Əsas Səhifə > Güney Press, Araşdırma > QƏRB BÖLGƏSİNDƏ SÜRÜCÜLƏR ETİRAZA HAZIRLAŞIR
QƏRB BÖLGƏSİNDƏ SÜRÜCÜLƏR ETİRAZA HAZIRLAŞIR21-10-2013, 11:58 |
NN MÜFƏTTİŞLƏRİ ONLARI BOĞAZA YIĞIB Bir neçə gün bundan öncə ölkə mətbuatında yayımlanan məlumatlarda Azərbaycanın qərb bölgəsindən Bakı və Gəncə şəhərləri istiqamətinə hərəkət edən avtobusların sürücüləri tərəfindən gediş haqlarının süni olaraq qaldırıldığı xəbər verilmişdi. Bildirilirdi ki, bu qanunsuz aksiyanın həyata keçirilməsi Qazax-Gəncə və Qazax-Ağstafa istiqamətindəki marşrutlarda işləyən avtomobillərin sahibi, Yol Nəqliyyat Departamentinin zona üzrə Tovuz rayonunda yerləşən idarəsinin rəisi Vüqar müəllimi himayə edən hansısa yüksək vəzifəli məmurun göstərişi ilə baş tutub. Təbii ki, belə ozbaşınalıqlar yuxarı instansiyaların müvafiq razılığı alınmadan baş verə bilməz. Lakin bizim əlavə olaraq diqqət mərkəzinə çəkmək istədiyimiz məqam bundan ibarətdir ki, məlumatlarda adı hallanan Vüqar müəllim özü bu gün artıq kimlərisə himayə etmək “iqtidarındadır”. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Vüqar müəllimin rəhbərlik etdiyi idarənin Qazax rayonunda yerləşən şöbəsinin Fərhad adlı bir əməkdaşı da məhz rəisinin himayəsinə sığınaraq sürücülərin başına olmazın oyunlar gətirir. Bildirilir ki, Fərhadın Qazaxda aylıq “haqq” almadığı nə bir avtobus, nə də bir taksi xəttə çıxa bilməz. Maraqlısı da budur ki, Fərhad pul yığımlarını intensivləşdirmək üçün müxtəlif orijinal üsullara əl atır. Məsələn, məlumatlarda göstərilir ki, bu əməkdaş məhz Vüqar müəllimin imkanlarından yararlanaraq, əvvəlcə rayonda taksi sürücülərinin lisenziya almalarını əngəlləyir. Bundan sonra isə özü həmin sürücüləri lisenziyaları olmadığına görə cərimələyir. Bu özbaşınalıqlardan əziyyət çəkən sürücülər düşdükləri vəziyyəti öz məktublarında belə təsvir edirlər: “Bizim şikayətimiz nəqliyyat departamentinin əməkdaşı Vüqar müəllimdən və onun köməkçisi Fərhaddandır. Bu şəxslərdən çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq, heç bir nəticə yoxdur. Fərhad özü ilə yaxın münasibətdə olan bəzi insanlardan küllü miqdarda pul alıb guya ki, sahibkarlıq fəaliyyəti göstərən bu şəxslər üçün rayonun nəqliyyat sistemində monopoliya yaratmaq istəyir. Bizim maraqlarımız isə nəzərə alınmır. Bizi məcbur edirlər ki, siz bunların alası olduqları lisenziya ilə müqavilə bağlayıb, onlar deyən gündəlik pulu ödəyin. Halbuki Fərhad biz sürücülərdən də pul almışdı ki, sizə lisenziya verəcəm. Hələ də nə puldan, nə də lisenziyadan xəbər var. Hər ay biz sürücülərdən dövlət rüsumu iki-üç qat alınır. Şikayət məktubları Nəqliyyat naziri Ziya Məmmədova qədər ünvanlansa da bütün bunların nəticəsi olmadı.”Yeri gəlmişkən qeyd edək ki, aldığımız məlumatlarda qərb bölgəsində avtobuslarda gediş haqlarını süni olaraq qaldıran sürücülərin də bu əmələ məhz Vüqar müəllim tərəfindən təhrik olunduqları vurğulanır. Həmçinin bilsdirilir ki, əsasən Bakı və Gəncə şəhəri istiqamətinə hərəkət edən avtobuslar Ağstafa və Şəmkir rayonlarında avtovağzallara ümumiyyətlə daxil olmurlar. Əksər sərnişinlər isə vağzallardakı kassalardan bilet almadan sürücülərə Bakı şəhərinə 10 manat, Gəncə şəhərinə isə 2 manat verərək mənzil başına getməyə çalışırlar.Bununla belə aldığımız son məlumatlarda mənbələr sürücülərin şikayətləri əsasında Qazax rayon prokurorluğunda artıq araşdırmaların aparıldığını iddia edirlər. Bu hal isə təbii ki, yalnız Fərhadın deyil, həmçinin Yol Nəqliyyat Departamentinin zona üzrə Tovuz rayonunda yerləşən idarəsinin rəisi Vüqar müəllimin də ciddi narahatlığına səbəb olmalıdır... Geri qayıt |