Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏHKƏMƏLƏRİMİZ QATİLİ XULİQAN KİMİ MÜHAKİMƏ EDƏCƏK
MƏHKƏMƏLƏRİMİZ QATİLİ XULİQAN KİMİ MÜHAKİMƏ EDƏCƏK19-10-2013, 10:49 |
Bu il yanvarın 29-da Nərimanov rayonu, Faiq Yusifov küçəsində qanlı cinayət hadisəsi baş verib. Həmin küçədə yerləşən “Günəş” saunasının yaxınlığında düşən kütləvi davada iki qardaş - 38 yaşlı Vüqar Orucov və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıblar. V.Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qatil kimdir? Dəmir satışı ilə məşğul olan Bəxtiyar və Vüqar Orucov qardaşları satdıqları malın pulunu götürməyə gəliblər. “Günəş” saunasının qarşısında dayanıb söhbət edəndə qətli törədən onlara eyvanın altında dayanmalarını irad tutub. O, sonradan aşağı düşüb və mübahisə böyüyüb. Həmin şəxs az sonra gedib, bir neçə nəfərlə yenidən qayıdıb və bıçaqla qardaşlara zərbələr endirib. Nərimanov rayon Polis İdarəsi və rayon prokurorluğunun keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qətlin iştirakçıları Emin Səfərov və Münasib Xəlilov tutulublar. Fakt üzrə Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, E.Səfərov Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq), M.Xəlilov isə 120.1-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilib. Oğlu öldürülən ana ölkə başçısına müraciət edib Zərərçəkən Bəxtiyar Orucov redaksiyamıza müraciət edərək istintaqın qərəzli aparıldığını bildirib. O iddia edir ki, qardaşını qətlə yetirən Emin Səfərovdur. Onun sözlərinə görə, hadisə yerində olan tanışı Mülayim Əsgərov da ifadəsində Emin Səfərovun əlində bıçaq gördüyünü qeyd edib. Hadisə ilə bağlı zərərçəkən prezidentə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət edib. Onun müraciətinin bir nüsxəsi də redaksiyamıza daxil olub. Mərhum Vüqar Orucovun anası Atlas Orucova ölkə başçısına ünvanladığı müraciətdə istintaqın qərəzli aparıldığını bildirib: “3 oğlum var idi. Onların atası əslən Xocalıdan olan Ənvər Orucov 1992-ci ildə ürək çatışmazlığından dünyasını dəyişdi. O vaxtdan 3 oğlumu təkbaşına böyütmüşəm, çox əziyyətlər çəkmişəm. Bu da əzablı günlərimin nəticəsi. Bu il yanvar ayının 7-də böyük oğlum Bilal Orucov uzun sürən xəstəlikdən sonra vəfat etdi. Bilalın ölümünün 21-ci günü axşam kiçik oğlum Vüqar Orucov halal zəhməti ilə toplayıb verdiyi qara metalın pulunun ardınca getdiyi zaman qətlə yetirildi, ortancıl oğlum Bəxtiyar Orucov isə ölümcül yaralandı. “Yaralı oğlum cinayəti öz gözləri ilə görüb” Bu cinayəti törədən Emin Səfərovdur. Bu hadisənin şahidi və zərərçəkən oğlum Bəxtiyar hər şeyi öz gözləri ilə görüb. Amma bu qanlı cinayəti müstəntiq öz bildiyi kimi aparır və cinayətkarı gizlətməyə çalışır. Səbəbsə odur ki, Emin Səfərovun Nərimanov rayon Polis İdarəsinin birinci müavini Nadir Məmmədovla hansısa yaxınlıq əlaqələri var. Oğlum hadisədən sonra polislər tərəfindən qanı axa-axa hadisə yerinə aparıldığı zaman oradakı meyvə-tərəvəz satıcısının köməkliyi ilə Emin Səfərovun evinin yeri müəyyənləşdirilib. Polislər onun qapısına gedəndə anası oğlunun evdə olmadığını deyib. Polislər ondan Eminin foto şəklini istəyiblər. Şəkildə iki nəfərin fotosu olub. Bəxtiyar Eminin şəklini göstərərək onu və qardaşını məhz bu adamın vurduğunu deyib. Ertəsi gün polis işçiləri Bəxtiyarı xəstəxanadan Nərimanov rayon Polis İdarəsinə ”tanınma" adı ilə aparıblar. “Rəis müavini deyib ki, qardaşının qatili budur” Heç bir tanınma olmadan Nərimanov rayon Polis İdarəsinin rəis müavini Nadir Məmmədov birbaşa Bəxtiyarı otağa salaraq ona bir nəfəri (digər təqsirləndirilən Münasib Xəlilovu nəzərdə tutur-red.) göstərərək, “sənin qardaşını öldürən və səni yaralayan budur”, - deyib. Münasib dillənmək istədikdə Nadir Məmmədov onu sillə ilə vurub. Digər otağa daxil olduqları zaman Emin Səfərovu orada görərkən oğlum onu yaralayanın, qardaşının qatilinin məhz bu şəxs olduğunu söyləsə də, xeyri olmayıb". Düyünə düşən istintaq Mərhumun anası müraciətində istintaqın düyünə düşməsindən gileylənib: “Nərimanov rayon prokurorluğunun baş müstəntiqi Vüqar Kərimov qanun pozuntusuna yol verib, tanıtma etmədən Nadir Məmmədovun istintaqın gedişinə müdaxiləsinə şərait yaradıb, cinayətkarı yayındıraraq digər şəxsi ölüm işini boynuna qoymasına göz yumub. O gündən istintaqın gedişi sanki düyünə düşüb. Cinayət hadisəsindən bu qədər vaxt keçməsinə baxmayaraq Vüqar Kərimov Eminin başçılıq etdiyi cinayətkar dəstənin üzə çıxarılmasına laqeyd yanaşır. Bu barədə vəsatət vermişik. Bir dəfə də olsun 10 nəfər cinayətkar dəstənin üzvlərini tanıtmaya təqdim etməyib. Onları üzə çıxarmaq Vüqar Kərimova sərf etmir. Oğlum Vüqar öldürülən zaman onun arxadan qolunu tutaraq köməksiz hala salan cinayətkarlarla Bəxtiyar dəfələrlə qarşılaşıb. Bizim ailəyə qarşı çox haqsızlıqlar baş verir. Buna şərait yaradan Nadir Məmmədov və Vüqar Kərimovdur”. “Cinayəti ört-basdır edənlər qanun qarşısında cavab verməlidirlər” Sonda mərhumun anası ailəsinə qarşı olunan haqsızlıqlara son qoyulmayacağı təqdirdə ictimaiyyətin gözü qarşısında intihar edəcəyini vurğulayıb: “Əgər bu özbaşınalığa son qoyulmasa Nərimanov rayon Polis İdarəsinin qabağında, bütün ictimaiyyətin gözü qarşısında intihar edəcəyəm. Mən daha 5 atasız uşağın üzünə baxa bilmirəm. Bizim ailəyə qarşı törədilən haqsızlıqlardan bezmişəm. Onsuz da 21 günün içərisində iki oğlum öldü. Digər oğlumu da bıçaqla yaraladılar. İndi də nə yolla olur-olsun cinayət hadisəsinin zərərçəkəni və yeganə şahidi olan oğlumu da şərə salaraq başını qatırlar ki, öz hüququnu tələb etməsin, ölüm işini tələb edən olmasın. Mənim pulum yoxdur deyə yeganə övladım da ölməlidir? Bu nə qanundur? Bu Emin Səfərovun birinci cinayəti deyil. Nə üçün maraqlanan yoxdur, üstündə iki cinayət hadisəsi, məhkumluğu olan azadlıqda nə gəzir ki, mənim oğlumu öldürsün? Bu cinayəti öz şəxsi mənafeləri üçün göz yumaraq ört-basdır edənlər qanun qarşısında cavab verməlidirlər”. Onu da qeyd edək ki, artıq sözügedən cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Geri qayıt |