Əsas Səhifə > Partiya, Manşet > HAKİMİYYƏT PARLAMENTİ BÖLÜŞÜR
HAKİMİYYƏT PARLAMENTİ BÖLÜŞÜR23-01-2012, 17:53 |
FAZIL QƏZƏNFƏROĞLU VİTSE-SPİKER POSTUNA GƏTİRİLƏ BİLƏR DİA.AZ: - «Parlamentin yaz sessiyasında Milli Məclisin rəhbərliyində dəyişikliklər ediləcək. Bu dəyişikliklər arasında xüsusi diqqət çəkəni isə Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlunun (Mustafa) vitse-spiker postuna gətirilməsi olacaq». Bu barədə redaksiyamıza qanunverici orqana yaxın, amma adının çəkilməsini istəməyən etibarlı qaynaq bildirib. Qaynağın sözlərinə görə, bir çox beynəlxalq qurumlar, o cümlədən, Venesiya Komissiyası parlamentin rəhbərliyində vitse-spikerlərdən birinin müxalifəti təmsil etməsində israrlıdır. Hakimiyyət isə yaz sessiyasında beynəlxalq təşkilatlarla qarşıdurmaya getməmək və “Avroviziya” yarışması ərəfəsində tənqidləri yumşaltmaq üçün sözügedən tələbi yerinə yetirməyə qərar verib: «Elə bu səbəbdən də bəri başdan müxalifət adına Fazil Qəzənfəroğlunun vitse-spiker görəvinə irəli çəkilməsinə qərar verilib». Mənbəmiz bildirib ki, son vaxtlar Fazil Qəzənfəroğlunun siyasi proseslərdə fəallaşmasının və hakimiyyət opponentləri ilə qarşıdurmaya getməsinin bir səbəbi də budur: «Cənab Qəzənfəroğlu hakimiyyətin «yuxarı» dairələrinin yazda onu «mükafatlandıracağından» xəbərdar olduğu üçün ənənəvi müxalifət qüvvələrinə və müxalifət düşərgəsinə yaxın KİV-lərə açıq müharibə elan edib. Bununla Fazil bəy kimlərəsə özünün daha sədaqətli olduğu görüntüsünü yaratmağa çalışır». Mənbəmiz bildirib ki, parlament vitse-spikerliyinə müxalifət adına məhz Fazil Qəzənfəroğlunun gətirildiyini əsaslandırmaq üçün arqument də olacaq. Belə ki, hakimiyyət son bələdiyyə seçkilərində də YAP dışında seçkilərə qatılan partiyalar arasında BQP-nin namizədlərinə üstünlük vermişdi. Onu da bildirək ki, hakimiyyətin parlamentin rəhbərliyini müxalifətlə bölüşəcəyi ideyası nə zamandır gündəmləri məşğul etməkdədir. Amma mənbəmiz bildirir ki, bu vaxta qədər yalnız söz-söhbət şəklində olan bu ideya indilərdə reallığa çevrilə bilər: «Bəllidir ki, hakimiyyət Qərb qarşısında özünün demokratikliyi ilə bağlı rəy yaratmaqda israr nümayiş etdirir və bu marağı səbəbindən hətta «Avroviziya» ərəfəsinə ölkədə vətəndaş sülhünün lehinə işləyəcək bir sıra addımları da atmağı planlayır». Mənbəmizə görə, bu baxımdan parlamentin rəhbərliyinə adı müxalifətə 2qeydiyyatda olan» partiyalardan birinin namizədinin gətirilməsi mümkün bir hadisədir: «Hətta bir ara bu posta Sabir Rüstəmxanlının da gətiriləcəyi söylənilirdi. Bəziləri Ümid Partiyasının sədri İqbal Ağazadənin də namizədliyini irəli sürsələr də, Ümid sədrinin sərt mövqeyi buna imkan vermədi». Mənbəmiz bildirir ki, bu baxımdan əsas şanslı namizəd kimi Fazil Mustafanın adı çəkilir: «Hər halda, Fazil Mustafa kifayət qədər açıq oynayır. Hətta özünü gizlətməyə çalışan İlyas İsmayılovdan belə açıq oynaması səbəbindən BQP-yə parlamentin rəhbərliyi yolu görünməkdədir». Onu da bildirək ki, Fazil Mustafa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasındadır. Bu faktın özü də sğzügedən məqamda xüsusi önəm daşıyır. Geri qayıt |