Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV ÜÇÜN CAVABI ÇƏTİN OLAN SUALLAR

ELŞAD ABDULLAYEV ÜÇÜN CAVABI ÇƏTİN OLAN SUALLAR


23-10-2013, 10:15
ELŞAD ABDULLAYEV ÜÇÜN CAVABI ÇƏTİN OLAN SUALLAR
KEÇMİŞ REKTOR MÜSAHİBƏ VERMƏYƏ RAZILIQ VERSƏ DƏ, SONRADAN YAYINDI

DİA.AZ: - İki gün əvvəl DİA.AZ olaraq Avropada yaşayan soydaşlarımızdan birinin araçılığı ilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə əlaqə yaratdıq və ondan müsahibə götürmək istəyimizin olduğunu bildirdik. Razılaşdı və suallarımızı göndərməyimizi istədi.

Biz də yolladıq. Amma nədənsə Elşad Abdullayev suallarımıza cavab vermək istəmədi. Hər halda, biz sualları onun dediyi kimi «[email protected]» e-mail ünvanına yolladıq. Lakin gözümüz yolda qaldı. Keçmiş rektor çox güman suallarımıza cavab verməyəcək də. Elə isə biz Elşad Abdullayevdən soruşmaq istədiklərimizi buradan yayırıq. Buyurun, cənab Abdullayev, lütfən bu sualları cavablandırın…

Sual 1: - Bu gün Sizin videobombardmanınızın ardından həbs edilən keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi start götürdü. Gülər Əhmədova məhkəmədə müxtəlif fikirlər bildirdi. Onlardan biri də o idi ki, siz özünüz belə Azərbaycana gəlsəniz, pul məsələsinin uydurma olduğunu deyəcəksiniz. Gülər Əhmədovanın bu fikrinin həqiqət payı nə qədərdir?

Sual 2: - Azərbaycanda sizin barənizdə beynəlxalq axtarış elan olunub. Artıq neçə ildir ki, ölkədən kənardasınız. Və bilirik ki, Avropanın bir neçə ölkəsində olursunuz. Axtarış elan olunandan sonra hərəkət etməyinizdə problemlər yaranıbmı? Hazırda hansı ölkədəsiniz və olduğunuz ölkədə sizə qarşı hüquq-mühafizə orqanları tərəfindən hansısa qadağa və yaxud da cəza tətbiq edilibmi?

Sual 3: - Videoları ilk yaydığınız ərəfədə Azərbaycan prezidentindən təhlükəsizliyinizə təminat istədiniz və baş prokuror Zakir Qaralov belə bir təminatı verildiyini açıqladı. Amma siz gəlmədiniz. Bundan sonra siz ittiham edəndən, ittiham olunana çevrildiniz və orqan mafiyası ilə əlbirlikdə ittiham olundunuz. Bu münasibət dəyişikliyi nə ilə bağlıdır? Yəni ilk dönəmlərdə siz ittiham edirdiniz və bu ittihamlarla neçə nəfər həbs olundu və hətta Sevinc Babayeva müəmmalı şəkildə dünyasını dəyişdi. İndi isə sizin videolarınız da əhəmiyyətini itirib, reaksiyalar da demək olar ki, sıfır dərəcəsindədir. Nə baş verdi(ir)?

Sual 4: - Sizin yaydığınız videoların əksəriyyəti montaj olunub. Bu montaj nə ilə bağlıdır? Və videoların orijinal formalarını nədən yaymırsınız? Çünki montaj olunmuş videoların daha çox keyfiyyət artımına təsir etmədiyi və konteksdən çıxarmaya xidmət etdiyi ittiham olunur. Bu nə dərəcədə həqiqətdir?

Sual 5: - İtkin düşən qardaşınızla bağlı müxtəlif ünvanları ittiham etmisiniz. Hətta prokurorluğu da suçlayırsınız. Amma bu gün suçladığınız prokurorluqda sizin digər bir qardaşınız da çalışır. Cəmiyyət üçün isə bu fakt kifayət qədər qaranlıqdır. Hər halda, sizə qarşı hakimiyyətin ümumi bir qərəzi olsaydı, o zaman sizin qardaşınız da təzyiqlərə məruz qalardı. Halbuki siz bu hakimiyyəti son zamanlar çox sərt formada tənqid edirsiniz. Elə buna görə də belə bir qənaət var ki, siz hakimiyyət daxilində mövcud olan qruplaşmalardan biri tərəfindən istifadə olunursunuz? Elə özünüzün «mən missiya yerinə yetirdim» açıqlamanız da bu qənaəti möhkəmləndirir. Sizin doğrudandamı hansısa qüvvə ilə əlaqəniz var? Sizi hakimiyyətdən kimsə himayə edirmi?

Sual 6: - Sizə dəstək verən şəxslərdən biri kimi də hazırda Prezident Administrasiyasında vəzifəyə gətirilmiş, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri olmuş Məhərrəm Əliyevin adını çəkirlər. Məhərrəm Əliyevi tanıyırsınızmı və onunla münasibətləriniz nə yerdədir?

Sual 7: - Gülər Əhmədova məhkəməsində sizi görməyi tələb edib. Bu tələbə uyğun olaraq Azərbaycana gəlməyi planlaşdırırsınızmı? Bilirik ki, barənizdə beynəlxalq axtarış elan olunub və siz də axtarışa səbəb olan ittihamları yalanlayırsınız. Belə olan təqdirdə Bakıya gəlib, burada dediklərinizi sübut etmək istəmirsinizmi? Axı bu hakimiyyət sizə qarşı qərəzli mövqedə deyil. Az öncə də xatırlatdıq ki, qardaşınız hələ də vəzifə başındadır. Və qərəz olsaydı, o zaman qardaşınıza qarşı da hansısa repressiv addım atılardı. Yəni bu şəraitdə Bakıya gəlməyiniz mümkündürmü?

Güman edirik, Elşad Abdullayev üçün bu suallara cavab vermək o qədər də çətin deyil. Çünki biz suallarımızı seçərkən yetərincə çalışdıq ki, müsahibimiz bizdən qaçmasın...

Geri qayıt