Əsas Səhifə > Şou-biznes > ADAM "BOZBAŞ"A MİNNƏTDARDIR

ADAM "BOZBAŞ"A MİNNƏTDARDIR


1-11-2013, 11:03
ADAM "BOZBAŞ"A MİNNƏTDARDIR
Aktyor Nicat Rəhimovun Milli.Az-a müsahibəsi:

1986-cı ildə aprelin 17-si Bakıda anadan olmuşam. Uşaqlıqdan zarafatcıl, deyib-gülən olmuşam. Amma çox söyüşkən uşaq olmuşam, dərslərimi elə oxumamışam, ancaq güldürmək, çoxlu zarafatlar etmişəm (gülür). Özümdən qeyri-ixtiyari sözlər deyib, müəllimlərimi güldürürdüm. Gözlərindən yaş gələnə qədər gülürdülər. Yəni bu bacarıq məndə uşaqlıqdandır.

- Çətin uşaqlıq illəriniz olub, maddi sıxıntılar yaşamısız?

- Bəli, kasıb bir ailənin övladı olmuşam. Çətin günlərimiz çox olub, o günləri unutmayacam. Atam musiqiçi olub, amma qazanc əldə etmək üçün davam eltdirməyib, kiçik bizneslə məşğul olub, anam müəllimə olub. Bir bacım da var, atam rəhmətə gedəndən sonra hər şey daha da dəyişdi, o illəri heç xatırlamaq istəmirəm. Atam üçün çox darıxıram, amma çalışıram, bunu ailəm üzülməsin deyə büruzə verməyim. Evdə anamı, bacımı öz zarafatlarımla güldürürəm ki, atamın boşluğu onları daha da üzməsin.

- Nə zamansa düşünürdüz, bu gün Nicat Rəhimov tanınmış bir aktyor olacaq?

- Çox böyük həvəsim var idi aktyor olmağa, gözümü açandan dayım, ölməz sənətkar Yaşar Nurini görmüşəm. Bir gün onlara qonaq gedəndə Yaşar Nuri ilə söhbət edirdik, birdən mən bir zarafat elədim, onu o qədər güldürdüm ki, o göz yaşlarını silirdi, tam səmimi deyirəm və o zarafatdan sonra mənim həyatım dəyişdi. O mənə dedi ki, sən aktyor olmalısan, səndə fitri istedad var. O, mənə İncəsənət Gimnaziyasına imtahan verməyi məsləhət gördü. Mən də ora imtahan verdim və aktyorluq sənəti fakültəsinə qəbul oldum. Daha sonra təhsilimi İncəsənət Universitetində davam etdirdim, musiqili aktyorluq fakültəsinə qəbul oldum.

- İlk oynadığınız obraz hansı olub?

- İncəsənətdə oxuduğum ilk kursda həvəsli idim, çox istəyirdim hansısa kinoya, seriala, verilişə çəkilim. O vaxtlar seriallar yox idi, hamının marağı “Planet parni iz Baku” KVN teatrına idi, mənim də orada olmaq arzum var idi. Elə oldu ki, universitetə gəlib oradan istedadlı uşaqlar seçirdilər. “Planet parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanov baxırdı uşaqlara və seçirdi. 40-50 tələbədən 2 nəfər seçildi, biri mən oldum. Çox sevinirdim, elə oldu ki, 3 il işlədim KVN-də, amma yenə də mənə imkan vermədilər ki, mən orada öz bacarığımi tam göstərim. Sonra mən müəyyən səbəblərə görə oradan ayrıldım, daha sonra müəyyən verilişlərdə iştirak etdim, yenə də özümü tam göstərməyə imkan yaranmırdı.

- Bildiyimizə görə, həm də müğənnisiz?

- Vokal dərsləri keçdiyimə görə bəli, qohumum Rüfət Axundov ilə toylara gedirdim. Amma indi oxumuram, toylara yalnız aparıcı kimi gedirəm. Kimlər istəsə, məmnuniyyətlə toylarında aparıcı kimi iştirak edərəm.

- Toylarda oxumaq qazanc əldə etmək üçündür, yoxsa necə?

- Bəli, o vaxtlar çətin günlərdən çıxmaq üçün məcbur getməli idim, demirəm ki, güclü pul qazanırdım, amma yenə də ailəmə baxırdım.

- Necə oldu ki, "Bozbaş Pictures"ə qatıldınız?

- 2011-ci ildə həyatım dəyişdi deyim. İndiki yaxın dostlarım İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov və Azər Baxşəliyev, hamının çox sevdiyi ”Bozbaş Pictures” komandası, məni dəvət etdilər, mən orada özümü doğrudan da tam istədiyim kimi göstərə bildim və yavaş-yavaş məni tanıdılar. Mən onlara ömrüm boyu minnətdar olacam, çünki məni üzə çıxartdılar, bu mənim üçün böyük işdir. Daha sonra, bilirsiz ki, mən ATV kanalında yayımlanan “Bacanaqlar” serialında da rol alıram. “Bacanaqlar” serialının rəhbəri, yaxın dostum, istedadlı aktyor Elməddin Cəfərov da sağ olsun məni seriala dəvət etdi. Artıq bir ildən çoxdur ki, mən orada İsmayıl obrazını canlandırıram. Bu obraz da məni tamaşaçılara daha da tanıtdırdı.

- “Bozbaş Pictures”də, sizcə, ən çox hansı obraz sevilir?

- Hər bir obraz özünə görə sevilir, yəni hansı biri olmasa, “Bozbaş Pictures”də elə bil nəsə çatmaz. Mənim obrazım “Şirin”dir. Tamaşaçılar bəyənir, sevirlər. Şəhərdə, hansısa məclisdə olanda mənə Şirin deyə müraciət edənlər də olur.

- “Bozbaş Pictures” komandası olaraq aranızda mübahisələr yaşanır?

- Baxmayaraq ki, biz çox mehriban komandayıq, amma bizdə də mübahisələr olur. Kimsə çəkilişə gecikəndə və ya nəyisə düz etməyəndə narazılıq olur.

- Ən çox kimin sözü keçir?

- Ən çox İlkin Həsəninin sözü keçır. O yönləndirir hər şeyi.

- “Bacanaqlar” serialı, yoxsa “Bozbaş Pictures” - hansında oynadığınız obraz sizə daha çox yaxındır?

- Mənə yaxın obraz “Bozbaş Pictures”də oynadığım “Şirin” obrazıdır. ”İsmayıl” obrazı da yaxındır, ən azından ikisini də tamaşaçılar çox bəyənirlər.

- Keçən dəfə açıqladız ki, evlilik haqda düşünmürsüz, amma əldə etdiyimiz məlumatlara görə, uzun müddət sevdiyiniz bir xanım olub?

- Bəli, olub, universitet illərində olub və bitib. Artıq o xanım ailəlidir və övladı var.

- Nicat necə xanımları bəyənir?

- Mənim ailə qurmaq üçün seçəcəyim xanım, ilk öncə məni başa düşməlidir, mənim sənətimi qəbul etməlidir. Səmimi, övladlarıma layiqli ANA ola biləcək bir xanım istərdim.

Geri qayıt