Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAZİM MƏMMƏDOV TORPAĞI KVADRATMETRLƏ SATIR
RAZİM MƏMMƏDOV TORPAĞI KVADRATMETRLƏ SATIR22-10-2013, 09:01 |
HACIBALA ABUTALIBOV BOŞUNA DANIŞIB DİA.AZ: - Bakının Xətai rayonu ərazisində, Ukrayna dairəsi yaxınlığında (Məhəmməd Hadi küçəsi) aparılan özül qazıntı işləri hələ də davam etdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə tikinti qanunsuz aparılır, bunun üçün heç bir rəy verilməyib. Komitənin Şəhərsalma nəzarət şöbəsinin böyük məsləhətçisi Rəhilə Cəfərova mətbuata açıqlamasında bildirib ki, sənədlərdə həmin ərazi yaşıllıq zonası kimi qeydə alınıb: “Nəzərinizə çatdırım ki, həmin layihə üçün bizim komitənin rəyi olmalıdır. Bu da yoxdur. Nə də tikintinin müfəssəl planı mövcud deyil. Heç bir əsaslandırma olmayıb. Bu isə o deməkdir ki, tikinti qanunsuzdur. Hazırda 3 ciddi səbəbə görə o tikinti dayandırılmalıdır. Həm də qanunla da bu, tənzimlənir ki, tikintilər zamanı yerli sakinlərin rəyi nəzərə alınmalıdır” -deyə baş məsləhətçi bildirmişdi. Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti ərazidə heç nə baş verməmiş kimi susqunluq nümayiş etdirir. Bu arada məsələ ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən mənbə isə DİA.AZ-a açıqlamasında deyib ki, əslində tikinti aparılan ərazi rayonun icra başçısı Razim Məmmədova məxsusdur. Amma icra başçısı başqa ad-soyadın arxasında gizlənir: “Xətainin icra başçısı Razim Məmmədov rəhbərlik etdiyi rayonda torpaq sahələrini sotla deyil, kvadratmetrlə satır. 1 kvadratmetr 3 min manatadır. İcra başçısı orada obyekt tikib kvadratını 7-8 min manata satacaq. Hacıbala Abutalıbovun orada gəlib danışması da əbəsdir. Çünki onun Razim Məmmədova gücü çatmır”. Qaynağımız ərazidəki ağacların qırılacağını da söyləyib. Dedi ki, M.Hadi küçəsində, sözügedən qalmaqallı tikintinin yaxınlığındakı yaşıllıq zolağının ərazisi də satılıb. Bir müddətdən sonra ordakı ağacları qırıb yerində obyekt tikəcəklər. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən qəzetimizə verilən açıqlamada bildirilmişdi ki, qanunvericiliyə uyğun qaydada faktla bağlı təhqiqat aparılıb və ciddi tədbirlər görülüb, aktlar tərtib olunub. Aidiyyəti üzrə müraciətlər olunub. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə meşə fonduna aid olmayan ağac və kol əkimlərinin zədələnməsinə, kəsilməsinə və ya məhvinə görə fiziki şəxslər 2200 manatdan 2500 manatadək, vəzifəli şəxslər 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar. İXM-in 92.3.1 maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqlar məhv edildikdə hər bir ağac və kolun zədələnməsinə, məhvinə görə fiziki şəxslər 1200 manatdan 1500 manata kimi, vəzifəli şəxslər 3500 manatdan 4400 manata kimi, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimələnirlər. Geri qayıt |