Əsas Səhifə > Sosial, Manşet > SƏFƏR ƏBİYEVİN ADAMLARINDAN BİRİ HƏBS OLUNA BİLƏR

SƏFƏR ƏBİYEVİN ADAMLARINDAN BİRİ HƏBS OLUNA BİLƏR


1-11-2013, 10:32
SƏFƏR ƏBİYEVİN ADAMLARINDAN BİRİ HƏBS OLUNA BİLƏR
HAKİMİYYƏT KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN YENİ SEZONUNU AÇIR

DİA.AZ: - «Yeni səs-küylü korrupsiya həbsləri gözlənilir». Bu məlumatı DİA.AZ-a ötürən mötəbər mənbə iddia edir ki, artıq prezident seçkilərini və seçkilərdən sonrakı prosesləri uğurla başa vuran rəsmi Bakı iç təmizləmələr yolunda ciddi tədarük içindədir.

Məlumatlı mənbə bildirir ki, yaxın günlərdə böyük rezonansla müşaiyət olunacaq həbslər gözlənilir: «Çox ciddi fiqurlar və hətta nazirliklərdən birinin yüksək ranqlı əməkdaşları belə həbs oluna bilər. Burada başlıca məqsəd əgər bir yandan korrupsiyaya qarşı mübarizədirsə, digər yandan da rəsmi Bakının antikorrupsiya siyasətinə sədaqətinin təzahürünə hesablanıb».

Xatırladaq ki, korrupsiyaya qarşı tədbirlərin ilk günlərindən belə bir iddia irəli sürüldü ki, əslində bütün bunlar mövsümi xarakter dayışır və hakimiyyət korrupsiya ilə mübarizə aparmır, mübarizənin imitasiyası ilə məşğuldur. İddialarda o da bildirilirdi ki, kampaniya xarakterli olan bu dönəmin ömrü qısa olacaq. Doğrudur, həmin ərəfədə müxalif cinahdan gələn bu ittihamlara cavab verən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov korrupsiya ilə mübarizənin bir siyasət olduğunu söylədi.

Sonradan prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə bağlı 3 illik fəaliyyət proqramını təsdiqləməsi də sanki ittihamların qarşılığı olaraq atılan addım kimi diqqətə gəldi. Doğrudur, hələ də bu günə kimi hansısa yüksək çinli məmura qarşı hər hansı ittiham irəli sürülməsə də, antikorrupsiya dalğasının nəhayətdə «yuxarılara» doğru irəliləcəyi indilərdə anons edilməkdədir.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə bildirir ki, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin «ən çox korrupsiyalaşmış dövlət qurumları» ilə bağlı açıqladığı siyahı da böyük rezonansa yaratmışdı: «Təbii ki, elə bu siyahı ilə hərəkət edərək, kimlərin hədəfə çevrilə biləcəyini təxmin etmək çox asandır».

Mənbəmiz bildirir ki, 22 oktyabr tarixində vəzifələrindən azad edilən 3 köhnə nazirin keçmiş silahdaşları da yeni antikorrupsiya dalğasının hədəfi olacaq: «Təbii ki, bu gözləniləndir. Onsuz da yeni nazirlər köhnə komandanı dəyişdirməklə məşğuldurlar. Və elə hallar olacaq ki, köhnə nazirlərdən qalma kadrlar təkcə vəzifələrini itirməyəcəklər, həm də ittiham hədəfinə çevriləcəklər».

Bu prosesin yaxın günlərdə start götürəcəyini bildirən mötəbər mənbə onu da əlavə etdi ki, konkret olaraq Müdafiə Nazirliyinin ciddi mövqe tutan bir kadrına qarşı korrupsiya ittihamının irəli sürülməsi gözlənilir: «Bu barədə olan faktlar araşdırılır. Əgər «yuxarılardan» müsbət reaksiya verilərsə, yüksək rütbəli bir şəxsin qollarının qandallandığını görə biləcəyik».

Geri qayıt