Əsas Səhifə > Cəmiyyət, Manşet > İLQAR ABBASOV ŞƏHİD AİLƏLƏRİNƏ QƏNİM KƏSİLİB

İLQAR ABBASOV ŞƏHİD AİLƏLƏRİNƏ QƏNİM KƏSİLİB


22-10-2013, 15:57
İLQAR ABBASOV ŞƏHİD AİLƏLƏRİNƏ QƏNİM KƏSİLİB
İCRA BAŞÇISINDAN NARAZILIQ GÜBƏGÜN ARTIR

DİA.AZ: - Bir müddət əvvəl məlum oldu ki, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Dədə Qorqud adlanan yaşayış massivində Qarabağ əlillərinə məxsus torpaq sahələri açıq hərraca çıxarılıb. Aydın oldu ki, həmin ərazi Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyinə məxsusdur.

Bu barədə yayılan məlumatda deyilirdi ki, ərazi Suraxanı rayonunda yaşayan 185 Qarabağ əlilinə verilməli idi. 2007-ci ildə Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyinin Suraxanı rayon şöbəsində keçmiş sədr Oqtay Əliyevin sədrliyi ilə toplantı keçirildi və həmin torpaqların əlillərə paylanılacağı bildirildi. Buna görə də əlillər 2 sot torpaq sahəsi üçün 500 manat ödədi. Sonradan isə torpaqların sənədləşdirilməsi aparılmadı, əlillər get-gələ salındı. Aldadıldıqlarını anlayan əlillər pullarının qaytarılmasını tələb etdilər. Amma onlara məhəl qoyan olmadı. Hazırda onlara məxsus torpaqların 1 sotu rayonun icra başçısının göstərişi ilə 2500 manata ayrı-ayrı şəxslərə satılır.

Adının çəkilməsini istəməyən məlumatlı mənbədən bu məsələ ilə bağlı DİA.AZ-a bildiriblər ki, torpaq sahələri təşkilatın Suraxanı rayon şöbəsinin keçmiş sədri O.Əliyev tərəfindən satılır: “Oqtay Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı ilə qohumdur. Buna görə də ondan edilən şikayətlərə baxılmır. Hətta Oqtay Əliyevdən sonra şöbənin fəaliyyətinə də icazə verilmir. Torpaqların satılma məsələsində Yeni Günəşli ərazisində yerləşən notariat kontorunun da rolu var”.

Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyindən isə bildirilir ki, ərazi Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyinin əmlakıdır. Mülkiyyətçi isə torpaqların satılmasına razılıq verməyib. Yəni anlaşılanı odur ki, İlqar Abbasov əlil və şəhid ailələrinin hesabına varlanmaq fikrinə düşüb.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt