Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RÖVNƏQ ABDULLAYEV 15 MİN AİLƏYƏ QARŞI

RÖVNƏQ ABDULLAYEV 15 MİN AİLƏYƏ QARŞI


31-10-2013, 08:50
RÖVNƏQ ABDULLAYEV 15 MİN AİLƏYƏ QARŞI
ARDNŞ ŞEFİNDƏN SÖKÜNTÜ QƏRARI GƏLDİ

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşlarının evlərinin sənədləşdirilməsi ilə bağlı ikinci prezidentlik dönəmində fərman versə də, bu məmurların işinə yaramadığından kağız üzərində qaldı. Heç şübhəsiz bu fərmandan narazı qurumların başında Azərbaycan Dövlət Neft Şirkəti gəlir. Seçki öncəsi əhali arasında narazılıq yaratmamaq üçün ev sökmə əməliyyatına ara verən Rövnəq Abdullayevin qoçuları noyabr ayından etibarən böyük söküntü işinə başlayırlar.

AZERİNFO.ORG xəbər verir ki, bu məsələdə maraqlarına uyğun addım atmayan Xəzər və Suraxanı rayonlarını məhkəməyə verən SOCAR bütün ərazilərdə kütləvi söküntülərə başlamağı hədəfləyir. Yəni, əslində Bakı ətrafındakı özbaşına tikililərdə yaşayanları fəlakət gözləyir. Çünki hazırda hər gün Binəqədi, Suraxanı, Xəzər, Sabunçu və digər rayon məhkəmələrində “qanunsuz evlərin sökülməsinə” dair Dövlət Neft Şirkəti (ARDNŞ) iddiasına baxılır. Əsasən cavabdeh tərəfin xəbəri olmadan məhkəmə prosesləri keçirilir və sözsüz ki, şikayətçinin lehinə qərarlar çıxarılır.

Vətəndaşlara bir ay ərzində evlərini sökmək və ərazinin inşaat tullantıları ilə çirkləndirilməsinə görə 100 manat cərimə ödəmələri təklif olunur. Hazırda ARDNŞ-ın iddiasının mahiyyəti və məzmunu dəyişməyib – ev sahibin hesabına sökülməli və torpağın çirkləndirilməsinə görə cavabdeh kompensasiya da ödəməlidir.

«Dövlət Neft Şirkəti (ARDNŞ) bundan sonra da şirkətin balansında olan torpaqların üzərində tikintilərin qarşısını alacaq, bütün qanunsuz yarımçıq tikililər söküləcək, yaşayış olan evlərin isə məhkəmə qərarı ilə sökülməsinə çalışacağıq”. Bunu təxminən bir il bundan əvvəl tənqidçi jurnalistlərin iştirakı ilə təşkil olunan mətbuat konfransında ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirmişdi. E.Orucovun sözlərinə görə, ARDNŞ torpaqlarının üstündə 22 mindən artıq tikilmiş evlə bağlı məhkəmə müstəvisində çəkişmə nəzərdə tutulub: “Artıq 15 min evlə bağlı sənədlər məhkəmələrə təqdim edilib. Bir çox evin sökülməsi ilə bağlı qərarlar çıxarılıb”.

Qisacası, seçkinin təsirinin gedəcəyi, müxalifətin başının yenidən özünə qarışacağı zaman R.Abdullayev vətəndaşları kütləvi şəkildə küçəyə atmağı planlaşdırır.

Geri qayıt