Əsas Səhifə > Siyasət, Manşet > “ÜSYANKAR PROKUROR”UN MƏSƏLƏSİ BÖYÜYÜR
“ÜSYANKAR PROKUROR”UN MƏSƏLƏSİ BÖYÜYÜR24-01-2012, 13:33 |
AZƏR VAHABZADƏ DAHA KİMLƏRİ PROBLEMLƏ ÜZ-ÜZƏ QOYUB? DİA.AZ: - "Məktəbli Tələbə" İaşə Səhmdar Cəmiyyətində yoxlamalar başlaya bilər. Buna səbəb Cəmiyyətdə külli miqdarda mənimsəmə, vergidənyayınma və digər korrupsiya hallarının olmasına dair şübhələrdir. Bu barədə redaksiyamıza etibarlı mənbə bildirib. Mənbə deyib ki, adıçəkilən cəmiyyət internat məktəblərinin ərzaqla təchizatını həyata keçirir, eyni zamanda uşaq bağçalarından tutmuş məktəblərədək bufet və yeməkxanaların ərzaq və meyvə-tərəvəzlə təchizatı da bu qurumun nəzarətindədir. Amma iddialar var ki, qurum həmin məhsulların alınması zamanı qiymətləri real dəyərindən artıq sənədləşdirməklə məşğul olub, eyni zamanda məktəblərə verilən ərzaq və meyvə-tərəvəzin miqdarı da kağız üzərində qeyd olunduğundan aşağıdır. Qaynağın sözlərinə görə, Cəmiyyətin sədri İlham Hacıyevin adı ətrafında dolaşan şübhələr xüsusilə diqqətçəkicidir. İddia olunur ki, İlham Hacıyev ayrı-ayrı qondarma firmalarla formal müqavilələr əsasında təchizatla bağlı əməliyyatlar həyata keçirməklə də ciddi korrupsiya hallarına yol verib. Həmin firmaların əksəriyyətinin mövcudluğuşübhə altındadır, bir çoxları ilə müqavilələr bağlanarkən isə tenderlərin keçirilməsi kobud qaydada pozulub. Daha doğrusu, tenderlər sadəcə sözdə keçirilib, reallıqda isə onlar barədə danışmaq mümkün deyil. Bir başqa iddiaya görə isə sənədlərdə ərzaqla təchiz edildiyi bildirilən əksər məktəblərə yemək və meyvə-tərəvəz ümumiyyətlə çatdırılmır. Bütün bu şübhə və iddiaların çoxluğu "Məktəbli Tələbə" İaşə Səhmdar Cəmiyyətində yoxlamaları qaçılmaz edib. Biz yoxlamaları hansı dövlət qurumunun aparacağını dəqiqləşdirə bilmədik, öyrəndiyimiz isə sadəcə o oldu ki, böyük ehtimalla yoxlamalar Vergilər Nazirliyi tərəfindən aparılacaq. Yoxlamaların nəticəsindən asılı olaraq Cəmiyyətin rəhbəri İlham Hacıyev haqqında sərt cəza tədbirləri görüləcəyi də istisna edilmir. Redaksiyamıza daxil olan məlumatlarda həmçinin "Məktəbli Tələbə" İaşə Səhmdar Cəmiyyətinə və onun sədri İlham Hacıyevə qarşı bu "yoxlama şoku" cəmiyyət sədrinin Abşeron rayonunun keçmiş prokuroru Azər Vahabzadə ilə əlaqələndirilir. Xatırladaq ki, Azər Vahabzadə bir müddət əvvəl Qobustan rayonuna prokuror göndərilib. Amma o, yeni təyinatı ilə razılaşmayıb və işə çıxmaqdan imtina edib. Bu isə faktiki olaraq dövlətin iradəsinə meydan oxumaqdır. Elə ona görə də hələ də işə çıxmayan və səlahiyyətləri Şamaxı rayon prokuroru tərəfindən icra edilən Azər Vahabzadəyə qarşıqəzəb günü-gündən böyüyür. Artıq yalnız "üsyankar prokuror" deyil, ona yaxın olan vəzifəli və imkanlı şəxslər də cəzalandırılmaqdadır. İlham Hacıyev də belələrindən biridir; belə ki, Hacıyev Azər Vahabzadənin yeznəsidir, onun bacısının həyat yoldaşıdır. Bildirilir ki, hətta baş nazirin müavini Abid Şərifov start verilməsinə az qalan yoxlamaların aparılmasından vaz keçilməsi üçün hərəkətə keçsə də müsbət cavab almayıb, bildirilib ki, yoxlamaların aparılması, ortadakı maxinasiya və korrupsiya hallarının aşkarlanması və günahkarların cəzalandırılması qaçılmazdır. A.Şərifovun yoxlamaların önünə keçmək cəhdi onun adıçəkilən cəmiyyətlə işbirliyində olan firmalarının zərər görə biləcəyini önləmək istəməsi ilə izah edilir, amma belə görünür ki, Azər Vahabzadəyə qarşı qəzəb elə böyükdür ki, onun görəvdə olan və yaxşı gəlir qaynaqlarına malik yaxınlarının belə, sıradan çıxarılmasına dair qəti qərar verilib. Geri qayıt |