Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HEYDƏR ƏSƏDOVUN RƏHBƏRLİYİ ALTINDA "İÇ SAVAŞ"...

HEYDƏR ƏSƏDOVUN RƏHBƏRLİYİ ALTINDA "İÇ SAVAŞ"...


4-11-2013, 10:29
HEYDƏR ƏSƏDOVUN RƏHBƏRLİYİ ALTINDA "İÇ SAVAŞ"...
BAYTARLIQ İDARƏSİNDƏ HAKİMİYYƏT DAVASI

Ötən həftə «Bakı Şəhər Baytarlıq İdarəsinin vəzifəsi ancaq qəssablardan rüşvət toplamqdır?» adlı yazı dərc etmişdik. Bu yazı dərc olunduqdan sonra saytımızın ünvanına Bakı Şəhər Baytarlıq İdarəsində baş verənlərlə bağlı maraqlı məlumatlar daxil olmağa başladı.

PİA.AZ-a daxil olan həmin məlumatlara əsasən Kənd Təssərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdikdən sonra, Bakı Şəhər Baytarlıq İdarəsində də ciddi hərəkətlilik yaranıb. Belə ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəis müavini Adil Usubov, rəis Şahmar Abdullayevin yerinə keçmək üçün hərəkətə keçib.

Bildirilir ki, Adil Usubov uzun müddətdir ki, Bakı Şəhər Baytarlıq İdarəsində əsas sima hesab olunur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən bütün qəssabxanalar və ət dükanları Adil Usubovun nəzarəti altında çalışır. Bakıya daxil olan bütün ət məhsulları da ancaq Adil Usubovun rizası ilə satışa çıxarıla bilər. Həmçinin bazarlarda fəaliyət göstərən baytarlıq nümayəndələri Şahmar Abdullayevə deyil, Adil Usubova hesabat verirlər.

Məlumatlarda o da qeyd olunur ki, hazırda Bakı Şəhər Baytarlıq İdarəsində ikitirəlik hökm sürür. Yeni nazirin təyin olunması ilə əlaqədar olaraq Adil Usubov Şahmar Abdullayevin təqaüdə yollanılması üçün öz əlaqələrini işə salıb. Hazırda yeni nazir Heydər Əsədovun hansı qərarı verəcəyi bəlli olmasa da, bu qərar Bakı Şəhər Baytarlıq İdarəsində maraqla gözlənilir.

Qeyd edək ki, Bakı Şəhər Baytarlıq İdarəsində baş verənlərlə bağlı redaksiyamıza, xüsusilə maliyyə maxinasiyaları ilə bağlı ciddi məlumatlar daxil olub. Həmin məlumatları araşdırdıqdan sonra oxucularımızın diqqətinə cəlb edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt