ərsəyə gələn materiallarda şirkətdə hökm sürən özbaşına vəziyyətdən, işçilərə qarşı qeyri-insani münasibətdən və kütləvi maliyyə yeyintilərindən bəhs olunurdu. Nə qədər acı da olsa deməliyik ki, yazdığımız faktlara aidiyyəti dövlət orqanları tərəfindən münasibət bildirilmədi və şirkətin başbilənləri cəzasız qaldılar. Elə bu cəzasızlığın nəticəsidir ki, oktyabrın 3-də şirkətə məxsus avtobusun qəzaya düşməsi nəticəsində 16 nəfər neftçi müxtəlif dərəcəli bədən xəsarəti aldı və hətta onlardan biri vəziyyəti ağır olduğu üçün cərrahiyyə əməliyyatına cəlb olundu. Şirkətin nümayəndələri qəzanın sürücünün səhlənkarlığı üzündən baş verdiyini açıqlasalar da, sonra təyin olunan avtotexniki ekspertiza zamanı məlum oldu ki, qəzaya uğrayan avtobus istismar müddətini çoxdan başa vurubmuş. Lakin buna baxmayaraq, şirkətin rəhbər şəxsləri fəhlələrin həyatını risk altında qoyaraq onları xarab avtobusda gəzdirirmiş. Məlumat üçün bildirək ki, «Qarasu» Əməliyyat Şirkəti ölkəmizin qurudakı ən məhsuldar yataqlarına sahib çıxsa da, ölkənin ən qapalı hasilatçı şirkəti adına layiqdir. Qəzetimizin də yazdığı kimi, şirkətdə çalışan neftçilər iş şəraitinin pis olmasından, əmək haqlarının aşağı olmasından dəfələrlə şikayət ediblər. Şirkət Bakıdan 110- 120 km cənubda yerləşən «Kəlaməddin» və «Mişovdağ» yataqlarının işlənməsi, rekonstruksiyası və kəşfiyyatı məqsədi ilə yaradılıb. Bununla bağlı 12 sentyabr 2000-ci ildə Vaşinqtonda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR - 15%) ilə Amerikanın "Moncrief Oil” (49,7% - operator) və Türkiyənin "Petoil” (35,3%) şirkətləri arasında Hasilatın Pay Bölgüsü (PSA) tipində müqavilə imzalanıb. Həmin ilin 25 oktyabrında müqavilə parlamentdə ratifikasiya edilib və noyabrın 25-də ölkə prezidentinin imzaladığı sərəncamla hüquqi qüvvəyə minib. Müqavilənin şərtlərinə əsasən, artıq fəaliyyətinin 3-cü ilində əməliyyat şirkəti hasilatı 1999-cu il təsərrüfat göstəricilərindən 150% artırmalıydı. Qeyd edək ki, 1999-cu ildə «Mişovdağ» yatağında 94,8 min ton neft hasil edilmişdi, "Kəlaməddin” yatağında isə 46 min ton, yəni ümumilikdə 140,8 min ton. 2002-ci ilin yekunlarına görə, şirkət müqavilə sahəsindən 131 min 864 ton neft hasil etməyə müvəffəq olub. Yəni faktiki olaraq, SOCAR-dan təhvil aldığı yataqlardan hasilat 6,3% az idi. Ekspertlərin fikrincə, buna səbəb layihənin operatoru olan "Moncrief Oil” şirkətinin əslində hasilatçı bir şirkət olmaması idi. 2007-ci ildən hasilatın yenidən azalması müşahidə edilməyə başlayır: 265,3 min ton. Bu isə o zaman baş verdi ki, artıq "Nations Energy” şirkəti yataqda apardığı geoloji-kəşfiyyat tədbirləri nəticəsində burada əlavə neft ehtiyatlarının olmadığı qənaətinə qəlir. Ona görə də 1956-cı ildən istismarda olan "Mişovdağ” və 1977-ci ildən neft hasilatına cəlb edilmiş "Kəlaməddin” yatağına əlavə sərmayə qoymağı kommersiya baxımından rentabelli layihə hesab etmir və investor axtarışına başlayır. 2007-ci ilin sonunda artıq investor tapılır və 2008-ci ilin fevralında alqı-satqı müqaviləsi tam şəkildə yekunlaşır. Artıq o zamandan şirkətin 85% səhmləri Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən "Global Energy İnc.” şirkətinə məxsusdur. Bu şirkət haqda geniş ictimaiyyətə adından başqa elə bir şey məlum olmasa da, ancaq Rusiyanın işgüzar "Finmarket.ru” portalının əldə etdiyi məlumata görə, "Global Energy İnc.” şirkəti təsis sənədlərinə görə, Vircin adalarında 26 sentyabr 2007-ci ildə qeydiyyatdan keçib. Onun 2 təsisçisi var, hər ikisi də ofşor şirkətlərdə qeydiyyatdan keçən hüquqi şəxslərdir: 51% - Weistein Limited, 49% - Demipliet Limited. "Kəlaməddin” və "Mişovdağ” yataqlarında hasilatın tədricən azalması müşahidə olunsa da, "Global Energy” şirkətinin operatorluğu altında hasilatın stabilləşməsi 2008-2010-cu illərdə özünü büruzə verib və 200 min tondan artıq illik hasilat göstəriciləri qorunub saxlanılıb. Fəaliyyətindəki müxtəlif nöqsanlar isə şirkətin əslində ölkəmizə lazım olmadığını göstərir. Şirkətin iş şəraiti, əmək haqqı, sosial təminatı, tibbi təminatı istənilən səviyyədə deyil. Ekspertlərin araşdırması zamanı o da məlum olub ki, şirkət 2012-ci ilin yekununda və 2013-cü ilin I yarısında Azərbaycan Dövlət Neft Fonduna 1 manat belə mənfəət ödəməyib. Belə bir şirkətin ölkəmizə ziyanı var, nəinki xeyiri. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri «Qarasu» Əməliyyat Şirkətinin işindəki nöqsanları görməli və bununla bağlı öz qərarlarını mütləq verməlidirlər. Əgər şirkətdə tüğyan edən çoxsaylı problemlərin qarşısı alınmasa, gələcəkdə daha böyük fəsadlar ortaya çıxacaq. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |