Əsas Səhifə > Partiya > MİLLİ ŞURA İLƏ BAĞLI QEYRİ-MÜƏYYƏNLİK

MİLLİ ŞURA İLƏ BAĞLI QEYRİ-MÜƏYYƏNLİK


31-10-2013, 11:41
MİLLİ ŞURA İLƏ BAĞLI QEYRİ-MÜƏYYƏNLİK
“Milli Şura yaranandan bəri müxtəlif formada problemlər yaşandı. Əvvəl Rüstəm İbrahimbəyovun namizədliyi məsələsinin əngəllə üzləşməsi, daha sonra Cəmil Həsənlinin namizədliyini irəli sürülməsi kimi məsələlər o qədər sürətlə baş verdi ki, Milli Şuranın yaradılmış komissiyalarının tam fəaliyyət göstərməsi mümkün olmadı. Milli Şuranın adından qərarlar verməli olan sədr ölkədə deyildi”.

Bunu Lent.az-a açıqlamasında Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamal deyib. O bildirib ki, elə o vaxt Milli Şuranın Məşvərətçi orqanının yaradılmasını təklif etsələr də, bu baş tutmadı: “Biz o zaman bu məsələni Tiflisdəki görüşdə Rüstəm İbrahimbəyovla da müzakirə etmişdik, o da razılıq vermişdi, lakin yaradılmadı. Bundan sonra isə Milli Şura legitim idarəçilik orqanları olmadan fəaliyyət göstərdi. Güman edirəm ki, bu problemi həll etsəydik və legitim idarə orqanı yaradılsaydı, daha effektiv işlər təşkil edə bilərdik”.

V.Mirkamalın sözlərinə görə, artıq seçki arxada qalıb və indi imkan var ki, Milli Şuranın legitim orqanlarını yaradılsın: “Milli Şuranın icra aparatı idarəçi orqan deyil, Məşvərətçi orqanın və ya sədrin müəyyən göstərişlərini yerinə yetirməli orqandır. Həmçinin, icra aparatı da tam heyətlə təşkil oluna bilmədi. Milli Şuranın idarəçi orqanı yox idi deyə, icra aparatı da başsız qalmışdı. Ancaq buna baxmayaraq, Eldar Namazov xeyli iş görmüşdü”.

MŞ rəsmisi bildirib ki, qurumun strukturu dəyişdirilməli, yeni məşvərətçi orqan yaradılmalıdır: “Sədrin yanında partiya rəhbərlərindən və Milli Şuradakı nüfuzlu şəxslərdən ibarət idarə orqanı yaradılmalıdır. Bu qurum da ölkədə baş verən hadisələrə mütəmadi reaksiya verə bilər”.

Geri qayıt