Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏRİN DÖYÜŞÜ KADR İSLAHATINA SƏBƏB OLDU

NAZİRLƏRİN DÖYÜŞÜ KADR İSLAHATINA SƏBƏB OLDU


26-01-2012, 12:47
NAZİRLƏRİN DÖYÜŞÜ KADR İSLAHATINA SƏBƏB OLDU

FHN ŞEFİ İSMƏT ABBASOVUN ADINI «QARA SİYAHIYA» SALA BİLİB

DİA.AZ: - 2008-ci ilin prezident seçkiləri zamanı hakimiyyətin oyuncaq namizədlərinin «müxalifliklərini» sübuta yetirə bilmələri üçün bir hədəf rolunu oynayan Kənd Təsərrüfatı Naziri İsmət Abbasov həmin ərəfədə «kəfəni yırtsa da», bu dəfə deyəsən, əməlli-başlı problemlə üzləşib. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan informasiyada bildirilir ki, KTN şefinin görəvdən alınması ilə bağlı ciddi hərəkətlənmə var və hətta bu barədə hakim düşərgədə hər kəs məlumatlıdır.

Mötəbər qaynağın «Dünya» İnformasiya Agentliyi redaksiyasına söylədikləri: «İsmət Abbasov məmurlar içində heç bir zaman böyük nüfuz sahibi olmayıb və o, hər zaman kənardan yönəldilib. Doğrudur, KTN şefi bu illər ərzində kifayət qədər ciddi görükən pullar qazanıb. Məsələn, qeyri-rəsmi bilgilərdə göstərilir ki, əmlakları qarışıq nazirin hazırki dövrə olan varidatı 1 milyard manatın üzərindədir. Bu isə çox cidd rəqəmdir».

Mənbəmiz bildirir ki, amma buna rəğmən İsmət Abbasov hər zaman böyük güclər üçün hədəf olub: «O heç bir iqtidariçi qruplaşmada olmaması səbəbindən hər zaman da problemlər yaşayıb. Və əgər bu günə qədər prezident ona etimad göstərməsəydi, İsmət Abbasov çoxdan vəzifəsindən çıxmışdı. Konkret olaraq 2008-ci ildə belə bir şərait yetişdirildi. Lakin həmin dövrün digər hədəfi olan iqtisadi inkişaf naziri Heydər Babayev «vurulsa» da, İsmət Abbasov daha bir neçə müddətlik vəzifə başında saxlanıldı».

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, İsmət Abbasovu bu günə qədər qoruyub saxlayan əsas fiqurlardan biri də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir: «Amma Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov onu sıradan çıxarmaq istəyənlərin önündə gəlir. Bunun isə konkret səbəbləri var. İsmət Abbasov çox mühüm məqamlarda Kəmaləddin Heydərovun maraqlarına qarşı gedib. Söhbət KTN-nin də qatıldığı iri bir projedə FHN şefinə qarşı İsmət Abbasovun açıq hərəkətdə bulunmasından gedir».

Mənbəmizə görə, zaman-zaman KTN-də rəhbər dəyişikliyi uğrunda mübarizə aparan Kəmaləddin Heydərov artıq istədiklərinə nail olma ərəfəsindədir: «Bu heç də o demək deyil ki, İsmət Abbasovun yerinə Kəmalədin Heydərovun adamı gətiriləcək. Əsla. Tamam fərqli bir namizədi bu posta hazırlayırlar. Amma bu halın özü belə FHN şefinn ürəyincədir». Mənbəmiz onu da vurğuladı ki, artıq elə bir mərhələ yetişib ki, hətta PA rəhbəri də İsmət Abbasovu qoruya bilmir.


Geri qayıt