Əsas Səhifə > Üçüncü sektor > KORRUPSİYA EHTİMALI VAR
KORRUPSİYA EHTİMALI VAR26-01-2012, 13:21 |
QHT-LƏRİN ŞƏBƏKƏSİ NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT ETDİ “Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi kommunal xidmət sektorunda müasir təcrübənin tətbiqi, istehlakçılar və təchizatçılar arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına, bu sektorda korrupsiya hallarının azalması, şəffaflığın artırılmasına yardım göstərilməsidir. Layihə çərçivəsində elektrik enerjisi, təbii qaz, sudan istifadə ilə bağlı problemlərlə üzləşən vətəndaşlara Pulsuz Hüquqi Yardım Xidməti təşkil olunub. Xidmətdən istifadə etmək üçün vətəndaşlar “Qaynar xəttə” (4925726) zəng edə, yaxud [email protected] ünvanına elektron məktub yaza, yaxud www.istehlakci.az saytına daxil olaraq “Online müraciət” bölməsi vasitəsilə müraciət edə bilərlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, “Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.” “Konstitusiya” Araşdırmalar Fondu və Şəbəkəyə daxil olan telefon zəngləri, şikayət ərizələri, layihə çərçivəsində fəaliyyət göstərən Pulsuz Hüquqi Yardım Xidmətinə edilən müraciətlərə əsasən aparılan araşdırmalar göstərir ki, istehlakçıların müqavilə bağlanması sahəsində çox ciddi problemlər qalmaqdadır. Müqavilə bağlanmış istehlakçıların sayı ümumi istehlakçıların sayı ilə müqayisədə hər üç xidmət üzrə olduqca azdır. Müqavilədə vəfat etmiş, əvvəlki mənzil mülkiyyətçisinin əvəzinə kənar şəxslərin imza etdiyi və digər qanunazidd hallar mövcuddur. Tərəfimizdən bu problemin dəfələrlə qaldırılmasına və təchizatçı qurumlara müraciətlərə, aparılan müzakirələrə baxmayaraq onlar istehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması məsələsinə məsuliyyətlə yanaşmırlar. Bu isə öz növbəsində istehlakçı hüquqlarının pozulmasına, təchizatçı qurumların sui-istifadə hallarına yol verməsi ilə nəticələnir. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə yeni “Qazdan İstifadə qaydaları” təsdiqlənib. Şəbəkə tərəfindən layihə çərçivəsində təklif olunmuş əlavə və dəyişikliklərin 85,7%-i yeni “Qazdan istifadə Qaydaları”nda (gələcəkdə “Qaydalar”) öz əksini tapmış, 68,6%-i müqavilə şərtlərinə daxil edilmişdir. Əvvəlki, “Qaydalar” həcm etibarı ilə indikindən 5 dəfə az idi və reallığı əks etdirmirdi. Yeni “Qaydalar” istehlakçı hüquqlarının daha etibarlı müdafiəsinə və pozulmuş hüquqların bərpasına daha geniş imkanlar verir. Yeni “Qaydalar”ın 2.5-ci bəndində “Tərəflərin hüquq bərabərliyini təmin edən müqavilə bağlanmasının məcburiliyi” təsbit edilib. Hər üç xidmət üzrə təchizatçı qurumların İstehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində mövcud problemlərə diqqət yetirilməsi, onların aradan qaldırılmasına yardım göstərilməsi məqsədilə Konstitusiya” Araşdırmalar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi Nazirlər Kabinetinə müraciət edib. Bu barədə şəbəkədən məlumat verilib. Eyni zamanda Fond və Şəbəkə İstehlakçılarla hal-hazırda qüvvədə olan müqavilələrin bağlanması sahəsində müşahidə olunan problemlərə aydınlıq gətirilməsi üçün təchizatçı qurumlara informasiya sorğusu verib. İstehlakçılarla müqavilələrin bağlanması sahəsində problemlər bu yaxınlarda bütün maraqlı tərəflərin iştirakı ilə keçiriləcək dəyirmi masada və hazırlancaq televiziya verilişində də müzakirə ediləcək. Geri qayıt |