Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİRABADDA VƏZİYYƏT URUSCADIR...

SABİRABADDA VƏZİYYƏT URUSCADIR...


30-10-2013, 09:31
SABİRABADDA VƏZİYYƏT URUSCADIR...
NAZİM İSMAYILOVUN "GÖZƏLLƏŞDİRMƏ" SİYASƏTİ

Ölkə rəhbərliyinin göstərdiyi böyük diqqət və qayğı nəticəsində regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə çox mühüm işlər həyata keçirilməkdədir. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına bölgələrdə geniş quruculuq-abadlıq işləri həyata keçirilir, əhalinin sosial problemləri yoluna qoyulur. Təbii ki, vətəndaşlar rahat yaşayanda, problemlərdən uzaq olanda heç nədən və heç kimdən şikayət etmirlər. Ancaq onlar müxtəlif problemlərlə, xüsusi olaraq da məmur özbaşınalıqları ilə üzləşəndə bunu qəbul edə bilmirlər.

Bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri prezidentin etibarından sui-istifadə edirlər. Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nazim İsmayılov da belə məmurlardan biridir. Əvvəla qeyd edək ki, adıçəkilən şəxsin yarıtmaz əməlləri ilə bağlı mətbuat orqanlarında dəfələrlə tənqidi məlumatlar verilib.

Təəssüf hissi ilə bildirmək istəyirik ki, icra hakimi tənqidlərdən heç bir nəticə çıxarmayıb. Əksinə, qanunsuz işlərini günü-gündən daha da intensivləşdirir ki, bu da sonda sakinlərin narazılığı ilə qarşılanır. Məlumat üçün bildirək ki, 61 yaşlı icra hakimi 2011-ci ildə bu vəzifəyə qoyulub. Karyerası ərzində elə də ciddi vəzifələrdə işləməyib. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 2013-cü ilin geridə qalan ayları ərzində Sabirabadda bir sıra problemlər baş qaldırıb. Əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə əməli tədbirlər həyata keçirilməyib: «Nazim İsmayılov Sabirabada rəhbər təyin ediləndən sonra ölkə başçısının sərəncamları ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.

Bu ilin ilk aylarında tikinti-quraşdırma işlərinin həcmi 2 milyon 136 min manat, sənaye məhsulunun həcmi 1 milyon 599 min manat, rabitə xidməti 147 min manat, ticarət xidməti 40 milyon 135 min manat, pullu xidmət 9 milyon 345 min manat, kənd təsərrüfatı məhsullarının istehsalı isə 22 milyon 525 min manat, investisiya qoyuluşu 17 milyon 976 min manat olub. Bu, icra başçısının hesabat yığıncağında söylədiyi statistik rəqəmlərdir. Əslində, rayonda təmir-tikinti işləri üçün nəzərdə tutulan vəsaitlərin böyük hissəsi təyinatdan kənar məqsədlər üçün istifadə edilməkdədir. Başqa sözlə desəm, həmin məbləğin yetərli bir qismi icra hakiminin şəxsi büdcəsinə yönəldilib. Sabirabaddan yolu düşənlər yəqin ki, burda mərkəzi və məhəllədaxili yolların vəziyyətini görüblər. Bəzi mərkəzi hissələr istisna olmaqla, rayonun yolları bərbad haldadır. İcra hakimi niyə büdcə pullarını qarşıya qoyulan tapşırıqların icra olunmasından ötrü sərf etmir? Çünki bu işləri görsə, ona heç nə qalmayacaq. Bir müddət əvvəl Kürkənd magistral yolu asfaltlaşdırılıb. Bir ilin içində həmin yolu üç dəfə təmirə bağlayıblar.

Rayon rəhbəri bununla da bəzi niyyətlərini həyata keçirmiş olur». Verilən informasiyaya görə, icra başçısının əsas qazanc mənbələrindən biri də rayonun mərkəzində yerləşən binaların dam örtüyünün və fasadının dəyişdirilməsi ilə bağlıdır: «Nazim İsmayılov guya rayonu gözəlləşdirmək istəyir. Reallığa qalanda isə onun əsas niyyəti Sabirabadın büdcəsini məhv edib rayonu inkişafdan saxlamaqdır. Hələ ki, başçı bunu müvəffəqiyyətlə həyata keçirməyi bacarır. Təmir adı altında rayona xüsusi yaraşıq verən tarixi binalar sökülüb. Yerində isə hansısa iş adamları obyekt tikdiriblər. Qeyd edim ki, Rayon İcra Hakimiyyətinin inzibati binasının fasadı dəyişdirilərkən xeyli miqdarda büdcə vəsaiti silinib. İcra Hakimiyyətinin binasına müasir daş üzlüklər vurulub. Ən maraqlısı həmin daş üzlüklərin alındığı karxananın icra hakiminə məxsus olmasıdır. Yəni rayonun birinci şəxsi sahibi olduğu karxana vasitəsilə büdcənin pullarını sağa-sola dağıdır. Sabirabadda demək olar ki, hər sahədə problem mövcuddur. Rayonun səhiyyə, təhsil və mədəniyyət sistemi acınacaqlı vəziyyətdədir. İcra başçısı konkret olaraq rayona baxmır, vətəndaşları narahat edən problemlərlə maraqlanmır, onunla görüşmək istəyən şikayətçiləri qapıdan geri qaytarır.

Bir sözlə, 170 min nəfər insanın taleyinə laqeyd münasibət göstərir. Camaatı pis gündə yaşadır, amma yaxın qohumları, dostları və tanışları yüksək səviyyədə həyat sürürlər. Hər birinin altında bahalı maşınları var. Nazim İsmayılovun nəzarətində olan biznes obyektlərindən isə söz açmağa dəyməz. İcra başçısının həm Sabirabadda, həm də Bakıda o qədər obyekti var ki, bəlkə də sayını özü dəqiq bilmir. Maraqlıdır, rayon rəhbəri vəzifə maaşı ilə bu qədər var-dövləti necə yığıb?». Gələn saylarımızda bu sual ətrafında araşdırma aparıb icra hakiminin səbəb olduğu kobud qanun pozuntuları barədə söhbət açacağıq. RİH rəhbəri qeyd olunan fikirlərə münasibət bildirmək istəsə, dərc etməyə hazırıq.
\ gundelik-baku \
Geri qayıt