Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASINDA NƏLƏR BAŞ VERİR?
DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASINDA NƏLƏR BAŞ VERİR?28-10-2013, 09:13 |
Redaksiyamıza Dövlət Rəssamlıq Akademiyasının müəllim və professor heyətinin imzası ilə şikayət məktubu daxil olub. Məktubda Akademiyada qeyri-peşə sahiblərinin rəhbərliyə gətirilməsi və bu səbəbdən də təhsil alan tələbələrin gələcəyin rəssamları, memarlar, dizaynerləri olacağına ümidin az olduğundan bəhs edilir. Qeyd olunur ki, bu özbaşınalıqlarla razılaşmayan ixtisas müəllimləri isə tədris işləri üzrə prorektor vəzifəsi tutmuş dil-ədəbiyyat müəllimi Validə Məmmədova tərəfindən daim sıxışdırılmaqdadır. Şikayətçilər bildirirlər ki, bu məsələ qanuni həllini tapmasa, Dövlət Rəssamlıq Akademiyasında gələcəyin rəssamları, memarları deyil, "diplomlu" qeyri-peşə sahibləri yetişəcək. Şikayət məktubunda bildirilir ki, 2010-cu ildən başlayaraq Akademiyada mütəxəssis hazırlığına deyil, əsasən qeyri-fənlərin tədrisinə üstünlük verilir, bu da tələbələrin peşəyə yiyələnməsinə yox, bir qrup qeyri-ixtisas sahiblərinin dövlət büdcəsinin mənimsənilməsinə xidmət etməkdir: "Məsələn, incəsənət sahəsində heç bir xidmətləri bilinməyən, lakin əməkdar incəsənət xadimi adını daşıyan, keçmiş APİ-nin Azərbaycan və ədəbiyyat müəllimi ixtisası alan V.Məmmədovanın tədris işləri üzrə prorektor vəzifəsinə təyin edilməsi bu Akademiyada kadr hazırlığına böyük zərbədir. Keçmiş təhsil naziri M.Mərdanovun kadrı olan bu şəxsin gələcək rəssamlığın məhv olmasına xidmət edən idarəçiliyi nə dövlətimizə, nə onun prezidentinə, nə də rəssam olmaq həvəsiylə Akademiyaya üz tutan tələbələri qane edə bilməz. Öz peşələrini dərindən bilən pedoqoqlarla V.Məmmədovanın razılaşmaması əslində başa düşüləndir. Onun ixtisasının incəsənətlə heç bir əlaqəsinin olmaması əslində bu incəsənət ocağını məhvə apardığı gözlənilən idi. V.Məmmədova bütün bu qeyri-peşəkar idarəçiliyini həmişə Akademiyanın rektoru Ömər Eldarovun, ya da yüksək vəsifə sahiblərinin adıyla bağlayır. Guya, bu şəxs dövlətin əsas dayaqlarından birinin adamıdır". Şikayət məktubunda daha sonra yazılır: "Bizim üçün ağır olan məsələlərdən biri də odur ki, əsası 2000-ci ildə H.Əliyev tərəfindən qoyulan bu incəsənət ocağı məhv olmaq təhlükəsi ilə üz-üzədir. 2012-ci ildə tikilib istifadəyə verilən və şəxsən cənab prezident İ.Əliyevin iştirakı ilə açılışı olan Akademiyanın örtüyündən yağış damır, zirzəmi isə qrunt suları ilə dolub". Şikayət məktubunda deyilənlərin nə qədər həqiqət olub-olmadığını öyrənmək üçün Akademiyanın memarlıq kafedrasının müdiri, dosent Vaqif Məmmədovla görüşdük. V.Məmmədov bildirdi ki, bu incəsənət ocağında sözün əsl mənasında anarxiyadır: "Qeyri-peşə sahiblərinin rəhbər vəzifələrə təyinatı bu elm ocağının gələcəyini məhv etməyə yönəlib. Belə davam edərsə, yəqin gələcəkdə azərbaycanlı memarlara və rəssamlara ölkədə rast gəlmək mümkün olmayacaq. İş o yerə çatıb ki, IV kursda memar ixtisası üzrə təhsil alan tələbələrə "Ekologiya" fənni 60 saat, "Mühit ekologiyası" fənni isə 45 saat nəzərdə tutulub. Halbuki bunlar eyni fəndir. Bunları birləşdirib 30 saatliq dərs yükü təşkil etmək olar. Memar ixtisaslı tələbələrə V simestrdə həm "Şəhərsalmanın əsasları", həm də "Şəhərsalma landşaft" fənləri tədris olunur. "Şəhərsalmanın əsasları" fənni kecmədən "Şəhərsalma və landşaft" fənni kecmək ağlabatan məsələ deyil. Lakin tələbələr ardıcıl olaraq bu fənlərə məcburi cəlb edilir və tədris prosesi kobud şəkildə pozulur. Hansı ki, V semestrdə "Şəhərsalmanın əsasları" 30 saat, VI semestrdə isə "Şəhərsalma və landşaft" 60 saat tədris olunmalıdr. Məlum məsələdir ki, interyer üzrə dizayner ixtisaslı quruplara "Binalarda mühəndis sistemləri" fənni mütləq keçirilməlidir. Bu fənni keçməklə tələbələr elektrik, kanalizasiya xətləri, su sistemi, havalandırma və isitmə sistemləri haqqında məlumat əldə edirlər. Dəfələrə deyilməsinə baxmayaraq, bu fənn tədris proqramında yerləşdirilməyib. Lakin bu barədə illərdir tədris ilinin əvvəlində şifahi və yazılı şəkildə tədris işləri üzrə prorektor V.Məmmədovaya bildirilsə də, o, "Təhsil Nazirliyi icazə vermir" deyərək yaxasını kənara çəkir. Hansı ki, nazirlik bütün proqram və dərsliklərin yazılmasını hər bir tədris ocagının özünə həvalə edir. İnteryer qruplarında lahiyələndirmə dərsləri azaldılaraq həftədə 1 saat olmaqla (45 dəqiqə) fərdi şəkildə kecirilir. Görəsən, 45 dəqiqə içərisində həftədə 1 saat olmaqla tələbələrə nə öyrətmək olar? Bunun əvəzində isə, VIII semestrdəki qeyri-profil dərsləri cədvələ belə yerləşmir. Bununla da tədrislə bağlı dövlət standartları kobudcasina pozulur. Tədris prosesinin başlanmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də dərs jurnaları yoxdur, tələbə biletləri paylanmayıb, memarlıq layihəsi dərsləri isə hələ də 1-ci kursa keçirilməyib. Bütün bunlara görə tələbələr dərslərdə iştirak etməkdən boyun qaçırırlar. Üzlük materiyalar, mühit ekologiyasi dərsləri isə, ümumiyyətlə, keçilmir. Bütün bunlardan bezən tələbələr dərs saatlarını yeməkxanada keçirməklə dərs vaxtının bitməsini gözləyirlər. Buna görə Elmi Şurada tələbələrin yeməkxanadan çıxarıb dərs prosesinə cəlb etmək məsələsi müzakirə olunub, qərar cıxarılsa da, buna məhəl qoyan yoxdur. Cünki bunlar yeməkxananın himayədarı, inzibati işlər üzrə prorektor Ramazan Şükürovun maraqlarına cavab vermir. Akademyanın həyəti malbert sınıqları ilə doludur. Tədris prosesində isə malbert catışmır. Təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsinə 70 yaşlı Həmid Zeynalov sahiblik edir. İxtisasca iqtisadci prorektor postunu tutan bu 70 yaşlı qocanın nitqi qüsurlu olduğundan, danışa bilmir, köməksiz cətinliklə yeriyir. Təlim-tərbiyənin elmdə nə qədər vacib rol oynadığını nəzərə alsaq, belə bir tədris ocağında bu sahəyə xəstə bir qocanın rəhbərlik etməsi tələbələr arasında narazılıq yaradır. Akademyanın Elmi Şurasına vacib olan seckilər belə kecirilmir. 2 ildir ki, sənətşünaslıq fakültəsinin dekanı dil-ədəbiyyat müəllimidir. Hansı ki, dekan seçki yolu ilə seçilməlidir. Bu qanunsuzluğa görə bir qrup müəllim və professor iclas keçirdik. İclasda çıxış edən müəllim və professor heyəti çıxışlarında tədris işələri üzrə prorektor vəzifəsini daşıyan V.Məmmədovanın yarıtmaz fəaliyyətini tənqid etdilər. Rektorumuz akademik, gözəl insan Ömər Eldarov yaşlı adamdır. O, bəzən bütün işlərə nəzarət edə bilmədiyindən, əsas məsələlərə ədəbiyyat müəllimi V.Məmmədova rəhbərlik edir ki, narazılıqlar da bundan başlayır. Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva incəsənətimizin dünyada tanınması üçün illərdir böyük zəhmət çəkir. Ona görə biz də istəmirik ki, bu incəsənət ocağı kimlərinsə himayədarlığı ilə vəzifə tutanların əsiri olsun. Əminəm ki, təhsil naziri cənab M.Cabbarov, eləcə də incəsənətimizin qarantı olan Mehriban xanım Əliyeva bu məsələyə biganə qalmayacaqlar". \ tezadlar \ Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |