Əsas Səhifə > Güney Press, Araşdırma > ƏHMƏD ƏHMƏDZADƏNİN İŞÇİSİ ÇƏTİN DURUMDA

ƏHMƏD ƏHMƏDZADƏNİN İŞÇİSİ ÇƏTİN DURUMDA


14-10-2013, 09:47
ƏHMƏD ƏHMƏDZADƏNİN İŞÇİSİ ÇƏTİN DURUMDA
Bu gün ölkədə yeni hökumətin formalaşdırılacağı ilə bağlı müəyyən gözləntilərin yaşanması normal haldır. Digər tərəfdən isə bu zəruri proses müəyyən vəzifələrdə çalışan müxtəlif ranqlı məmurlardan bir çoxunun həm də narahatlıq və gərginlik yaşamalarına səbəb olub. Məlum olduğu kimi, xüsusən fəaliyyətləri bir çox neqativ hallarla müşayiət olunan, vətəndaşların narazılıqlarını doğuran bəzi məmurlar tutduqları vəzifədə yalnız nüfuzlu himayədarların dəstəyi sayəsində qala bilirlər. Bu himayədarlar isə öz növbələrində daha yuxarı instansiyalarda, ilk növbədə məhz nazirlik səviyyəsində malik olduqları əlaqələri hesabına “ayaqda dururlar”. Yeni hökumətin formalaşdırılması isə müəyyən hallarda köhnə münasibətlərin artıq faydasız olması ilə nəticələnə bilər. Başqa sözlə desək, hər hansı nazirin dəyişilməsi bu nazirliyin strukturunda da kadr dəyişikliklərinə səbəb olar və nəticədə həmin sahəni təmsil edən bir çox idarə və müəssisə rəhbərləri də öz himayədarlarından məhrum ola bilərlər. Nəzərə alsaq ki, bu tip məmurlar üçün vəzifə və himayədar anlayışları ayrılmaz, biri digərini şərtləndirən və tamamlayan məvhumlardır, bu zaman onların vurnuxmaları və keçirdikləri hisslər də müəyyən qədər anlaşılan olar.Redaksiyamıza daxil olan məlumatlarda Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevin də artıq bir müddətdir ki, yeni himayədar axtarışına çıxdığı bildirilir. Görünür yeni hökumətin formalaşdırılması prosesində Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də tutduğu vəzifədən alınacağına dair proqnozlar artıq Tahir Rzayevi narahat etməyə başlayıb. Bu narahatlığı yaşamaq üçün isə idarə rəisinin bütün əsasları var. Elə redaksiyamıza daxil olan məlumatlardan da bu qənaətə gəlmək olur ki, Saatlı Suvarma Sistemləri İdarəsinin fəaliyyəti yerli əhali tərəfindən qətiyyən qənaətbəxş hesab olunmur. Məlumatlarda Tahir Rzayevin qanunsuz hərəkətləri, yol verdiyi nöqsanlarla bağlı çoxsaylı faktlar təqdim olunur: “Təkcə keçən il dövlət büdcəsindən rayondakı su kanallarının təmizlənməsi üçün 100 min manat pul ayrılıb. Həmin pul sadəcə silinib, amma su kanallarında heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir iş görülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə çatdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsində iştirak etməli olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Tahir Rzayevin şəxsi kassasında yoxa çıxır.” Bu sətirlər T.Rzayevin yarıtmaz fəaliyyətinə dair redaksiyamıza ünvanlanmış çoxsaylı şikayət məktublarından birindən götürülmüşdür. Bu məktublarda fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, Tahir Rzayev öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar olunmuş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Qeyd etməliyik ki, T.Rzayevin yarıtmaz fəaliyyətinə dair şikayət məktubları ölkənin əksər informasiya vasitələrinə də daxil olmaqdadır. Bu qənaətə müxtəlif mətbu orqanlarında dərc olunan tənqidi materiallarla tanış olduqdan sonra gəlmək olur. Mənbələr yekdilliklə təsdiq edirlər ki, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Təbii ki, bu vəziyyət T.Rzayevin vəzifədə qalma məsələsini, necə deyərlər, tükdən asılı duruma gətirir. Məhz buna görə də idarə rəisi “nə olar, nə olmaz”-deyərək indidən özünü sığortalamaq məqsədilə müəyyən tədbirlər görməyə çalışır. Aldığımız məlumatlara görə isə bu tədbirlərin əsasında T.Rzayevin “Azmelsutəsərrüfat” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovla münasibətlərini yenidən nəzərdən keçirmək durur. Ola bilsin ki, idarə rəisi öz karyerasının gələcəyini də məhz Ə.Cavadovla olan münasibətlərinin daha da “səmimiləşdirilməsi”ndə görür.

Geri qayıt