Əsas Səhifə > Sosial, Manşet > «ELŞAD ABDULLAYEV DÖVLƏTİMİZƏ QALİB GƏLİB?»

«ELŞAD ABDULLAYEV DÖVLƏTİMİZƏ QALİB GƏLİB?»


31-10-2013, 12:32
«ELŞAD ABDULLAYEV DÖVLƏTİMİZƏ QALİB GƏLİB?»
HAQQI TAPDANAN VALİDEYNLƏR KEÇMİŞ REKTORA QARŞI OD PÜSKÜRDÜLƏR

DİA.AZ: - Məlum olduğu kimi, hazırda Fransada mühacir həyatı yaşayan və Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən orqan alveri ittihamı ilə beynəlxalq axtarışa verilən keçmiş ABU rektoru Elşad Abdullayev Gülər Əhmədovanın məhkəməsində ifadə verməsi üçün şərtlərini açıqlayıb. Bu isə müəyyən dairələrdə qıcıqla qarşılanıb. DİA.AZ-a bir qrup valideyn adından ünvanlanan müraciətin müəllifləri də Elşad Abdullayevin bu tərzdə reaksiyasını əsəbi qarşıladıqlarını gizlətmirlər.

Müraciətdə deyilir: «Biz illər ərzində Elşad Abdullayevin saxta təhsil ocağında övladlarımızın savad sahibi olacağına ümid edərək ailəmizin dolanışığından kəsdiyimiz pulları təhsil haqqı kimi ödəmişik. Bu gün təxminən 5 minə yaxın ABU-da təhsil almış keçmiş tələbə var ki, onlar nə diploma ala bilirlər, nə də haqqlarını bərpa edə bilirlər.

Bunun səbəbkarı isə Elşad Abdullayevdir. Bizdən oğurladığı pulları özü də etiraf edir ki, sağa-sola xərcləyib. Kiminə 1 milyon verib, kiminə 3 milyon. Həmin pulların oğurluq olması barəsində isə kimsə danışmır, danışmaq istəmir. Bunlar bir yana, etiraf edirik i, hər semestr imtahanları zamanı da Elşad Abdullayevin müəllimlərinə nə qədər rüşvət vermişik.

Amma buna baxmayaraq, Elşad Abdullayev bu gün Azərbaycan dövlətindən güclü görünür. Dövlətə meydan oxuyur. Dövlətimiz onu axtarışa versə də, Avropa ölkələrini asanlıqla gəzir. Biz sadə vətəndaşlarıq. Və bizdə elə bir güman yaranır ki, Elşad Abdullayev dövlətimizdən güclüdür. Əgər bu qulduru Azərbaycan dövləti yaxalayıb gətirə bilmirsə, bunlar bir yana, Elşad Abdullayev hətta dövlət qarşısında şərtlər qoyursa (halbuki bu, onun hüquqi borcudur, vətəndaşlıq borcudur), deməli, bu gün Elşad Abdullayev Azərbaycan dövləti üzərində qələbə qazanıb».

Daha sonra valideynlər bildirir ki, onlar Elşad Abdullayevin belə rahatlıqla dövlətə meydan oxumasını əsəbiləşmədən seyr edə bilmirlər: «Buna sakit qala bilmirik. Yəni bir cinayətkar o qədərmi güclüdür? Nədən Azərbaycan dövləti onunla bağlı əlində olan diləlləri bu gün Elşad Abdullayevin yaşadığı Fransa dövlətinin rəhbərliyinə təqdim edib, bu adamı həbs etmir? Bu hadisə baş vermədiyindən bizdə elə bir təəssürat yaranır ki, elə Elşad Abdullayevi hakimiyyətin bir qolu himayə edir, onların müdafiəsi altındadır. Əgər belədirsə, bu, lap pisdir. Və dövlətimiz adına olan biabırçılıqdır».

Geri qayıt