Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDA "PORSCHE" SAHİBİ 3000 MANAT ZİYANA DÜŞDÜ

BAKIDA "PORSCHE" SAHİBİ 3000 MANAT ZİYANA DÜŞDÜ


17-10-2013, 11:56
BAKIDA "PORSCHE" SAHİBİ 3000 MANAT ZİYANA DÜŞDÜ
Son vaxtlar yanacaqdoldurma məntəqələrinin əksəriyyətində vətəndaşların aldadılması demək olar ki, adi hala çevrilib. Bəzi hallarda yanacaq göstərilən standarta cavab vermir, yaxud avtomobilin çəninə alıcının ödədiyi məbləğə uyğun miqdardan az yanacaq vurulur. Bəzi hallarda isə yanacaqdoldurma məntəqələrinin operatorları sürücülərin sifariş etdikləri yanacağı yox, başqa markalı yanacağı çənə doldururlar. Dəfələrlə bu kimi neqativ hallarla rastlaşmışıq.
Aidiyyəti dövlət qurumları, əsasən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanacaqdoldurma məntəqələrində belə halların qarşısının alınması məqsədilə müxtəlif monitorinqlər aparsa da, problemlər azalmaq bilmir. Hazırda yanacaqdoldurma məntəqələrinin bir çoxunda yanacağın keyfiyyəti standartların tələblərinə uyğun deyil. Həmin yanacaqdoldurma məntəqələri yanacağa qatqılar qatırlar, müxtəlif kimyəvi elementlər qataraq yaxud da yanacağa qatılan «oktan» ədədini artırırlar. Məsələn, yanacaq 93 markadırsa, 95 yazırlar. Ölkənin ən böyük şirkətlərindən biri olan «Azpetrol Ltd» MMC-nin də yanacaqdoldurma məntəqələrində müxtəlif çatışmazlıqlar müşahidə olunmaqdadır. İlk öncə onu qeyd edək ki, şirkət 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə fəaliyyətə başlayıb. MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir. Hazırda şirkətin ölkənin əksər iqtisadi zonalarınıəhatə etməklə 76 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir. Ötən gün əldə etdiyimiz məlumatlara görə, MMC-nin Mərdəkan qəsəbəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində bəzi fırıldaqlar üzə çıxmaqdadır. Bu barədə danışan mənbə bildirir ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi və operatorları avtomobil sahiblərini aldatmaqla məşğuldurlar: «Məntəqədə satışa çıxarılan benzinin keyfiyyəti istənilən səviyyədə deyil. Benzinin və dizelin tərkibinə müxtəlif maddələr qatıldığından avtomobillərin motor hissəsində problemlər yaranır. Dünən Mərdəkandakı «Azpetrol»dan «Porshce Panamera» markalı avtomobilinə 95 markalı benzin vuran vətəndaş problemlə üzləşib. Yanacaq çənini son litrinə kimi dolduran sürücü avtomobili bir neçə yüz metr idarə etdikdən sonra motorda nasazlıq hiss etməyə başlayıb. Dərhal servis xidmətinə məlumat verib.
Xidmətin əməkdaşları avtomobilə baxış keçirdikdən sonra bu qənaətə gəliblər ki, «Azpetrol»da vurulan yanacaq keyfiyyətsiz olub və motoru sıradan çıxarıb. Yanacaqdoldurma məntəqəsinin fırıldağı üzündən avtomobil sahibi 3 min manat ziyana düşüb. Sürücü bu məsələ ilə bağlı YDM rəhbərliyi ilə nə qədər mübahisə etsə də, qarşı tərəf ittihamları qəbul etməyib. Günah fakt «Azpetrol»da olduğu halda, onlar özlərini təmizə çıxarmağa çalışırlar.
Şirkətin keyfiyyətsiz yanacaqları onlarla sürücüyə eyni problemləri yaşadıb. Etibardan sui-istifadə edən MMC rəhbərliyi keyfiyyətsiz yanacağı satışa çıxarıb sürücüləri əlavə xərcə salırlar. Əvəzində isə heç bir kompensasiya ödənilmir». Məsləhət görərdik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, o cümlədən ARDNŞ rəsmiləri «Azpetrol Ltd» MMC-nin yanacaqdoldurma məntəqələrində müvafiq araşdırmalar aparıb keyfiyyətsiz yanacağı satışa çıxaran şəxsləri cərimələsinlər. Sonda MMC-nin baş direktoru Hüseynağa Rəhimovdan xahiş edirik ki, şirkətin Mərdəkandakı yanacaqdoldurma məntəqəsinin fəaliyyətini nəzarətə götürsün.
Qarşı tərəf münasibət bildirmək istəsə, dərc etməyə hazırıq.

Geri qayıt