Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ DƏNGƏLƏR DƏYİŞİR
HAKİMİYYƏT DAXİLİNDƏ DƏNGƏLƏR DƏYİŞİR17-10-2013, 09:25 |
GÖZLƏNƏN KADR İSLAHATLARINA TƏSDİQDƏN DƏRHAL SONRA START VERİLİR DİA.AZ: - Prezident seçkiləri sona çatdı. Bundan sonra isə diqqət həyata keçiriləcək islahatlara yönəldi. Belə ki, konstitusiyaya görə yeni prezident seçiləndən sonra Nazirlər Kabineti buraxılır və yeni kabinet formalaşır. Elə bu gün bizdə də məhz bu təlaş yaşanmaqdadır. Ekspertlər hesab edir ki, bu dəfə Nazirlər Kabinetində ciddi islahatlar olacaq, hətta baş nazirin də dəyişdirilməsi barədə də ehtimallar yüksəkdir. Həmçinin nazirlərlə yanaşı əksər icra başçısının da postu ilə vidalaşacağı söylənilir. Çünki son zamanlar yerli strukturlardan kifayət qədər şikayətlər gəlir ki, bunun da prezidentin nəzərlərindən yayınmadığı, onun məlum hədə dolu xəbərdarlıqlarından da hiss olunandır. Bir neçə gün əvvəl isə kadr islahatları ilə bağlı ilk həyacan siqnalı gəldi. “Ölkədə prezident seçkiləri keçirilməklə beş illik bir mərhələyə yekun vurulub. Yeni beş illik mərhələyə start veriləcək ki, bu mərhələdə bir sıra islahatlar da nəzərdə tutulub”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov dedi. O bildirdi ki, yeni mərhələnin başlanması ilə qarşıda, prezidentin də bəyan etdiyi kimi, bir çox proqram məsələlərin həll edilməsi vəzifəsi dayanır: “İslahatlar həyata keçiriləcək və bunun arasında kadr islahatlarının həyata keçirilməsi də olacaq. Amma xatırlatmaq istəyirəm ki, bu sahədə yeganə qərar verəcək şəxs Azərbaycan prezidenti İlham Əliyevdir. Hər halda gözləyək. Nələr olacağını hamımız görəcəyik”. DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, nələrin olacağını uzun müddət gözləməyəcəyik. Məlumatlı mənbə iddia edir ki, elə Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinin tanımasının ardından dərhal kadr islahatlarına start veriləcək: «Bu heç də tələskənliklə bağlı deyil. Əvvəlindən belə planlaşdırılıb. Və gözlənilən kadr islahatları hakimiyyət daxilindəki balansa da ciddi təsirini göstərəcək». Məlumatı verən qaynaq bildirdi ki, bu halda dünənin və bu günün əzəmətli görünən fiqurlarının belə hədəfə alınması gözləniləndir. Geri qayıt |