Əsas Səhifə > Dünya > “BU, PSİXOLOJİ MÜHARİBƏDİR”
“BU, PSİXOLOJİ MÜHARİBƏDİR”24-01-2012, 12:26 |
RƏSMİ TEHRAN SANKSİYALARI DAHA ÇOX BUNUNLA ƏLAQƏLƏNDİRİR İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst jurnalistlərə açıqlamasında Avropa Birliyinin İrana qarşı qəbul etdiyi yeni sanksiyalardan danışıb. Yanvarın 23-də Brüsseldə bir araya gələn Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri quruma üzv ölkələrin İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub. Qəbul edilmiş qərara görə, İran Mərkəzi Bankının bütün əmlak və vəsaitləri dondurulur, quruma üzv ölkələrin İranın Mərkəzi Bankı və İran hakimiyyətinin digər qurumları ilə almaz və qızıl sahəsindəki ticarəti yasaq edilir. “Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərəst bu sanksiyaların ədalətsiz olduğunu bəyan edib: “İranın nüvə fəaliyyətini bəhanə edərək belə sanksiyaların qəbul olunması məntiqdən uzaq, ədalətsiz bir addımdır. Bu sanksiyaları daha çox İrana qarşı təbliğati təzyiq, psixoloji müharibə kimi qiymətləndirmək lazımdır. Belə hərəkətlər İran xalqının öz hüquqlarına çatmasına mane ola bilməyəcək”. Geri qayıt |