Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ-İN KORRUPSİYALAŞMIŞ QAZ SİYASƏTİ

ARDNŞ-İN KORRUPSİYALAŞMIŞ QAZ SİYASƏTİ


25-01-2012, 11:45
ARDNŞ-İN KORRUPSİYALAŞMIŞ QAZ SİYASƏTİ

«AZƏRİQAZ»IN FIRILDAQÇI BİLDİRİŞLƏRİNİN SİRLƏRİ

DİA.AZ: - Son illərdə respublikamızda müvafiq qurumlar tərəfindən qaz təchizatı sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb. Bu addımların atılmasında əsas məqsəd qaz təchizatı prosesinin şəffaflaşdırılması istiqamətində ortaya çıxan qanunsuzluqları müəyyənləşdirmək və korrupsiyaya şərait yarada biləcək halları minimuma endirməkdir. Xatırladaq ki, «Azəriqaz» işçilərinin fırıldaqlarının sayı artmaqdadır.

2009-cu ilə qədər Qapalı Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərən qurum üzvlərinin özbaşınalıqları bitib tükənmək bilmir. Həmin il prezident İlham Əliyevin sərəncamı ilə qapalı səhmdar cəmiyyət kimi ləğv edilərək Azərbaycan respublikası Dövlət Neft Şirkətinin nəzdinə verilən «Azəriqaz» Əlixan Məlikovun xələfinin fəaliyyəti dövründə də qənaətbəxş fəaliyyət göstərə bilmədi. Xatırladaq ki, qapalı səhmdar cəmiyyətin 2009-cu ildə fəaliyyətinin ləğv edilməsindən sonra qazın hasilatı artdı, habelə bir sıra qanunvericilik aktları qəbul edilib. Eyni zamanda 2010-cu ilin 12 mayında Nazirlər Kabineti qazdan istifadə qaydaları haqqında qərar qəbul edib. Həmin qaydalara uyğun olaraq 2 müqavilə forması müəyyənləşdirildi. Bunlar fiziki şəxslər və müəssisələr arasında bağlanan müqavilə formalarıdır. Lakin bütün bulara baxmayaraq, əhaliyə qazın verilməsində, istehlakçı-təchizatçı münasibətlərində hələ qanunsuzluqlar, problemlər mövcuddur. Belə ki, müqavilə formaları qüsurludur. 2010-cu ilə qədər qüvvədə olan əvvəlki müqavilə forması sırf təchizatçının xeyrinə hazırlanmışdısa, indiki bir qədər fərqlənir. Qüvvədə olan Mülki Məcəlləyə əsasən balansçılıq nəzərə alınmırdı. Qəbul olunan qərarlarda bir sıra zidiyyətli məqamların olması da diqqəti cəlb edir. Belə ki, tüstü bacasının təmizlənməsinin istehlakçıların üzərinə qoyulması anormaldır. Halbuki bəyənmədiyimiz sovet dövründə bu işi Mənzil Kommunal İstismar Sahələri - «JEK»lər həyata keçirirdi. Nəzərə almaq lazımdır ki, burada söhbət əhalinin təhlükəsizlik məsələsindən gedir, buna görə də əsas məsuliyyəti aidiyyəti qurumlar çəkməlidir.

Azərbaycanın qaz sektorunda korrupsiyaya dair faktlar hətta antikorrupsiya dövründə də azalıb tükənmədi. Belə ki, «Azəriqaz»ın bəzi işçiləri bir sıra hallarda istehlakçılara uduzduqları məhkəmə qərarlarını icra etməkdən imtina edirlər. Qurum istehlakçılara şifahi veriləsi sənədləri təqdim etmir. Dəfələrlə məhkəmə qərar çıxarsa da, həmin sənədləri çətinliklə əldə etmək mümkün olur. Məhkəmə qətnamələrinin problemli icrası ilə yanaşı, natamam icrası da var. Bunu qeyri-hökumət təşkilatlarından birinin rəhbərinin «Azəriqaz» İstehsalat Birliyinin 4 nümayəndəsi ilə birlikdə 15 abonentin mənzilində reydlər də sübut edir. Mənzillərdən 12-də sayğac göstəriciləri artırılması qeydə alınıb. Sayğac sərfiyyatı 100 kub.metr göstərilən vətəndaşların mənzillərindəki bu rəqəmlər 120, 150-160 kubmetr kimi qeyd olunur. Heç kimin yaşamadığı mənzilə 1138 kubmetr qaz sərfiyyatı ilə bağlı bildiriş yazılıb. Bundan əlavə reydlər zamanı 2001-ci ildən yaşayış olmayan bir mənzillə bağlı maraqlı fakt üzə çıxıb. 2006-ci ildə ora sayğac quraşdırılarkən, yaşayışın olmamasına dair akt yazılıb. Sayğacda sıfır göstərilməsinə baxmayaraq, ilin əvvəli üçün həmin mənzilə 1610 kummetr qaz istehlakına görə borc hesablanıb. Fizikada enerjinin itməməsi qanunu var, artıq yazılan qaz pula çevrilərək kimlərinsə cibinə gedir.


Geri qayıt