Əsas Səhifə > Güney Press, Araşdırma > İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ
İSMƏT ABBASOVUN "SAĞ ƏLİ" HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ25-10-2013, 12:36 |
"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatındadır. Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin 835.5 min manat dəyərində mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə həbs edilib. "Aqrolizinq"dəki korrupsiyanın dərin kökləri Qeyd edək ki, "Aqrolizinq" Azərbaycanın ən çox korrupsiyalaşmış qurumlarından hesab olunur. Bu səhmdar cəmiyyətə ayrılan dövlət vəsaitlərini bir çox hallarda təyinatı üzrə xərcləmədiyi və ya xərclərin şişirdildiyi çoxdan məlum olan, iqtisadçı ekspertlər və mediada ciddi müzakirə edilən məqamlardandır. Hətta iş o yerə çatdı ki, bu ilin fevralında prezident İlham Əliyevin yanında keçirilən müşavirədə ölkə başçısı kənd təsərrüfatı ilə bağlı məsələlərə də xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd əməllərlə bağlı çıxış elədi. Ölkə başçısı bu məsələ ilə bağlı olduqca kəskin xəbərdarlıqlar etdi. Bildirdi ki, bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu da onu göstərirdi ki, Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyətdə korrupsiyanın səviyyəsi elə bir həddə çatıb ki, artıq dövlət rəhbəri də məsələyə münasibət bildirməli olub. Ona görə də indi Əli Bayramovun səhmdar cəmiyyətinin hansısa filial müdirinin az qala 1 milyon dollarlıq mənimsədə ittiham edilməsi təəccüb doğurmur. Amma maraq doğuran başqa məqamlar var. Onlar "qurban"lardır? Əvvəla, hansısa filial direktoru bu qədər vəsaiti təkbaşına mənimsəyə bilərdimi? Mənimsəmədən "Aqrolizinq"in daha yuxarı rəhbər şəxslərinə "pay" çatmadığı təqdirdə bu qədər iri həcmli vəsaiti ələ keçirməyə kim cəsarət edə bilər? İkinci: əgər "Aqrolizinq"in adi bir filialında 835 min manatlıq yeyinti mümkündürsə, o zaman səhmdar cəmiyyətin rəhbərliyi səviyyəsində dövlət büdcəsindən ayrılan on milyonlarla manatın taleyindən şübhələnməyə əsas yaranır. Xüsusən də Əli Bayramovun şəxsi sərvəti haqqında KİV-də davamlı səslənən faktlar, onun hətta fotoları belə mətbuata çıxan bəzi bahalı mülkləri barədə bilgilər həmin şübhələri qüvvətləndirir. Ümumiyyətlə isə bəzi müşahidəçilərə görə, adıçəkilən səhmdar cəmiyyətin həbs edilən hər hansı aşağı ranqlı əməkdaşı olsa-olsa, "qurban"dır. Onlar səhmdar cəmiyyətin ən üst rəhbərliyi səviyyəsindəki korrupsiya əməliyyatlarının bir parçasına çevrilir, son nəticədə özləri "ilişir", rəhbərlik isə sudan quru çıxmağı bacarır. Amma o da istisna olunmur ki, artıq elə bir vəziyyət yaransın, "Aqrolizinq"in rəhbəri Əli Bayramovun özünün də aşkarlanan korrupsiya əməliyyatlarına görə istintaqa cəlb edilməsi reallaşsın. Filial rəhbərlərinin fərqli taleyi "Aqrolizinq"in filial rəhbərlərinin səhmdar cəmiyyət daxilindəki korrupsiya zəncirinin sadəcə, bir həlqəsi olmasını təsdiqləyən başqa nüanslar da var. Məsələn, bir müddət əvvəl Əli Bayramovun rəhbərlik etdiyi qurumun Saatlı rayon filialının müdiri də korrupsiya səbəbi ilə çətin vəziyyətdə qalıb, həmin filialda yetərincə ciddi mənimsəmə faktları aşkarlanıb, amma hansısa yollarla bu faktlar ört-basdır edilib, Saatlı filialının rəhbəri isə Sabirabad filialının rəhbərliyinə "transfer" edilib. Bu da onu göstərir ki, "Aqrolizinq" rəhbərliyi mümkün olduğu qədər yeyintidə iştirak edən yerli əməkdaşlarını qoruyur, amma bəzən də bu mümkün olmur. Hansı ki, biz belə bir halı İmişli filialının rəhbərinin timsalında müşahidə edirik. Bəs ekspertlər nə deyir? "Aqrolizinq"in korrupsiyalaşmasına dair müstəqil iqtisadçı ekspertlərin rəyi də birmənalıdır. Məsələn, ölkənin kənd təsərrüfatı üzrə tanınmış mütəxəssislərindən Vahid Məhərrəmovun adıçəkilən səhmdar cəmiyyətlə bağlı bir müddət əvvəlki açıqlamalarını heç bir şərhsiz diqqətinizə çatdırırıq: ""Aqrolizinq"in fəaliyyətində şəffaflıq yoxdur. Bu qurum öz fəaliyyəti ilə bağlı hesabat vermir. "Aqrolizinq" 2005-ci ildən üzübəri xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, "Aqrolizinq"in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır. Ona görə də təklif edərdim ki, müvafiq dövlət orqanlarının nümayəndələri ilə yanaşı, müstəqil ekspertlərdən ibarət komissiya yaradılsın və bu komissiya gübrələrin keyfiyyətinin yoxlanılması ilə məşğul olsun. Düşünürəm ki, "Aqrolizinq" ASC-nin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər maxinasiya və korrupsiya hallarına yol verilibsə, dərhal cinayət işinə başlanılmalıdır. Aqrar sektorun, xüsusilə də heyvandarılığın ləng inkişafında bu qurumun günahı çoxdur. Bu cəmiyyət artıq özünü doğrultmayıb. Cavabdehlik olmadığından bu qurum ləğv olunmalıdır". Nəticə: Mətbuatın yazdıqlarında qeyri-peşəkarlıq axtaran "Aqrolizinq" rəhbərliyinin yuxarıdakı mütəxəssis rəyinə reaksiyasının necə olduğu bizə çox maraqlıdır. Hər halda onları da hansısa mətbu orqan qərəzli şəkildə yazmır, aqrar sektorla bağlı ölkənin tanınmış ekspertlərindən biri deyir. Və bu deyilənlərdən də Əli Bayramovun rəhbərlik etdiyi qurumda vəziyyətin şəffaflıq, hesabatlılıq və səmərəlilik baxımından nə qədər acınacaqlı olduğu təkzibedilməz arqumentlərlə ortaya çıxır. Geri qayıt |