Əsas Səhifə > Cəmiyyət > "AZƏRSU"NUN RAYONLARDA GİZLƏTDİYİ MİLYONLAR

"AZƏRSU"NUN RAYONLARDA GİZLƏTDİYİ MİLYONLAR


23-10-2013, 14:30
"AZƏRSU"NUN RAYONLARDA GİZLƏTDİYİ MİLYONLAR
«Azərsu» ASC ölkənin bütün yaşayış məntəqələrində əhalinin içməli su ilə təmin olunmasına məsul olan qurumdur. Lakin bu qurumun adı daha çox iri maliyyə yeyintilərində hallanır ki, belə vəziyyət də heç də xoşagələn deyil. Azerinews.org xəbər verir ki, şirkətin adıyla hallanan daha bir milyonluq yeyinti xəbəri bu günlərdə üzə çıxıb.

Məlumatlarda deyilir ki, ASC-nin Ağdam və Bərdə rayonlarındakı Su-Kanal İdarələri sözün həqiqi mənasında insanları susuz qoyub. Hər iki rayonun sakinləri etdikləri müraciətlərində vurğulayıblar ki, artıq yaşanan vəziyyətə dözə bilmirlər. Onların sözlərinə görə, Ağdam və Bərdə Su-Kanal İdarələrinin rəhbərləri Şahmar Rzayev və Vilayət Zamanov sözün həqiqi mənasında talançılıqla məşğul olmaqla yanaşı, əhalinin içməli suya olan təlabatının ödənilməsinə də dıranaqarası baxırlar.

Sakinlərin dediyinə görə, artıq neçə illərdir içməli suyu maşınla alırlar. Hər maşın üçün 20-30 manat pul xərclədiklərini bildirən rayon camaatı qeyd edir ki, elə həmin suları da məhz Su-Kanal İdarələrinin müdirlərinin nəzarəti altında satışa çıxarıblar. Yəni, bu qazanclar da onlara qalır.

Bərdə və Ağdamda durumun dəhşətli şəkil aldığını, əhalinin su almaq üçün maddi imkanının çatmadığını vurğulayan rayon camaatı qeyd edir ki, bu şəkildə davam edərsə, işlər heç də yaxşıya doğru getməyəcək. Onlar Su-Kanal İdarələrinin rəislərinə yaranmış problemlə bağlı müraciət etsələr də, əhəmiyyət verilməyib. Daha doğrusu, idarələrin rəhbərləri bildiriblər ki, «Azərsu» rəhbərliyinin aylıq haqqını çatdırmaq üçün içməli suyu əhaliyə müxtəlif variantlarla satmaq məcburiyyətindədirlər.

Qeyd edək ki, «Azərsu» ASC-nin rəhbəri Qorxmaz Hüseynovdur. Bu şəxs şirkətə rəhbər təyinatı aldıqdan sonra adı milyardlıq qalmaqallarda belə hallanıb. Və bu yeyintiyə dair məlumatların da əsasən Bakını əhatə etdiyi vurğulanır. Amma onun rayonlarda ASC-nin nəzdində olan idarələrdə də heç də kiçik olmayan pullara göz dikdiyi də bu məlumatlardan məlum olur.
\ jam.az \
Geri qayıt