Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FARS-MOLLA REJİMİ ELÇİN QULİYEVİ HƏDƏFƏ ALIB
FARS-MOLLA REJİMİ ELÇİN QULİYEVİ HƏDƏFƏ ALIB21-10-2013, 10:18 |
Rəsmi Tehrandan Azərbaycana qarşı növbəti irad və etiraz səslənib. Virtualaz.org bu barədə İranın “Fars” agentliyinə istinadən xəbər verir. Xəbərdə deyilir ki, Tehranı qəzəbləndirən məsələ bu dəfə Azərbaycanın polo idmanını qədim milli oyunlardan biri kimi tanıtmaq səyləri olub. Məlumatda vurğulanır ki, bu gün - oktyabrın 21-də İranın Xarici İşlər Nazirliyi, Mədəni İrs Nazirliyi və İdman və Gənclərin İşi üzrə Nazirliyi Azərbaycan Polo Federasiyasının “qədim İran idman növü olan” polonu öz milli oyunu kimi qeydiyyatdan keçirmək səyləri ilə bağlı birgə müzakirələr aparacaq. Bu barədə İranın İdman və Gənclərin İşi üzrə Nazirliyinin rəsmisi Rza Salehi Əmiri bildirib. “KİV-lərin yaydığı son məlumatlara görə, Azərbaycan Polo Federasiyası İranın bu qədim idman oyununu Azərbaycanda meydana gəlmiş idman növü kimi qeydiyyatdan keçirməyə çalışır” - deyə İran rəsmisi bildirib. Salehi Əmiri deyib ki, sözügedən nazirliklər birgə iclaslarında bu məsələni müzakirə edəcəklər. Belə ki, polonun ilk dəfə İranda meydana gəldiyinə dair “kifayət qədər sübutlar və sənədlər var”. İranın Polo Federasiyasının katibi Höcətullah Dehqan da Azərbaycanın bu idman növünü “öz adına çıxmaq” səylərindən narahatlıq bildirib. O, xəbərdarlıq edib ki, əgər İran hakimiyyəti vaxtında tədbir görməsə, “ölkənin mədəni irsi” başqa ölkənin adına qeydiyyatdan keçəcək. İran Polo Federasiyasının sədri Həmzə Elhanizadə də bu məsələ ilə bağlı etirazını bildirib. “Azərbaycan İran şairi Nizami Gəncəvinin adını mənimsəmək cəhdlərinin ardınca qədim İran idman növlərindən birini mənimsəməyə çalışır və artıq bu barədə YUNESKO-ya, Beynəlxalq Polo Federasiyasına müraciət edib” - deyə o bildirib. Həmzə Elhanizadənin sözlərinə görə, əgər İran vaxtında tədbir görməsə, Azərbaycan bu idman növünü “tezliklə öz adına rəsmiləşdirəcək”. Qeyd edək ki, İran dəfələrlə dahi Azərbaycan şairi Nizaminin “fars şairi” olması ilə bağlı rəsmi Bakıya etirazlar bildirib. Azərbaycanın şairin məqbərəsində apardığı restavrasiya işləri İranın xoşuna gəlmir. Buna səbəb Nizaminin məqbərənin divarlarında fars dilində yazılmış kəlamlarının Azərbaycan dilində tərcümə olunaraq yenidən yazılmasıdır. İndi də İran Azərbaycanın polo idman növünü milli oyunlarından biri kimi YUNESKO-da, habelə Beynəlxalq Polo Federasiyasında qeydiyyatdan keçirmək üçün apardığı iş Tehranı qəzəbləndirib. Polo futbola bənzəyən oyundur və mahiyyətcə Azərbaycanın qədim çövkan oyunu ilə eynidir. Hazırda bu oyun xüsusi olaraq yetişdirilən polo atları vasitəsilə oynanılır. Qeyd edək ki, Azərbaycan Polo Federasiyasının prezidenti Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevdir. Federasiya ötən ayın əvvəllərində Bakıda polo üzrə ilk dəfə Dünya Kuboku keçirib. Azərbaycanın polo milli komandası üçün atlar bu ilin yayında Argentinadan təyyarə ilə gətirilmişdi və Almaniyanın Frankfurt aerportunda atları daşıyan təyyarənin enməsi böyük səs-küyə səbəb olmuşdu. Geri qayıt |