Əsas Səhifə > Partiya > MİLLİ ŞURA YENİ MİTİNQ QƏRARI VERƏ BİLƏR
MİLLİ ŞURA YENİ MİTİNQ QƏRARI VERƏ BİLƏR31-10-2013, 12:04 |
Seçkidən sonra ölkədə bahalaşmaya start veriləcəyi gözlənilən idi və bəzi ekspertlər bunun anonsunu vermişdi. Hətta Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən Mərkəzi Bankın Idarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, ölkədə qiymət sabitliyinin ilin sonunna qədər qorunacağı gözlənilir. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli də mətbuata açıqlamasında gələn ilin büdcə layihəsində kommunal və kommunikasiya sektoru üzrə xərclərin artırılmasının proqnozlaşdırıldığını təsdiqləyib. O bildirib ki, bu istiqamətdə xərclərin artırılmasına səbəb vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsini təmin etməkdir. Göründüyü kimi hakimiyyət seçkidən öncəki 10 faizlik artımı seçkidən sonra əhalidən artıqlaması ilə geri almağı düşünür. Əslində xalqın səsini almamış bir hakimiyyətin, xalqdan qisas alması normaldı. Bəli, 9 oktyabrda seçicilərin böyük əksəriyyətinin bu hakimiyyətdən imtina etməsi, hakimiyyətin növbəti dəfə xalqı ağır vəziyyətə salmağa sövq edir. Ölkə əhalisinin böyük əksəriyyətinin sosial vəziyyəti olduqca ağırdır və qiymət artımı bu vəziyyəti daha da çətinləşdirəcək. Hakimiyyətə yeganə alternativ olan demokratik qüvvələrin Milli Şurası ölkədəki qiymət artımına hansı formada etiraz edəcək, bu qurum vətəndaşların həyat şəraitini pisləşdirəcək bahalaşmaya qarşı necə mübarizə aparmağı düşünür? Milli Şura üzvü Həsən Kərimov bildirdi ki, qiymət artımı hətta seçki dövründə də müşahidə edilirdi və bahalaşma davam edərsə, Milli Şura kütləvi etirazlara başlaya bilər: “Seçki dövründə Ilham Əliyev seçicilərin səsin i almaq üçün 10 faizlik artım etdi və bu artımların davam edəcəyini bildirdi. Həmin vaxtdan da müxtəlif sahələrdə artımlar müşahidə olunurdu. Uzun illərdi ki, hakimiyyət süni yollarla manatın kursunu saxlayırdı. Indi isə bunu saxlamaq mümkün deyil və qeyri-sabitliyin nəticəsində qiymətlərin daha da bahalaşacağı gözlənilir. Əgər qiymətlərin artımı yanvardan başlayaraq davam edərsə, vətəndaşları xəbərdar etmək lazımdır. Kəskin bahalaşma müşahidə edilərsə, Milli Şura bu məsələ ilə bağlı bəyanatlar verəcək və kütləvi siyasi aksiyalara başlaya bilər. Indiki şəraitdə hesab edirəm ki, Milli Şuranın fəaliyyətində sosial tələblər önə çəkilməlidir və hakimiyyətin yanlış iqtisadi siyasəti ifşa edilməlidir”. Milli Şura üzvü Gülağa Aslanlı da bahalaşmanın vətəndaşlar üçün ağır sınaq olduğunu və buna qarşı Milli Şuranın kəskin etiraz bildirəcəyini söylədi: “Hakimiyyətin bütün vədləri, cüzi maaş artımları seçkiyə hesablanmışdı və seçkidən sonra bu artımı kompensasiya edəcəkləri gözlənilirdi. Bahalaşma həm bazarda hiss olunur, həm də ekspertlər bu halın baş verəcəyini bildirirdilər. Hazırda bu artım dərmanlarda, ərzaq mallarında müşahidə olunur. Təbii ki, Milli Şura bu prosesə biganə qala bilməz. 2007-ci ildə bizim partiya qiymət artımına etiraz olaraq mitinq keçirmişdi. Düşünürəm ki, Milli Şuranın cavabı adekvat olmalıdır və kəskin bahalaşmaya qarşı kütləvi etirazlar həyata keçirilməlidir”. \ azadlıq.info \ Geri qayıt |