Əsas Səhifə > Partiya > YAP-DA BUNA İNANMIRLAR...

YAP-DA BUNA İNANMIRLAR...


4-11-2013, 10:55
YAP-DA BUNA İNANMIRLAR...
Ötən həftə AXCP və Müsavat partiyalarının birlik məsələsi yenidən gündəmə gəldi. Artıq uzun illər bu istiqamətdə müzakirələr getsə də, fikirlər səslənsə də, hələ də nəticə yoxdur. Bəs bu dəfə məsələnin gündəmə gətirilməsinin səbəbi nədir?

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, əslində bu təklif heç də birlik istəklərindən irəli gəlmir. DİA.AZ-ın xəbərinə görə, o, milli.az-a açıqlamasında bildirib ki, məqsəd heç də təşkilatları birləşdirmək deyil. Əsas məqsəd hansısa məsələni diqqətdən yayındırmaq və ya mənsub olduğu partiyada daha çox nüfuz sahibi olmaq istəyindən irəli gəlir.

“Məlum məsələdir ki, AXCP və Müsavat heç vaxt birləşməycək. İddialar fərqlidir, yanaşmalar fərqlidir. Bu gün Müsavat İsa Qəmbərin, AXCP isə Əli Kərimlinin müəssisəsinə çevrilib. Onlar heç də rəhbərlikdən getmək fikrində deyillər. Fəaliyyətləri yalnız həmin təşkilatda öz rəhbərliklərini qoruyub saxlamaqdan ibarətdir”, - o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, vaxtaşırı belə bir təklifin irəli sürülməsi ictimaiyyətə birlik nümayiş etdirdiklərinin, eyni zamanda qarşı tərəfdən bacardıqları qədər daha çox qüvvə qoparmaqdan ibarətdir. Burada söhbət birləşməkdən deyil, birinin o birini zorla özünə birləşdirmək həvəsindən irəli gəlir.

“Belədə bu iki partiyanın birləşməsi mümkün olmayacaq. Eyni zamanda radikal müxalif cəbhəsinə iki partiyanın olması daha çox sərf edir. Özlərini cəmiyyətdə böyük bir qüvvə sahibi kimi göstərmək və yaxud hansısa bir məsələyə iki qüvvə adı ilə yanaşmaq onlara sərf edir. Əslində isə hər biri həm sosial bazasına, həm də tərəfdarların sayına görə, çox kiçikdir. Bu gün onlar artıq, sözün əsl mənasında, partiya anlamından çox uzaqlaşıblar”, - A.Mirzəzadə vurğulayıb.

Geri qayıt