Əsas Səhifə > Cəmiyyət > KTN-DƏ YUBANAN "TƏMİZLƏMƏ ƏMƏLİYYATI"
KTN-DƏ YUBANAN "TƏMİZLƏMƏ ƏMƏLİYYATI"31-10-2013, 12:16 |
Prezident seçkilərindən sonra formalaşdırılan yeni hökumət kabinetində 3 yeni nazir var. Həmin nazirlərdən isə sadəcə iki hələlik rəhbərlik etməyə başladıqları nazirlikdə köklü kadr islahatlarına, başqa bir dillə desək, “təmizləmə” əməliyyatına start veriblər. Bunlar müdafiə naziri Zakir Həsənovla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Dünənə olan məlumata görə, yeni əmək və əhalinin sosial müdafiəsi naziri rəhbərlik etdiyi qurumda hələlik 3 kadr əvəzlənməsi həyata keçirib. Nazirin imzaladığı aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad edilib. Bir neçə gün əvvəl Aparat rəhbəri vəzafəsindən azad olunaraq nazirliyin iqtisadiyyat şöbəsində işlə təmin olunan Elnur Kələntərovun isə artıq ümumiyyətlə nazirlikdən uzaqlaşdırıldığı bildirilir. Düzdür, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu əmrlərdən xəbərsizdirlər. Amma artıq Elnur Camalxanov işdən çıxdığını təsqid edib. O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib: “Könüllü olaraq öz ərizəmlə işdən azad olunmuşam. Bura biznes fəaliyyətindən gəlmişdim, bizneslə də məşğul olacağam”. Müdafiə Nazirliyində (MN) isə kadr islahatları daha geniş miqyası əhatə edib. İndiyədək MN-nin şəxsi heyətlə iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik idarəsinin rəisi, general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə nazirliyin tərbiyə işləri idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək. MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək, cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. MN-nin Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev isə Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib. Bundan başqa, Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib. Yeni müdafiə nazirinin digər əmri ilə Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub. Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə general-mayor Ramiz Tahirov gətirilib. Ramiz Tahirov həm də müdafiə nazirinin yeni müavini təyin edilib. Adı çəkilən hər iki nazirlikdə qarşıdakı günlərdə yeni kadr dəyişikliklərinin olacağı gözlənilir. Amma maraqlıdır ki, yeni nazirlərdən yalnız kənd təsərrüfatı naziri Heydər Əsədov heç bir kadr islahatına ehtiyac duymayıb. Mövzu ilə bağlı qəzetimizə danışan aqrar sektora yaxın mənbə bunun müvəqqəti xarakter daşıdığını və Heydər Əsədovun nazirliyin fəaliyyəti ilə yaxıvn tanışlıqdan sonra kadr islahatlarına start verəcəyini deyib: “Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəliləri arasında həyəcan hökm sürür. Hər kəs gələcək aqibətindən dolayı narahatdır. Bu da deməyə əsas verir ki, Heydər Əsədov kənd təsərrüfatı sektorunda çoxdan gözlənilən köklü kadr islahatlarını hazırlığı içərisindədir”. Artıq adı çəkilən nazirlikdə “vurulması” gözlənilən bəzi iri vəzifə sahiblərinin adlarına dair də ehtimallar səslənir. Bunlardan biri nazir müavini Aslan Aslanovdur. Onun qudası, keçmiş müdafiə naziri Səfər Əbiyevin də “vurulması” və son günlər özü haqqında artan tənqid yazılar Heydər Əsədovun Aslan Aslanovu öz komandasında görmək istəməməsinin işarəsi sayılır. Nazirliyin tərkibindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ictimai rəydə hədsiz korrupsiyalaşmış qurum obrazının yaranması və bunda səhmdar cəmiyyət sədri Əli Bayramovun “misilsiz xidmətlərinin” olması yeni kənd təsərrüfatı nazirinin “Aqrolizinq”in indiki rəhbərini də işdən kənarlaşdırıcağı qənaətini qətiləşdirir. Bundan başqa, nazirliyin İqtisadiyyat və maliiyə maliyyə şöbəsinin müdir Rafiq Məcidovun, İnvestisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Rəşid Abbasovun, heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun, ərzaq məhsullarının keyfiyyəti. standartlar və lisenziya şöbəsinin müdiri Xəlil Ələkbərovun da görəvlərindən kənarlaşdırılacağına dair söz söhbətlər dolaşır. Nazirin daha iki müavininin - Bəhram Əliyevlə İlham Quliyevin də postlarında saxlanılıb-saxlanılmayacağı dəqiq bilinmir. Bəzi iddialara görə, Heydər Əsədov nazirlikdəki bir çox yüuksək vəzifələrə nazir təyin edilənədək rəhbərlik etdiyi Hesablama Palatasından tanıdığı yüksək səviyyəli kadrları gətirə bilər. Bir sözlə, İsmət Abbasovun keçmiş nazirliyində narahatlıq və qeyri-müəyyənlik davam edir. Xüsusilə sabiq nazirlə daha yaxın münasibətdə olanlar narahatdırlar. Çünki Əsədovun nazirlikdə “təmizləmə əməliyyatı”na məhz belə post sahiblərindən başlayacağı daha ağlabatan görünür. Geri qayıt |