Əsas Səhifə > Sosial, Manşet > DEPUTATIN ŞİRKƏTİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT

DEPUTATIN ŞİRKƏTİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT


29-10-2013, 12:15
DEPUTATIN ŞİRKƏTİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT
ƏSABİL QASIMOVUN ŞİRKƏTİNİN ERMƏNİSTANLA ƏLAQƏLƏRİ ARAŞDIRILACAQ

DİA.AZ: - Azərbaycanın millət vəkillərindən birinin başında dayandığı şirkətin Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Qarabağda, Xocalıda minlərlə bacı və qardaşımızı vəhşicəsinə qətlə yetirmiş düşmən Ermənistanla biznes əlaqələrinin mövcudluğu haqda mətbuatda yetərincə yazılıb. Söhbət Əsabil Qasımovun “Karat” şirkətindən gedir və redaksiyamıza bu barədə çox maraqlı məlumatlar daxil olub.

Məsələnin maraqlı olması səbəbindən DİA.AZ redaksiyası olaraq sözügedən istiqamətdə müəyyən araşdırmalar aparmaq qərarına gəldik və çox ilginc məqamları üzə çıxardıq. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, 79 saylı İmişli seçki dairəsindən millət vəkili olan Əsabil Qasımovun biznes strukturu olaraq tanınan "Karat" şirkətinin neçə illərdir ki, Ermənistanla biznes əlaqələri mövcuddur. "Karat" şirkətinin istehsal etdiyi mallar - kəpək və yumurta neçə illərdir ki, Ermənistana ötürülür. Bunun üçün araçılıq edən isə İran İslam Respublikasına aid daşıma şirkətlərindən biridir.

Mənbənin bildirdiyinə görə "Karat" firması hər ilin əvvəlində İran şirkəti ilə illik müqavilə bağlayır. Müqaviləyə əsasən "Karat" istehsal etdiyi kəpək və yumurtanın böyük bir hissəsini İran şirkətinə verir. İran maşınları ilə daşınan bu mallar sərhədi keçdikdən sonra birbaşa Ermənistana doğru istiqamətləndirilir.

Hər gün "Karat"ın dəyirman və broyler fabriklərində 10-15 maşın yüklənir və bu yük Ermənistana istiqamətlənir. Müqavilədə Ermənistana daşınan kəpək və yumurtanın qiyməti isə Azərbaycan bazarında olduğundan iki dəfə ucuz olur.

Mənbənin bildirdiyinə görə Ermənistana aparılan kəpək və yumurta düşmən ölkənin donuzçuluq təsərrüfatlarında istifadə edilir. Belə ki, son illər Ermənistanda donuzçuluq böyük inkişafa malik olub və ölkənin xaricə ixrac etdiyi məhsullar içində donuz əti birinci yerlərdən birini tutur.

Bizim "Karat" rəhbərliyinin bu maxinasiyadan xəbəri varmı?" sualımıza mənbə bildirdi ki, əgər o, "Karat" firmasının orta səviyyəli bir işçisi kimi bütün bunlardan xəbərdardısa, o zaman şübhəsiz ki, rəhbərlik də bundan xəbərdardır: "Digər tərəfdən, onlar yaxşı bilirlər ki, müqavilə bağladıqları İran şirkətinin Ermənistanla sıx əlaqələri var və onların məhsulları hansı ünvana ötürülür".

Mənbə əlavə olaraq onu da vurğuladı ki, Əsabil Qasımov şəxsən bütün bu maxinasiyalardan xəbərdardır: "Sadəcə İran şirkətindən qalxan kimi istifadə olunur. Bu biznesin araçıları iranlılar olsa da, "Karat"ın rəhbərliyi birinci gündən bu biznesin ən kiçik detallarını belə bilir".

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, deputatın şirkətinin bu kimi biznes əlaqələri artıq Azərbaycanın hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etdiyindən “Karat”ın fəaliyyəti araşdırmaya götürülüb. Hətta məlumatı verən mənbə iddia edir ki, Əsabil Qasımovun şirkətinə qarşı xüsusi əməliyyat da həyata keçirilə bilər.

Bütün tərəflərin mövqelərini dinləməyə hazırıq...

Geri qayıt