Əsas Səhifə > Araşdırma > “İŞĞALÇI QÜVVƏLƏR TORPAQLARIMIZDAN RƏDD OLMALIDIR”

“İŞĞALÇI QÜVVƏLƏR TORPAQLARIMIZDAN RƏDD OLMALIDIR”


23-01-2012, 18:20
“İŞĞALÇI QÜVVƏLƏR TORPAQLARIMIZDAN RƏDD OLMALIDIR”

“SÜLH ÜÇÜN BİR ŞƏRT VAR”

“Media forum” saytı prezident İlham Əliyevin yanvarın 21-də Goranboy rayonunda, təmas xəttindəki “N” saylı hərbi hissədə çıxışından bəzi məqamları oxuculara təqdim edir:

- Bu, bizim gözəl dağlarımızdır. Bu dağların bir hissəsi düşmən tərəfindən işğal edilib. Buradan, bizim döyüş mövqelərimizdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları başlayır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Sovet dövründə Dağlıq Qarabağın müəyyən ölçüdə muxtariyyəti olub, muxtar vilayət idi, ancaq yenə də Azərbaycan Respublikasının tərkibində.

Bu gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır və bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. “Qarabağ” sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcək. Eyni zamanda Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaq. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır.

Biz çalışırıq ki, ərazi bütövlüyümüzü qan tökülmədən bərpa edək. Bu məqsədlə danışıqlar aparılır. Hələ ki, bu danışıqların heç bir nəticəsi olmayıb. Ancaq bununla bərabər ərazi bütövlüyümüzü istənilən yolla, o cümlədən hərbi yolla həll etmək bizim suveren hüququmuzdur. Bu hüququ bizə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi verir. Hər bir dövlət özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə edə bilər və etməlidir. Ona görə biz hərbi gücümüzün artırılmasına əlavə vəsait ayıracağıq. Hərbi potensialın gücləndirilməsi üçün əlavə tədbirlər görəcəyik. Əlbəttə ki, görülən bütün bu tədbirlərlə yanaşı, döyüş hazırlığı, ruh yüksəkliyi döyüş meydanında öz sözünü deməlidir və deyəcək.

Çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Hər bir Azərbaycan vətəndaşı Qarabağ ağrısı ilə yaşayır. Bu, bizim böyük yaramızdır və bu yara sağalmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz.

Burada, dağlıq ərazilərdə xidmət aparmaq üçün, əlbəttə ki, çətinliklər var. O tərəf düşməndir - bir kilometr o tərəfə düşməndir. Siz onları görürsünüz, onlar da sizi görür. Amma bizi düşməndən fərqləndirən odur ki, biz öz torpağımızdayıq. Onlar bizim torpaqlarımızı zəbt ediblər. Bizim başqa dövlətin torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Mənim tövsiyələrimlə əlaqədar alimlərimiz bu tarixə dair gözəl kitablar, elmi əsərlər yaradıblar. Xüsusilə, İrəvan xanlığı bizim qədim tarixi torpağımızdır. İrəvan xanlığı, Zəngəzur, Qarabağ bizim ərazimizdir. Buradan, siz xidmət apardığınız yerdən, döyüş mövqelərindən Gülüstan kəndi görünür. Həmin o Gülüstan kəndidir ki, orada müqavilə imzalanıb. Bu müqavilədən və Türkmənçay müqaviləsindən sonra ermənilər kütləvi şəkildə indiki İran ərazisindən buraya köçürülüblər.

Ermənilər özləri 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsinin 150 illik tarixini əks etdirən abidə ucaldıblar. Yaxşı, əgər onlar iddia edirlərsə ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır, necə ola bilər ki, ermənilərin Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyini 1978-ci ildə onlar öz təşəbbüsləri ilə qeyd ediblər. Yəni o vaxt özləri də etiraf ediblər ki, 1828-ci ildə onlar bizim torpağımıza gəliblər. Ondan sonra azərbaycanlıları yavaş-yavaş sıxışdırmağa başladılar. XX əsrdə bolşevik inqilabından sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilib. O da bir cinayət idi. O vaxtkı bolşevik hökumətinin azərbaycanlılara qarşı böyük cinayəti idi. O muxtariyyətin heç bir əsası yox idi. Çünki o vaxt bu bölgə əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Muxtar vilayəti yaratmaqla onlar bu vəziyyəti şərtləndirdilər.

Ondan sonra Sovet İttifaqının dağılması ərəfəsində o vaxt Dağlıq Qarabağda separatçı meyillərə rəvac verildi. Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Keçmiş Azərbaycan rəhbərliyinin böyük cinayətidir ki, onlar bununla razılaşdılar. Xüsusi İdarəetmə Komitəsi faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırırdı. Moskvadan bir nümayəndə gətirilmişdi. Təbii ki, o da ermənilərin mövqeyini müdafiə edirdi. Ondan sonrakı tarixi siz yaxşı bilirsiniz. Ancaq biz ədaləti bərpa edəcəyik və edirik.

Ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanlar var. Bunu biz də bilirik, düşmən də, bu məsələ ilə məşğul olan vasitəçilər də bilirlər. Sülhü əldə etmək üçün bir şərt var: Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır. Hələ ki, gec deyil.

Geri qayıt