Əsas Səhifə > Güney Press, Araşdırma > SAMİR ŞƏRİFOVUN ADAMI NARAZILIQ YARADIR

SAMİR ŞƏRİFOVUN ADAMI NARAZILIQ YARADIR


10-10-2013, 12:56
SAMİR ŞƏRİFOVUN ADAMI NARAZILIQ YARADIR
TOVUZ MALİYYƏ İDARƏSİ ÖZBAŞINA BURAXILIB?

Ölkə mətbuatında dərc olunan materiallarda respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən maliyyə idarələrində baş verən neqativ halların, bu qurumların rəhbərləri tərəfindən həyata keçirilən müxtəlif maxinasiyaların ifşa olunmasına yönəlmiş məlumatlara bu gün kifayət qədər rast gəlmək olur. Hətta dövlət tərəfindən bu kimi halların qarşısının alınması məqsədilə həyata keçirilən ən sərt tədbirlərə baxmayaraq, bir çox maliyyə idarələrində vəziyyət hələ də olduğu kimi bərbad halda qalmaqdadır. Belə qənaətə gəlmək olar ki, rayon maliyyə idarələrinin bir çoxunda hökm sürən özbaşınalıqlar düşünülmüş şəkildə bəzi qüvvələr tərəfindən dəstəklənir.

Keçən günlərdə biz dəfələrlə bu mövzuya müraciət edərək redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və bu qurumların fəaliyyətindəki cddi nöqsanlardan bəhs edən yazılar dərc etmişik. Redaksiyamıza yeni daxil olmuş məlumatlarda isəfəaliyyətində ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi də Tovuz rayon Maliyyə İdarəsinin adı çəkilir. Aldığımız məlumatlarda bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri qətiyyən ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə idarələri tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Tovuz rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Göründüyü kimi şikayətlərin əsasını təşkil edən məqamlar elə digər rayonlarda fəaliyyət göstərən maliyyə qurumlarının da işində aşkarlanan nöqsanlarla eynidir. Lakin Tovuz rayon Maliyyə İdarəsinin rəisi Mübariz Salmanovun fəaliyyəti bir çox özünəməxsus çalarlara da malikdir. Məlumatları təqdim edən mənbələr bu özünəməxsusluğu ilk növbədə M.Salmanovun rayonda malik olduğu xüsusi imtiyazlarla izah edirlər.

Bildirilir ki, Tovuzun maliyyə şefinin nüfuzu bəzi məsələlərdə bu gün hətta RİH-nin rəhbərliyini də üstələyir. Mənbə iddia edir ki, Tovuzda istisnasız olaraq bütün idarə və təşkilatların fəaliyyətinə birbaşa M.Salmanov tərəfindən nəzarət olunur. Bu qurumların onlar üçün ayrılmış dövlət vəsaitlərini ala bilmələri üçün isə, maliyyə idarəsinin rəisi yalnız təyin olunmuş məbləğdə “rüsum” tutduqdan sonra razılıq verir. Lakin bundan sonra da həmin müəssisələr öz pullarını öz eytiyaclarına tam məsrəf edə bilmirlər. Mənbənin sözlərinə görə rayonda görülən hər hansı bir işə Mübariz Salmanovun şərikliyi mütləq təmin edilməlidir. Bildirilir ki, bu baxımdan ən acınacaqlı vəziyyət hazırda rayonun təhsil şöbəsində yaşanmaqdadır. Bu özbaşınalıqların nəticəsində rayonun müəllimləri həftələrlə əmək haqlarını almaq imkanından məhrum olurlar.

Digər tərəfdən isə mətbuatda yayımlanan məlumatlarda M.Salmanovun Tovuzda həmçinin sələmçiliklə də məşğul olmasına dair iddialar irəli sürülür: “Söhbət bir neçə günlük möhlətlə iş adamlarına faizlə pul verməkdən gedir. Yerli banklardan biri ilə işbirliyi quran Mübariz Salmanovun bu fəaliyyəti artıq ciddi bir biznesə çevrilib.”Qeyd edək ki, Tovuz rayon Maliyyə İdarəsinin işində yer almış çeşidli neqativ hallar barədə redaksiyamıza bir sıra digər faktlar da təqdim olunmuşdur. Lakin bu məlumatların əksəriyyəti tərəfimizdən yoxlanmadığından onların hələ ki, qəzetimizin səhifələrində dərc olunmasını məqsədəuyğun hesab etmədik. Ümid edirik ki, qəzetimizin növbəti saylarında əməkdaşlarımızın apardıqları araşdırmaların nəticələrini oxucularımıza təqdim edə biləcəyik.

Geri qayıt