Əsas Səhifə > Partiya > “O, PREZİDENT KİMİ BU İSLAHATLARI APARSA”...
“O, PREZİDENT KİMİ BU İSLAHATLARI APARSA”...26-01-2012, 12:55 |
PARTİYA SƏDRİNDƏN PREZİDENTƏ MƏSLƏHƏTLƏR BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev «Bizim Yol» qəzetinə müsahibəsində Fransa Senatının qəbul etdiyi məlum qərarın Türkiyə-Azərbaycan münasibətlərinə təsiri, rəsmi Bakının hazırki mövqeyi, habelə ölkədə demokratik islahatların aparılması, siyasi institutların inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Müsahibədə Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək geniş təhlil olunub və millət vəkili maraqlı faktlar səsləndirib. Müsahibəni təqdim edirik. - Qüdrət bəy, əgər Fransanın Konstitusiya Məhkəməsi və prezident Sarkozi Senatın qərarını hələ təsdiqləməyibsə, Azərbaycan məsələyə emosional yanaşmırmı? - Əslində Azərbaycan ictimaiyyəti emosional yanaşır, partiyalar, QHT-lər və mətbuat. Amma hökumət hələ soyuqqanlı davranır və bu davranışın da əsasları var. - Əsaslar nədən ibarətdir? - Birinci, Fransa Avropa Birliyinin siyasətini müəyyənləşdirən iki dövlətdən biridir və birincisidir. Azərbaycanın Fransa ilə münasibətlərinin korlanması həm də Avropa Birliyi ilə təmaslara təsir edərdi. İkinci, qənaətimə görə, hökumətdə əminlik yoxdur ki, Fransa vəmüəyyən mənada Avropa Birliyi ilə münasibətlərin pozulacağı təqdirdə bunu Türkiyə kompensasiya edə bilər. - Belə bir fikri nəyə əsasən deyirsiniz? - Bu fikrin formalaşmasında birinci Qarabağ savaşında Türkiyənin davranışları rol oynayıb. Bilirsiniz ki, bu gün Türkiyə dedikdə, Osmanlı İmperatorluğu, Nuru Paşa tərəfindən Bakının azad olunması xatırlanır. Ancaq görmüsünüzmü ki, Azərbaycan xalqı Qarabağ savaşında verdiyi dəstəyə görə Türkiyənin adını çəksin? Düzdür, Etibar Məmmədovun vasitəsilə istifadə müddəti bitən silahlar vermişdilər, başqa dəstək də olmuşdu, amma bu, yetərli deyildi. Mən Ankaranın Azərbaycana o zamanlar verdiyi dəstəyi Ermənistana verilən ərzaq dəstəyilə müqayisədə cüzi hesab edirəm. - Türkiyə Ermənistana ərzaq dəstəyimi verib? - Bəli, 1992-ci ildə Ermənistanda taxıl tükənəndə məhz Türkiyə onları təmin etdi. Məhz Türkiyənin o zamankı xarici işlər naziri Hikmət Çətin Kanal D-yə müsahibəsində bu barədə danışıb. Jurnalist səbəbləri soruşanda Hikmət Çətin bildirib ki, ona prezident Dəmirəl tapşırıq verəndən sonra Azərbaycan prezidenti Elçibəylə əlaqə saxlayıb. Elçibəy ona deyib ki, bu, bir insanlıq məsələsi olduğu üçün etiraz etmirlər. Elçibəy dünyasını dəyişdiyindən, indi heç kim belə razılıq alınıb-alınmadığını sübut edə bilməz. Söhbət ilkin olaraq 5 min ton taxıldan gedirdi, yəni Avropa Birliyi təmin edənə qədər Türkiyə Ermənistanı vəziyyətdən çıxırdı. Daha bir acı nümunə də Elçibəy Kələkidə olarkən onunla söhbətdə mənə məlum oldu. Bəy bir dəfə yox, dəfələrlə çox böyük ürəkağrısı ilə deyirdi ki, Kəlbəcərə işğal təhlükəsi yarananda onlar Xocalı hadisələrindən çox qorxduqları üçün analoji faciənin təkrarlanmasını istəmirdilər. Buna görə azı iki dəfə Dəmirəllə telefon əlaqəsi saxlayıb, birinci dəfə mülki helikopter istəyib ki,dinc əhalini çıxartsın. O, imtina edib və bunun Türkiyənin münaqişəyə qatılması kimi anlaşılacağı ilə izah edib. Halbuki, prezident humanitar məqsəd üçün mülki helikopter istəmişdi. Vəziyyətin gərginləşdiyini görəndə, bir daha zəng edib deyib ki, durum çox ağırdır, kömək etməlisiniz, istəyirsinizsə satın, ya da elə-belə verin. Ancaq Dəmirəl yenə qəti imtina edib... - Bunlar dünən olub. Bəs bu gün Azərbaycan strateji müttəfiq olaraq Türkiyə ilə necə davranmalıdır? - Düşünürəm ki, Azərbaycan prezidenti Türkiyənin baş naziri və prezidenti ilə müzakirələr aparmalıdır. Türkiyədən ciddi təminatlar almalıdır, yəni Azərbaycanla Fransanın münasibətləri pozulacağı təqdirdə, Paris Dağlıq Qarabağın müstəqilliyin tanıyarsa və atəşkəs pozularsa, Ankara necə davranacaq, bir sözlə bu itkini necə kompensasiya edəcək? Əgər Türkiyə ciddi təminatlar verərsə, rəsmi Bakı Ankara ilə birgə Parisə qarşı sanksiyalara qoşulmalıdır. Konkret olaraq, Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması yönündə addımlar atmalıdır. - Dediyiniz konkret addımlar bu gün atılmalıdır? - Hesab edirəm ki, Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını rəsmi Bakı artıq gündəmə gətirməlidir. - Ancaq Soçi görüşünün nəticəsi olaraq yayılan bəyanatda həm də rəsmi Bakının Fransanın həmsədrliyindən razılığı ifadə olunmuşdu. - Dəfələrlə prezident və rəsmilər Minsk Qrupunun fəaliyyətindən narazılıqlarını dilə gətiriblər. Hesab etmirəm ki, Soçi bəyanatı Azərbaycanın bundan sonrakı addımlarının qarşısını ala bilər. Bu növbətçi bəyanatlardandır, hər bir görüşdən sonra bu tipli bəyanatlar verilir. Məni bu məsələdə başqa bir məqam narahat edir: bilirsiniz, Türkiyə Fransaya qarşı hansısa sanksiyaları tətbiq edəcəyi ilə bağlı çıxış etsə də, Ermənistana qarşı bu istiqamətdə bir açıqlama vermədi. Bəlkə də belə bir açıqlamanın təsiri daha böyük olardı. - Amma Türkiyədə qeyri-qanuni 100 min erməni əmək miqrantının çıxarılması barədə fikirlər səsləndi... - Xeyr, elə deyil. Mən neçə gündür Ərdoğanın çıxışlarını dinləyirəm, bu dediyiniz yoxdur. Əslində ilk gündən Ermənistana bu təzyiqlər olmalıydı ki, rəsmi İrəvan Parisə “sən bunu mənə görə edirsənsə, etmə” bəyanatını versin. Hamımız bilirik ki, Ermənistanın ayaq üstə dayanmasında Ankaranın çox böyük payı var. Bizi bəzən bu məsələni gündəmə gətirməyimizə görə qınayırlar da. Ancaq heç kim ötən ay Türkiyə-Ermənistan iş adamlarının İrəvanda toplantısını “xatırlamır”. Toplantıda Türkiyə İş Adamları Birliyinin rəhbəri gizlətmədən dedi ki, ticarət dövriyyəmiz ötən il üçün 300 milyon dollara çatıb. İrəvandan İstanbula hər gün təyyarə uçur və ermənilər çox sərbəst qardaş ölkəyə gedirlər. Bəzən onların qalma müddəti başa çatsa da, hökumət onları deportasiya etmir. Hətta baş nazir Ərdoğan bu faktı fəxrlə Avropa Şurasının tribunasında səsləndirdi. - Türkiyəyə qarşı Avropadan bu səviyyədə hücumun alt qatları varmı? - Türkiyə iki məsələdə beynəlxalq aləmdə ciddi qıcıq doğurub, həm İsrailə münasibətdə, həm də xarici işlər naziri Əhməd Davudoğlunun “yeni Osmanlı” siyasətində. Dünyada ona görə narahatçılıq yarandı ki, türklər vaxtilə ən uzunömürlü imperiya qurub və hamı türklərin potensialına bələddir. Eyni zamanda Ərdoğanın iddialı çıxışları həm ABŞ-da, həm də Avropada ciddi qıcıq doğururdu. Fikir verin, Böyük Britaniyanın baş naziri və Fransa prezidentinin Liviya səfərindən bir gün sonra Ərdoğan bu ölkəyə gedir. Bu, prosesdə gizlədilməyən rəqabətin olduğunu göstərir. Ona görə düşünmürəm ki, Senatın qərarı seçki öncəsi addımdır, baxmayaraq ki, Türkiyə siyasətçiləri, hətta «Euronyus» kanalı da diqqəti bu məqama yönəldirlər. Bu baxımdan Türkiyə hədəfə götürülməsinin təməlində daha qlobal siyasətin dayandığını deməliydi. Baxın, İsrail soyqırımla bağlı qanunu qəbul etmədi, amma yəhudi diasporu Türkiyəyə qarşı güclü işə başlayıb. Bu, özünü Avropada göstərir. Bütün hallarda Türkiyəyə qarşı zərbələr AKP-nin yürütdüyü xarici siyasətlə bağlıdır. Düzdür, qardaş ölkə“Böyük 20-liyin”, NATO-nun üzvüdür, amma bunlar aktiv xarici siyasət aparmaq üçün yetərli deyildir. Yəni Ankara iqtisadiyyatını gücləndirməli, ancaq xarici siyasətdə ehtiyatlı olmalıydı. - Qayıdaq Fransanın həmsədrliyindən imtina məsələsinin gündəmə gətirməyimizə. Bəlkə bununla Rusiyanın bölgədə imkanları genişlənir? - Fransa həmsədr olanda məsələ belə qoyulmuşdu ki, bu ölkə Avropa Birliyinin təmsilçisi rolunda çıxış edəcək. Bu təmsilçilik dəyişdirilməlidir və artıq məsələ belə qoyulmalıdır: ABŞ, Rusiya və Avropa Birliyi. Avropa Birliyini Minsk Qrupunda kimin təmsil edəcəyinə gəlincə, birlikdə həmsədrlər dəyişdiyi halda birliyin prezidenti bir nəfəri təyin edəcək. Azərbaycan rəhbərliyinin hələ bu məsələdə ciddi addımlar atmamasının səbəblərini açıqladım, yəni rəsmi Bakı bu itkinin Türkiyə tərəfindən yerinin doldurulacağına inanmır. Hakimiyyət hesab edir ki, belə bir addım atsa, özünü çətin duruma sala bilər. Onsuz da durumumuz çətindir, bir tərəfdən İran kifayət qədər aqressivləşib. Hazırda Tehran Azərbaycana müdaxilə üçün zəmin hazırlayır. Fikir verirsinizsə, İran münasibətləri məqsədyönlü şəkildə gərginləşdirir. Və Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun İrana səfərinin nəticə verməməsi də bununla bağlı olub. İran münasibətləri qəsdən gərginləşdirir, məsələn, əhali arasında Azərbaycanda islama qarşı təhlükənin olması fikrini yaradır, bununla hərbi müdaxilə edib qaz-neft kəmərlərini sıradan çıxartmaq niyyətini güdür. Bunu o zaman Xamneyi də demişdi. Məqsəd odur ki, İrana hərbi müdaxilə olsa, iqtisadi baxımdan Avropa Birliyinə zərər vurmaq üçün Azərbaycan hədəfə alına bilər. - Türkiyə, İran, Rusiya ilə münasibətlər yaxşı deyil, ABŞ-ın da tələbləri məlumdur. Geopöolitik baxımdan çətin durumda olan Azərbaycan hansı addımlar atmalıdır? - Çıxış yolu odur ki, daxili resurslara güvənib demokratik, sivil ölkə qurmalı və beynəlxalq birliyin rəğbətini qazanmalıyıq. Azərbaycan ABŞ-la ciddi iş aparmalıdır. Mən əminəm ki, Fransa Senatı bəlkə də məlum qanunu ABŞ-ın tövsiyəsi ilə qəbul edib. Görünən budur ki, Sarkozi bir çox təlimatları ABŞ-dan alır. - Siz Fransanın daxili siyasətinin rolunu qəbul etmirsiniz? - Bu, çox az təsir edib. Əgər Sarkozi bilsəydi ki, qanunun qəbulu Amerika tərəfindən çox pis qarşılanacaq, razılaşmazdı. O cümlədən, daxildən verilən dəstəyin müqabilində Amerikanın verəcəyi dəstəkdən məhrum olacağını göz önünə gətirsəydi, bu addımı atmazdı. Çünki ABŞ-ın dəstəyi daxildəki 600 minlik erməni seçicisinin dəstəyindən çox önəmlidir. Azərbaycan ABŞ-la münasibətlərdə qıcıq doğura biləcək addımlardan çəkinməyə çalışmalıdır. ABŞ-ın Azərbaycandan istədikləri var, məsələn, demokratiyanın genişləndirilməsi, siyasi məhbusların azad olunması. - Buna getməyə hökumətdə siyasi iradə görürsünüzmü? - Hökumətin içərisində kifayət qədər ağıllı insanlar var. Onlar da anlayır ki, Azərbaycan proseslərdən geri qalmamalıdır, ən azı Rusiya ilə paralel olaraq müəyyən islahatları aparmalıdır. Artıq Rusiyanın özündə demokratikləşmə prosesi başlayıb. Rusiyanın demokratikləşməsi genişlənərsə, istər-istəməz Azərbaycana öz təsirini göstərəcək. - İslahatların vacibliyini vurğuladınız, prezident İlham Əliyev 10 ilə yaxındır hakimiyyətdədir, hansı islahatları qeyd etmək olar? - Hesab edirəm ki, islahatların aparılması üçün artıq iqtisadi baza yaradılıb. İlham Əliyevin bir fikrini xatırlatmaq istəyirəm, bunu vaxtilə siyasətşünaslar da deyiblər: “Kasıb ölkədə demokratiya qurmaq çətindir”. Azərbaycanın neft müqavilələri ölkəyə kifayət qədər gəlir gətirir, nə qədər təzyiqlər də olsa üçüncü sektor və imkanları məhdud olsa da partiyalar formalaşıb. Bu gün partiyalar 20 il əvvəlki müqayisədə bir-birinə münasibətdə daha dözümlü və əməkdaşlığa daha meyllidirlər. Partiyalar ölkənin demokratikləşməsi üçün nələrin gərək olduğunu daha yaxşı bilirlər. Etiraf edək ki, bir baza yaranıb və siyasi islahatları bunun üzərində aparmaq olar. Artıq zaman yetişib və hesab edirəm ki, bu islahatları da qansız-qadasız aparmaq gücündə olan bir lider İlham Əliyevdir. O, prezident kimi bu islahatları aparsa, Azərbaycan tarixinə adını “qızıl hərflər”lə yazacaq, həm də ölkəni qansız yeni mərhələyə keçirəcək. İndiyə qədər üç respublika olub-ADR, Azərbaycan SSR və 1991-ci ildə yaranan respublika. Hesab edirəm ki, İlham Əliyevin dördüncü respublikanı qurmaq şansı var. Xüsusilə də parlamentin rolunu genişləndirmək və hökuməti seçkilərdə qalib gəlmiş partiyanın qurması istiqamətində Konstitusiya islahatları aparmaqla bu mümkündür. Kim bunu edəcəksə, Azərbaycan tarixinə öz adını əbədi yazacaq. Bu həm də Qarabağ probleminin həllini asanlaşdıracaq. Ancaq mən o fikirdən uzağam ki, demokratiyanı genişləndirsək, qanunun aliliyini təmin edə bilsək, Qarabağı elə asanlıqla ala biləcəyik. Qarabağı müharibəsiz ala bilməyəcəyik. Ən azı Qarabağ ətrafındakı rayonları erməni işğalçılarından təmizləməliyik ki, Ermənistan konstruktiv mövqe nümayişinə məcbur olsun. Azərbaycanın hazırda Ermənistana əlavə təzyiq imkanları yoxdur. Belədirsə Ermənistanın güzəştə gedəcəyini gözləmək sadəlövhlükdür. Müharibəyə başlamaq üçün daxildə milli birliyə nail olmaq lazımdır. İkinci, qısa müddətdə peşəkar ordu yaradılmalıdır, torpaqlarımızı azad etmək üçün 60 minlik peşəkar ordu yetərlidir. Baxın, 5 min liviyalı qiyamçının görə bilmədiyi işi 30-40 nəfərlik Britaniyalı desantı edə bildi. Bu 1 peşəkar hərbçinin 100 hazırlıqsız əsgərə bərabər olduğunu göstərir. - Ancaq bəzi YAP-çılar iddia edir ki, peşəkar ordu yaradılsa, dövlət çevrilişləri tez-tez olar. - Ədalətsiz cəmiyyətlərdə dövlət çevrilişləri tez-tez olur. Hesab edirəm ki, islahatlar paralel aparılmalı, xüsusən xarici siyasətdə Türkiyə ilə ciddi işləməliyik. Təkcə “qardaş millətik” söyləmək yetərli deyil. Natiq CAVADLI Geri qayıt |