Əsas Səhifə > Güney Press, Araşdırma > NƏCMƏDDİN SADIQOV SƏFƏR ƏBİYEVLƏ DƏ YOLA GETMİRDİ
NƏCMƏDDİN SADIQOV SƏFƏR ƏBİYEVLƏ DƏ YOLA GETMİRDİ4-11-2013, 11:54 |
Uzun illərdir Azərbaycan ordusunda Səfər Əbiyev-Nəcməddin Sadıqov qarşıdurması yaşanırdı. Sabiq müdafiə naziri ilə Baş Qərargah rəisi arasında münasibətlərin soyuqluğu barədə KİV mütəmadi yazır, bir çoxları isə hərbi sistemdə yığılan çoxsaylı problemləri məhz bu iki general arasındakı ixtilafa bağlayırdılar. Səfər Əbiyevin "vurulmasından" sonra Nəcməddin Sadıqovun da görəvindən alınacağı və beləliklə, Müdafiə Nazirliyinin qruplaşmalara meylli şəxslərdən tamamilə "təmizləncəyi" proqnozlaşdırılırdı. Əbiyevin postu ndan kənarlaşdırılmasının "Nəcməddin Sadıqovun qələbəsi" olaraq təqdim edilməməsi də bunun təzahürü kimi qiymətləndirilirdi. Amma proseslər tamamilə fərqli istiqamətdə cərəyan etdi. Nəcməddin Sadıqov nəinki Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırıldı, üstəlik, onunla yaxın olan bir general təqaüddən çağrılaraq vəzifəyə təyin edildi. Belə ki, Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti, ehtiyatda olan general-mayor Aleksandr Vasyakı nazirlikdə yeni vəzifəyə gətirildi. Bildirildiyinə görə, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir. Vasyak 2009-cu ilin sentyabrında S.Əbiyevin əmri ilə işdən azad edilən 30-a yaxın zabitdən biri idi. Dörd il əvvəl orduda ixtisar prosesinin MN-in mərkəzi aparatında aparılan islahatlar (NATO standartlarına keçid) çərçivəsində həyata keçirildiyi deyilirdi. O zaman bildirilirdi ki, MN Şəxsi Heyət İdarəsinin rəis əvəzi, general-leytenant Çingiz Məmmədov Hərbi Elm Mərkəzinin binasına gələrək ixtisar olunan şəxsi heyəti sıraya düzüb və onlara bildirib ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifələri ixtisara düşüb. Onların yeni ştatlara uyğun başqa vəzifələrə təyin edilməsi imkanları isə məhduddur. İxtisar olunanlara deyilib ki, hər kəs özünə ordudan kənarda başqa işlər axtara bilər. Qəribəsi odur ki, Vasyakın MN rəhbərliyinə gətirildiyi gün artıq 1-ci müavin postunu tutan Ç.Məmmədov Heydər Piriyevlə əvəzləndi və indi onun özü iş axtarmalı olacaq. Bəzi hərbi ekspertlər Vasyakı təmiz reputasiyalı, bacarıqlı general olaraq təqdim edirlər və bu təyinatda qəribəlik görmürlər. Amma ona yenidən vəzifə verilməsi həm də Nəcməddin Sadıqovun Müdafiə Nazirliyi sistemində qalması ilə bərabər, bundan sonra daha da güclənəcəyinin işarəsi kimi qəbul olunur. Ümumiyyətlə, qarşıdakı zamanlarda sabiq müdafiə naziri tərəfindən "vurulmuş", ya da kölgəyə çəkilməyə məcbur edilmiş bir çox tanınmış generalların ordu sistemində yenidən post alacağı, ön plana çıxacağı istisna edilmir. Burada məhz Nəcməddin Sadıqovun da rəyinin həlledici sayılacağına dair iddialar var. Məsələn, müdafiə nazirinin birinci müavini postuna gətirilən Heydər Piriyev zamanında Əbiyevlə arasındakı soyuq münasibətlərə görə, Naxçıvan korpusuna göndərilmiş, bir növ, paytaxtdan uzaqlaşdırılmışdı. Həmin vaxt Əbiyevin bu addımı təcrübəli, bacarıqlı və ordu sistemində olduqca yüksək nüfuz və hörmətə sahzib olan Piriyevin müdafiə naziri təyin edilə biləcəyinə dair yayılan informasiyalarla izah olunmuşdu. Bildirilirdi ki, Səfər Əbiyev həmin informasiyalardan narahat olmağa başlayıb və Heydər Piriyevin gözdən mümkün olduğu qədər uzağa göndərilməsinə qərar verib. İndi general Piriyevin yenidən Bakıya gətirilməsi və müdafiə nazirinin 1-ci müavini kimi önəmli posta təyinat alması da Səfər Əbiyevlə ixtilafda olan yüksək çinli zabitlərin yenidən Müdafiə Nazirliyində önəmli mövqelərə sahib olması planının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda prosesin bu cür gedişi belə bir ehtimalla çıxış etməyə də imkan yaradır: Nəcməddin Sadıqovun postunda saxlanılması, onunla yaxın münasibətdə və sabiq müdafiə naziri ilə ixtilafda olan generalların yenidən ordu idarəetməsində ön plana çıxmağa başlaması əslində indiyədək baş verənlərdə Səfər Əbiyevin günahkar tutulduğunu göstərir. Görünür, hesab edilib ki, ordudakı neqativliklər yalnız keçmiş müdafiə nazirindən qaynaqlanıb və məhz onun "vurulması" ilə ordu idarəçiliyində yeni, parlaq səhifənin açılacağı realdır. Belə bir təxminin nə qədər doğru olub-olmadığını isə indi demək çox tezdir. Yəqin ki, bu məsələdə bir-iki il sonra daha əminliklə fikirlər səsləndirmək mümkün olacaq. Geri qayıt |