Əsas Səhifə > Sosial, Manşet > RAYON İCRA BAŞÇISI ARTIQ GETMƏK İSTƏDİYİNİ BİLDİRİB
RAYON İCRA BAŞÇISI ARTIQ GETMƏK İSTƏDİYİNİ BİLDİRİB25-10-2013, 10:23 |
HANSI ƏYALƏT RAYONLARININ RƏHBƏRLƏRİ NÖVBƏTİ PROSESDƏ ƏLƏNƏCƏK? DİA.AZ: - Dünən məlumat verərək bildirdik ki, NK-dakı kadr islahatları ilə yanaşı, rayon icra başçıları ilə bağlı da kadr islahatlarının həyata keçirilməsi nəzərdə tutulub. Məlumatımızdan o da aydın oldu ki, artıq paytaxtın 4 rayonunun rəhbərinin dəyişdirilməsi gündəmdədir. Və xəbərə görə, eyni zamanda əyalət rayonlarında da kadr islahatları həyata keçiriləcək. DİA.AZ-a daxil olan informasiyalara görə, prezident İlham Əliyevin yaxın günlərdə bəzi rayonların icra başçılarını dəyişməsi gözlənilir. Hökumətin tərkibində baş verən son yerdəyişmə və yeni təyinatlar bir daha sübut etdi ki, ölkə rəhbəri vəzifəsinə laqeyd yanaşan məmurları əfv etmir. Eləcə də icra hakimlərinin bir neçəsi barədə bu cür qərarın veriləcəyi ehtimal edilir. Bəs, görəsən hansı icra başçıları işini itirməli olacaq? Vəzifədən getməyə ən real namizədlərdən biri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdir. 1939-cu ildə Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olan icra başçısı 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, 2000-2004-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb. Prezidentin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Aldığımız məlumatda qeyd olunur ki, Şəmsəddin Xanbabayev özü vəzifədən getmək istəyir: «74 yaşlı icra başçısı artıq istirahət etmək fikrindədir. Son aylar ümumiyyətlə, rayonda baş verən proseslərə elə də ilgi göstərmir. Səlahiyyətlərinin çoxunu müavinlərinə həvalə edib. Rayon rəhbəri yaşı ilə bağlı olaraq çox yorulub. Sakinlərlə keçirdiyi görüşlərdə dəfələrlə söyləyib ki, artıq səhhətindəki bəzi problemlər ona əvvəlki kimi işləməyə imkan vermir. İşdən çıxmaq istəyini Prezident Administrasiyasında yüksək vəzifə tutan dostlarına da deyib. Onlar da öz növbələrində bunu anlayışla qarşılayıblar. Bu baxımdan Şəmsəddin müəllimin icra başçısı vəzifəsi postundan kənarlaşdırılması real variantdır». Şəmsəddin Xanbabayevdən fərqli olaraq Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Nayfalı oğlu Quliyev sırf vətəndaşların qeydinə qalmadığı üçün işdən azad edilə bilər. Məlumat üçün yazaq ki, o, 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Karyerası ərzində bir sıra vəzifələrdə işləyib. 2000-ci ildən etibarən isə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur. 13 ildir vəzifədə oturmasına baxmayaraq, Mahmud Quliyev Cəbrayıl sakinlərinin müxtəlif sosial problemlərinin həll olunması istiqamətində demək olar ki, heç bir addım atmayıb. Onun adı mətbuat səhifələrində daim qalmaqallı olaylarda, yeyinti faktlarında çəkilib. Qısaca bildirək ki, icra başçısı qanunları pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun istər Bakıda, istərsə də ölkənin ayrı-ayrı rayonlarında böyük biznesi var. Bir sözlə, icra hakimi Cəbrayıl rayonundan məcburi köçkün düşən şəxslərin sosial rifahının yaxşılaşması üçün yox, özünün maddi vəziyyətinin inkişafından ötrü çalışır. Mötəbər qaynaqların DİA.AZ-a verdiyi informasiyaya görə, işində yol verdiyi çoxsaylı nöqsanlara, dövlət büdcəsinə vurduğu ziyana görə Mahmud Quliyev ən uzağı yanvar ayına kimi işdən çıxarılacaq: «İcra hakimi bütün şansları boşa verib. Cəbrayıllılar onun özbaşına əməllərindən beziblər. Rayon rəhbərindən şikayətlərin artması yuxarı orqanları bu məsələyə əncam çəkməyə vadar edib. Qərar isə çox güman ki, icra hakiminin başqa şəxslə əvəz edilməsi olacaq». Ağdam RİH-in başçısı Nizami Sadıqov da «gedənlər karvanı»na qoşulma ehtimalı yüksək olan şəxslərdəndir. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyən məmur 2009-cu ildən, yəni Ağdamın icra başçısı olandan bu vaxta kimi rayon sakinlərinin xeyrinə-şərinə yaramayıb. Onun həyata keçirdiyi müxtəlif özbaşınalıqlara etiraz edən sakinlər icra başçısının dəyişdirilməsi tələbi ilə bir neçə dəfə prezidentə müraciət ediblər. Amma hər dəfə icra başçısına güzəşt edilib, özünü yaxşı tərəfdən göstərməsi üçün vaxt verilib. Görünür, Nizami Sadıqov bunu dəyərləndirə bilməyib. Bu üzdən də belə məlumatlar dolaşır ki, o da yuxarıda adlarını qeyd etdiyimiz icra başçıları kimi sabiqlər sırasına daxil olmağa çox yaxındır. Onu da bildirək ki, redaksiyamız tərəfindən yol üstündə olan digər rayon rəhbərləri ilə bağlı da materiallar hazırlanmaqdadır. Zaman-zaman həmin bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin... Qarşı tərəflərin də cavab haqqını tanıyırıq. Geri qayıt |