Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELMAN RÜSTƏMOVA QARŞI DAHA BİR İLGİNC İDDİA

ELMAN RÜSTƏMOVA QARŞI DAHA BİR İLGİNC İDDİA


24-10-2013, 10:52
ELMAN RÜSTƏMOVA QARŞI DAHA BİR İLGİNC İDDİA
1995-ci ildən ölkənin bank sektoruna rəhbərlik edən Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ötən 18 il ərzində özünə külli miqdarda sərvət toplamağa müvəffəq olub. Bu barədə əldə etdiyi bilgiləri TİA.AZ-la paylaşan məlumatlı şəxs iddia edir ki, qeyri-rəsmi hesablamalara görə, onun sərvətlərinin illik artımı təxminən, 20 faiz civarındadır. Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondunun məhz Elman Rüstəmovun nəzarətində olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, ölkənin baş bankirinin adının hallandığı qalmaqallardan daha çox diqqət çəkəni bankın əməkdaşlarının həbsinə səbəb olmuş 7 milyonluq mənimsəmə faktı olub:

«O zaman Mərkəzi Bankının İdarə Heyətinin sədri özünü təmizə çıxarmaq üçün baş verənlərdən xəbərsiz olduğunu bildirmişdi. Bununla yanaşı, o, qeyd etmişdi ki, məsələnin üstünü şəxsən özü açıb. Lakin nədənsə bu bir o qədər də inandırıcı görünmür. Baş bankirin adının hallandığı daha bir qalmaqal isə bir müddət öncə Elman Rüstəmovun bir müğənni xanıma ad günündə hədiyyə etdiyi yüz min dollarlıq bəxşiş ilə bağlı olub».

Hazırda ayrı-ayrı məmurların himayəsi altında fəaliyyət göstərən bir sıra banklar arasındakı rəqabətin sağlam xarakter daşımadığını və hətta düşmənçilik həddinə çatdığını iddia edən məlumatlı şəxs Mərkəzi Bank rəhbərliyinin bütün bunlardan xəbərdar olduğunu bildirir: «Belə ki, Elman Rüstəmova da bəllidir ki, «Bank of Baku» rəhbərliyi özünə rəqib kimi gördüyü bəzi banklara qarşı xüsusi kampaniya həyata keçirir. Və bu tip kampaniyalar Mərkəzi Bankla razılaşdırıldıqdan sonra tətbiq olunur. Artıq çoxlarına bəllidir ki, «Bank of Baku» «Unibank»ın fəaliyyətinin dayandırılması üçün bir sıra tədbirlərə baş vurub. Bu məsələdən Elman Rüstəmov da kifayət qədər bilgilidir və hətta demək olar ki, konflikt Mərkəzi Bank rəhbərliyinin himayəsi altındadır. Yəni Mərkəzi Bank rəhbərliyi baş verənləri ən azından susması ilə təqdir etdiyini ifadə etməkdədir».

Bu arada, bir müddət əvvəl Bakı şəhər sakini Dilarə İmanovanın bir qrup adamla əlbir olaraq 100-ə yaxın şəxsin aldatma yoluyla ümumilikdə 3 milyon 500 min manat vəsaitini mənimsədiyini qeyd edən mənbə bildirir ki, bu işdə Dilarə İmanovaya onunla qohum olan Saleh İsmayılov kömək edib: «Lakin 6 saylı Cəzaçəkmə Müəssisəsində məhbəs həyatı yaşayan Saleh İsmayılov bunun tam əksini iddia edib. Belə ki, o bir müddət öncə mətbuat orqanlarından birinə ünvanladığı məktubda Dilarə İmanovanın ona da 700 min manatdan artıq ziyan vurduğunu qeyd edib. «700 min manatdan çox pulum gedib. Məhkəmələrin «ədalətli» hökmü ilə 10 il Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun yerinə cəza çəkirəm» deyən Saleh İsmayılov bildirib ki, Dilarə İmanova onunla tanış olarkən Elman Rüstəmovun bacısının həyat yoldaşı olduğunu söyləyib. «Bildirdi ki, övladının litseydə oxuma xərcini də Mərkəzi Bankın rəhbəri ödəyir. Mənə Elman Rüstəmovun sayəsində maşın biznesilə məşğul olduğunu dedi. Dilarə kreditə maşın satır, sonradan banklardan nömrəsiz qəbzlər göndərərək faizləri sildirirdi. Maşın alanlar da faiz ödəmədən, o cümlədən pulu hissə-hissə tələb edildiyi əksər müştərilər ondan maşın alırdı. 9 ildə yüzlərlə vətəndaş ondan maşın alıb. 2008-ci ildə nömrəsiz qəbzlər gəlmədiyi üçün faizlər silinmədi.

Müştərilər faizlərə görə narazılıq edirdilər. Dilarə də mənə dedi ki, Elman Rüstəmov vəziyyətin yaxşı olmadığını söyləyib. Bu işdə ona kömək etməyimi xahiş etdi. Mən də ona inanıb 700 min manat pulunu banklara ödədim» deyən Saleh İsmayılov Dilarə İmanovanın sözü ilə vətəndaşlara vədlər verirmiş». Mənbənin sözlərinə görə, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində məhbəs həyatı yaşayan Saleh İsmayılov bir qədər sonra Dilarə İmanovanın onu aldatdığını, yəni Elman Rüstəmovla qohum olmadığını öyrənib: «Lakin buna baxmayaraq, Saleh İsmayılov yenə də Dilarə İmanovanın Elman Rüstəmov tərəfindən himayə olunduğunu bildirib...»

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt